ADU-da meksikalıların ənənəvi “Ölülər günü” bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili Mərkəzinin təşkilatçılığı ilə Meksikanın "Ölülər günü” bayramı ilə əlaqədar tədbir keçirilib. Öncə ADU-nun Beynəlxalq əlaqələr
üzrə prorektoru Jalə Qəribova Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin İspan
dili üzrə təhsil alan tələbələrinə "Ölülər günü” bayramı haqqında ətraflı məlumat
verib. O, Azərbaycan xalqının milli adət-ənənələri ilə "Ölülər günü” bayramı
arasında oxşar və fərqli cəhətlərdən bəhs edib, hər iki ölkədə müxtəlif mənşəyi
olan bayramların qeyd edildiyini sözlərinə əlavə edib.
Daha
sonra Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Meksika Birləşmiş
Ştatlarının ərazisi, əhalisi və coğrafi mövqeyi, eyni zamanda adıçəkilən
bayramın yaranmasının tarixi kökləri, adət-ənənələri haqqında tədbir
iştirakçılarını məlumatlandırıb: "Hər il noyabrın 2-də meksikalılar bu bayramı
böyük təmtəraqla qeyd edirlər. Bu gün hər bir meksikalının evində
dünyasını dəyişən insanların şərəfinə süfrə açılır, onların sevdikləri musiqi səsləndirilir.
Bu minvalla biz ölülərin ruhunu hiss etməyə çalışırıq. Onların bizdən məmnun
qalmaları üçün sevdikləri təamları süfrəyə düzürük, şən ab-havada olmağa
çalışırıq, ruhlarının bizdən inciməməsi üçün əlimizdən gələni edirik. Biz
dünyadan köçən yaxınlarımızı unutmadığımızı bu bayramda onlara xatırladırıq”.
İnteraktiv şəkildə keçən tədbirdə səfir Rodriqo Labardini tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbirdə
"Sümüklərə qədər” adlı qısametrajlı cizgi film də nümayiş olunub.
Qeyd edək ki, ADU-da "Ölülər günü” bayramı münasibətilə
stend qurulub. Stenddə bayramın xüsusiyyətlərini özündə əks etdirən
şirniyyatlar və digər nümunələr təqdim olunub.
