• bazar, 01 Iyun, 14:13
  • Baku Bakı 28°C

Döyülən dövlət başçısı sindromu

31.05.25 04:49 235
Döyülən dövlət başçısı sindromu

Fransanın Makronlu illəri tarixə istehza, rəzillik, yalan, ikiüzlülük dövrü kimi düşəcək. Parisin hazırkı reallığı məhz budur: arvadı tərəfindən dünyanın gözləri önündə döyülən prezident. 

Fransa lideri Emmanuel Makronun prezident təyyarəsində həyat yoldaşı Bricitdən şillə “yeməsi” onun ictimaiyyət və KİV qarşısında ilk və güman ki, son döyülmə səhnəsi deyil. Bunadək Makron küçədə öz vətəndaşlarından qapaza da “qonaq olub”, yumurtaya da. Ancaq birinci ledinin şilləsi fransız dövlət başçısının həyatının daha bir məqamına işıq salır: əgər rəsmi səfərdə olan Makron hətta təyyarədə belə arvadı tərəfindən döyülürsə, görəsən, evdə nələr baş verir?

Qazanılmış refleks

Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalmaları son zamanlar Qərb gündəminin ən aktual mövzularından birinə çevrilib. BMT-nin apardığı araşdırmalardan doğan statistikaya görə, dünyada əri tərəfindən döyülən hər 15 qadına arvadının zorakılığına məruz qalan 8 kişi düşür. Daha bir statistikaya görə, həyat yoldaşını öldürən hər 100 kişiyə ərinin həyatına son verən 75 qadın düşür. 

Ötən bazar günü Cənubi-Şərqi Asiya dövlətlərinə turne ərzində Hanoy hava limanında təyyarədə arvadı tərəfindən fiziki təzyiqə məruz qalan Makronun güman ki, öz şiddət statistikası var və bu, sadəcə ehtimal deyil. Əgər o, prezident səfəri kimi vacib dövlət tədbirində komanda üzvlərinin və ictimaiyyətin gözləri qarşısında həyat yoldaşının təcavüzünə məruz qalırsa, görəsən, evdə nələr baş verir? Əlbəttə, ər və ya arvad tərəfindən döyülmə hallarının bir psixoloji çalarları da var. Müasir insan haqları və gender bərabərliyi prizmasından baxanda, qadının kişi tərəfindən döyülməsi ilə ərin arvad şiddətinə məruz qalması arasında bir bərabərlik işarəsi qoymaq lazım gəlir. Ancaq faktdır ki, hər iki halda şəxsiyyətin alçaldılması baş verir. Belə görünür ki, Makron üçün nə döyülmə, nə də alçalma xüsusi komplekslərə səbəb olmur. Çünki bu nə ilkdir, nə də Bricit Makronun nümayiş etdirdiyi kimi, son. Qazanılmış refleksə malikdir.

Müəllim şilləsi

Makronun təyyarədə arvadı Bricit tərəfindən şillələnməsi belə bir sualı aktuallaşdırır: onun ailə həyatında baş verənlər dövlət əhəmiyyətli qərarlar qəbul etməsinə hansı təsiri göstərir? Uğursuz, çəlimsiz və fərasətsiz adamlardan tutmuş əzazil manyaklar və qatillərədək hər bir şəxsin əməli onun uşaqlıq illərində yaşadığı komplekslərdən qaynaqlanır. Ailədə valideynləri tərəfdən şiddətə məruz qalan şəxslər yetkin həyatda əksər hallarda qeyri-adekvat davranışlarla yadda qalırlar. Makronun özəl həyatında baş verənlər onun yaşadığı komplekslərin prezidentlik fəaliyyətinə nə qədər təsir göstərdiyinin üzərindən pərdələri götürmüş olur. Bricit onun həyat yoldaşı olmaqla yanaşı, həm də keçmiş müəllimidir. Yəni Makronu arvadından qorxan kişilər kateqoriyasına salmaqla yanaşı, onun müəllimi qarşısında bir şagird stresi keçirən yeniyetmə olduğunu da unutmamalıyıq. 

Makronun həyat yoldaşının digər nikahından olan övladları az qala prezidentin özü yaşdadır. Onun ögey oğullarının yanında arvadına “gözün üstündə qaşın var” deməsi mümkündürmü? Makronun bu kimi hallarda tək arvadından deyil, oğullarından da şillə “yeməməsi”nə təminatı varmı? Yaxud ailə daxilində döyülən, hökmü olmayan, arvadından bütün dünyanın gözləri qarşısında təyyarədə şilləyə məruz qalıb sonra bunun bir “zarafat” olduğunu utanmadan malalamağa çalışan bir dövlət başçısının seçicilərini, həmkarları və tərəfdaşlarını aldatmaması mümkündürmü? 

Döyülən prezident, döyülən dövlət

Arvadı tərəfindən döyülən kişi cəmiyyətdə, işdə, başqa kişilərlə ünsiyyətdə özündən hansı səviyyədə əmin ola bilər? Bu da bir araşdırma mövzusudur. Azərbaycanda belə hallarla bağlı kifayət qədər sarkastik məzmunlu deyimlər və atalar sözləri var. Ancaq Makronun halı onunla qeyri-adidir ki, o, bir kişi olmaqla yanaşı, həm də dövlət başçısıdır. Bu reallıq ortaya düşündürən suallar çıxarır: Makronun dövlət əhəmiyyətli qərarları qəbul edərkən arvadının təsirinə, özü də fiziki təsirinə məruz qalma ehtimalı nə qədər böyükdür? Bricit dövlət idarəçiliyinə təsir edirmi? Edirsə, fiziki gücdən yararlanırmı? 
Makronun bir prezident olaraq küçədə və tədbirlərdə vətəndaşları tərəfindən döyülməsi, təhqirlərə məruz qalması, arvadından şillələr görməsi onun şəxsi faciəsi ilə yanaşı, Fransa dövlətinin zəifliyinin göstəricisidir. Bu rəzil gündəm BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan dövlətin acı reallığıdır. Dövlət öz lideri ilə güclü olur. İstəyir nüvə silahına sahib ol, istəyir iqtisadi gücə - kimdir səninlə hesablaşan? Əgər sən ailədaxili auraya sahib çıxa bilmirsənsə, nümayiş etdirdiyin geosiyasi hikkənin nə mənası var?

Şübhə yoxdur ki, Fransanın Makronlu illəri tarixə istehza, rəzillik, yalan, ikiüzlülük dövrü kimi düşəcək. Fransa kimi köklü dövlətçilik tarixinə malik bir ölkənin bu durumu onun vətəndaşları ilə yanaşı, həm də dünya üçün qeyri-adekvat situasiyaya səbəb olur. Bir dövlət yalnız tarixinə istinadla güclü ola bilməz. Güc ilk növbədə hörmət mənbəyi, ünvanıdır. İçiboş hikkə və kaprizlərin əsiri olan dövlətə isə hətta zəngin tarix də kömək etməz. Afrikadakı mövqelərini itirən və ənənəvi müstəmləkələrindən növbəli şəkildə qovulan, Okeaniyadakı koloniyalarında hörmət və nüfuzunu əldən verən, geosiyasi proseslərdə resurs və alətləri taqətdən düşən Fransanın hazırkı reallığı məhz budur: arvadı tərəfindən dünyanın gözləri önündə döyülən prezident. 

Rüstəm Qaraxanlı

 

banner

Oxşar Xəbərlər