Əcnəbilər üçün ediləcək güzəştlərin əmək bazarına təsiri
Əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün
icazənin (müddətin uzadılması) və iş icazəsinin verilməsi üçün tələb olunan
sənədlərin sayı azaldılır. Trend-in məlumatına görə, bununla bağlı Miqrasiya
Məcəlləsinə dəyişikliklər edilir. Dəyişikliklər bürokratik əngəllərin qarşısını
almaq məqsədilə təklif olunur. Məcəlləyə təklif edilən layihəyə görə, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün
icazənin verilməsi (müddətinin uzadılması) üçün ailə tərkibi haqqından arayışa,
nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə, peşə
ixtisası olduğu təqdirdə bununla bağlı sənədlərin notariat qaydasında təsdiq
olunmuş surətlərinin təqdim olunmasına ehtiyac olmayacaq. İş icazəsinin
verilməsi üçün də işəgötürənin müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi
sənədlərin sayı azaldılıb. Layihəyə əsasən, iş icazəsinin verilməsi üçün tələb
olunan sənədlərdən birinə - Azərbaycanda başqa əsaslarla olan əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində qalmasına hüquq verən müvafiq
sənədin surətinin verilməsinə ehtiyac olmayacaq. Hazırda daimi yaşamaq üçün
icazənin alınması ilə bağlı 16 sənəd tələb olunur. Layihə Milli Məclisin
oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin
əmək bazarına necə təsir edəcəyini, hansı effekti verəcəyin, əcnəbilərin
kütləvi gəlişinə səbəb olub-olmayacağını öyrənməyə çalışdıq.
Vətəndaşların Əmək Haqlarının Müdafiəsi Liqasının rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Sahib
Məmmədov bəzi sənədlərin notariat qaydada
təsdiqinə ehtiyac olmadığını deyir: "İlk olaraq deyim ki, sadələşdirilmə ölkədə
daimi yaşamaq üçün icazə almaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslər
barəsində olacaq. Daimi yaşayış hüququ əldə edən şəxslər üçün bir neçə sənəd
azaldılacaq. Ona görə ki, nikah haqqında şəhadətnamənin, peşə-ixtisası barədə
olan sənədin notariat qaydada təsdiq olunmuş surətinə ehtiyac qalmır. Notariat
haqqında məlumat onsuz da bazada olur. Və yaxud, peşə ixtisası ilə bağlı sənədə
nə gərək var? Bəlkə birinin heç peşəsi yoxdur, buna görə onun daimi yaşamaq
hüququ niyə məhdudlaşdırılmalıdır? Yəni bu kimi məsələlər bir sıra problemlər
yaradır. Daimi yaşamaq hüququ olan əcnəbi artıq işə qəbul olunarkən iş icazəsi
almır. Ona görə bu asanlaşmanın bilavasitə o məsələ ilə əlaqəsi yoxdur. Tutaq
ki, bir əcnəbi Azərbaycanda qeydiyyatı olan vətəndaşla evlənib, burada daimi
yaşayır. Bu zaman iş icazəsi almağa
ehtiyac yoxdur. Həmin əcnəbi də, öz
vətəndaşlarımız kimi iş tapıb işləyə bilər. Sadəcə, burada söhbət daimi yaşayış
hüququn əldə olunmasından gedir. Onun üçün də, əvvəlcə Azərbaycanda müəyyən müddət yaşamaq
lazımdır. Ondan sonra icazə almaq hüququ yaranır”.
Ekspert deyir
ki, bizdə iş icazəsini əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi işə götürənin
özü alır: "Əcnəbi şəxs tutaq ki, işə
düzəlmək üçün yox, başqa əsaslarla ölkəmizə gəlib. Amma indi işə düzəlmək
istəyir. Bu zaman icazəni onu işə götürən alır. Əvvəl əcnəbi bu ölkədə niyə
yaşadığı üçün sənəd təqdim etməli idi. Qanunsuz əsasla yaşayarsa, ona iş icazəsi
verilməz. Ancaq indi bu, qanunvericilikdən
çıxarılacaq. Çünki Dövlət Miqrasiya
Xidmətinin bazasında ölkədə qanunauyğun şəkildə yaşayan hər bir əcnəbi haqqında
məlumat var. Bu da əmək bazarına əcnəbilərin kütləvi axınına təsir etməyəcək.
Çünki bu elə də ciddi sadələşmə deyil ki, əcnəbilərin axınına səbəb olsun.
Hazırda ölkəmizdə əmək bazarında gərginlik hökm sürür. Doğumun səviyyəsi
yüksəkdir. Öz vətəndaşlarımız belə bəzən
iş tapa bilmirlər. Biz əcnəbilər üçün kvota müəyyən etmişik. Yalnız işə
götürənin müraciəti əsasında iş icazəsi alına bilər. Amma Rusiyada hər əcnəbi
özü icazəni alır, harada istəyir işləyə bilir. Bizdə isə belə deyil. Mənim
fikrimcə, bu dəyişiklik nisbətən bürokratiyanı aradan qaldıracaq. Əcnəbilərdən ibarət işçi təbəqəsinin
artmasına təsir etməyəcək”.
Dövlət Miqrasiya Xidməti yanında
İctimai Şuranın sədri Azər Allahverənov bildirdi
ki, daimi yaşamaq üçün icazə almaq istəyənlərin qeydiyyata düşməsi və müvafiq
qaydada sənədlərin təqdim olunması ilə bağlı sadələşdirilmə bilavasitə onları
bəzi inzibati prosedurlardan azad edir: "Deməli, qanunvericilikdə belə bir
məqam var idi ki, bəzi sənədlərin surəti
notariat qaydada təsdiq olunmalı və əsli ilə birgə təqdim edilməlidir.
Müəyyən uyğunlaşdırmalar aparılandan sonra əsli geri qaytarılır, surəti isə
Miqrasiya Xidmətində qalırdı. İndi təkliflərin mahiyyəti ondan ibarətdir
ki, daimi yaşamaq üçün müraciət edən
şəxslər bəzi sənədlərini notariat qaydada təsdiq etdirməyəcəklər. Bu, onları
həm müəyyən məsrəflərdən, həm də vaxt itkisindən azad edəcək. Şuranın sədri bu
sadələşmənin əmək bazarına təsirindən də danışdı: "Əmək bazarına gəlincə, qeyd etdiyim məsələlər əmək bazarı ilə əlaqəli
deyil. Ola bilsin ki, nəzəri cəhətdən daimi yaşamaq üçün icazə alan əcnəbilər
həmin o prosedurlardan keçməmək üçün müraciət etməyiblər. Amma bir qayda var
ki, daimi yaşamaq üçün icazə almış şəxs əmək fəaliyyəti ilə icazə olmadan məşğul ola bilər. Bu, onlar üçün böyük
üstünlükdür. Yəni bazarda müəyyən mənada ola bilsin gərginlik yaranar. Çünki bu
sadələşmədən sonra daimi yaşamaq üçün müraciət edənlərin sayının çoxalma
ehtimalı var. Bu, az da olsa bazara təsir edə bilər. Amma hesab etmirəm ki, bu
təsir ciddi olsun”.
Günel Azadə