• cümə, 19 Aprel, 21:26
  • Baku Bakı 24°C

22 yaşdan başlayan deputatlıq – Mən gənc olarkən

25.02.14 08:16 8017
22 yaşdan başlayan deputatlıq – Mən gənc olarkən
“Həmin müəllimin ruhunu bu gün də bağışlamıram”

Rubrikamızın budəfəki qonağı millət vəkili Fəzail İbrahimlidir. 1951-ci ildə Yardımlının Çanaqbulaq kəndində anadan olan müsahibimiz 9 uşağın 7-cisidir. Uşaqlarını bənnalıqla saxlayan atası eyni zamanda, təsərrüfatla məşğul olub. Sadə ailədə böyüməsinə baxmayaraq, Fəzail bəy də daxil olmaqla 3 qardaşı elmlər doktoru, professordur. Amma professor olana kimi təbii ki, müsahibimiz uzun bir yol keçib. O yola birlikdə nəzər salaq.
“10-cu sinfin sonunadək riyaziyyatı oxumadım”

F.İbrahimli orta məktəbə həmyaşıdlarından bir il tez gedib. Evləri məktəbin yaxınlığında olduğundan tənəffüs vaxtı birinci sinif uşaqlarına qoşulmağa cəhd edirmiş. Məktəbdə ibtidai sinif müəllimi olan dayısı belə günlərin birində 6 yaşlı Fəzaili çağırıb onu dərsdə oturmağa dəvət edir. Uşaqların hərfləri lövhədə çətinliklə yazdığını görən həmsöhbətimiz müəllimdən icazə alıb lövhənin qarşısına keçir və həmin gün keçdikləri hərfləri rahatlıqla yazır. Bunu görən dayısı bacısı oğluna dəftər-qələm verib tapşırır ki, hər gün dərsə gəlsin: “Yanvara qədər qeyri-rəsmi hər gün dərslərdə oturdum, sonra dayım necə qurub-qoşdusa, adım jurnala yazıldı”.
Orta məktəbi əla qiymətlərlə bitirən F.İbrahimlinin ali məktəbə qəbulu zamanı ixtisas seçimi etməyi kədərli notlara söykənir. Riyaziyyata daha çox meylli olan müsahibimiz 10-cu sinifdə baş verən hadisədən sonra ixtisas seçimimi dəyişməli olur: “Riyaziyyatı çox sevirdim və bu fənn üzrə ali təhsilimi davam etdirmək niyyətindəydim. Orta məktəbdə riyaziyyat müəllimim də nəinki kəndimizdə, bütün rayonda yaxşı mənada ad çıxarmış, savadlı müəllim idi. Bir gün həndəsədən müəllimin verdiyi tapşırığı sinifdə həll edən zaman səhvə yol verdim və sözügedən müəllim məni şillə ilə vurdu. Bununla da müəllimimin simasında riyaziyyata münasibətim dəyişdi. 10-cu sinfin sonuna qədər cəbr və həndəsəni oxumasam da, müəllim mənə qiymət yazdı, sona qədər də cəhd etdi ki, riyaziyyatı əvvəlki kimi oxuyum, amma 32 uşağın içərisində təhqir olunduğuma görə həmin müəllimin ruhunu heç bu gün də bağışlamıram. Çünki bu təhqirə layiq deyildim. Buna görə də ali məktəbə qəbul zamanı sənədlərimi Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində verdim və həmin il də sözügedən universitetin tələbəsi oldum. Ali məktəbi qırmızı diplomla bitirdim”.
“Üçüncü kursa kimi Bakını tanımadım”

İlk dəfə paytaxta orta məktəbi bitirdikdən sonra gələn həmsöhbətimiz üçün o vaxt Bakı dəhşət, fəlakət dolu cansıxıcı bir mühit təsirini bağışlayır. Onun sözlərinə görə, indiki uşaqlar kənddən, rayondan ali məktəbə qəbul olmaq üçün Bakıya gələndə elə bil yeni bir dünyaya düşürlər: “Onların gəlişi ali məktəbə girməkdən daha çox Bakını görmək istəyidir. Universitetdə oxuduğum iki il ərzində şəhəri tanımadım. Gecə-gündüz ancaq oxuyurdum. Yalnız kirayədə qaldığım evdən universitetə gedib-gəlirdim. Özümə qarşı çox tələbkar idim. Mənə çatmırdı ki, müəllim məni qaldırsın və mən dərsimi bilməyim”.
Tələbəlik vaxtı dolanışıqlarına gəlincə, millət vəkili deyir ki, atası əmək haqqı kimi hər ay ona və onunla birgə tələbəlik həyatı yaşayan qardaşına ümumilikdə 100 rubl göndərirmiş. O vaxt əlaçı oxuyan tələbə kimi F.İbrahimli həm də fərdi təqaüd alırmış: “Tibb Universitetində oxuyan kiçik qardaşımla birlikdə çalışırdıq ki, əlimizdə olan pulla gündəlik tələbatımızı ödəyək. Tələbə yoldaşlarım arasında bir qrup vardı ki, dədələrinin hesabına dərsdən sonra pul yığıb yeyib-içməyə gedirdilər. Amma biz heç vaxt restoranlara meylli olmamışıq. Belə şeylərə həm vaxtımız yox idi, həm də heç istəsəydik də, o uşaqlarla ayaqlaşa bilməzdik. İnstitutda çox fəal idim. Özüm üçün bir əxlaq proqramı cızmışdım və ondan kənara çıxa bilməzdin. Bu proqrama əsasən, siqaret çəkmək, içki içmək söhbəti yox idi. Sağlam həyat tərzi yaşayırdım, gözəl yeməklər bişirirdim”.
“Nə qazanmışamsa, valideynlərimin xeyr-duası ilə olub”

İnstitutu bitirdikdən sonra F.İbrahimli təyinatla 3 il orta məktəbdə dərs demək üçün doğulub boya-başa çatdığı kəndlərinə yollanır. Orta məktəbdə və institutdakı uğurlarını həmsöhbətimiz burada müəllim kimi davam etdirir. Belə ki, məktəbdə işlədiyi müddətdə Maarif şöbəsindən gəlib dərsində otururlar. Yazılı imtahanda şagirdləri ən yüksək nəticəni göstərirlər və müsahibimiz Respublika Həmkarlar İttifaqı Təşkilatının və Maarif Nazirliyinin fəxri fərmanıyla təltif edilir. Hətta müəllim kimi işə başladığı ikinci il, yəni 22 yaşında direktor müavini təyin edilir. Məktəbdə işlədiyi dövrdə Təhsil Nazirliyindən də fəxri fərman alır. Amma uğurları bununla bitmir. Həmsöhbətimiz hələ 22 yaşında kənd sovetinə 3 illiyinə deputat seçilir.
Müəllim kimi işə başlayandan sonra 70-dən çox yaşı olan atasını işləməyə qoymur, ailə qayğılarını öz üzərinə götürür: “Böyük təsərrüfatımız var idi. Müəllim işləməklə yanaşı, Bakıya gələnə qədər təsərrüfatı da mən idarə etməyə başladım. Tələbəlik illərimdə də, aspiranturada oxuduğum illərdə də bütün yay tətillərini kəndimizdə valideynlərimlə keçirirdim. Atam dünyasını dəyişənə qədər tətillərdə heç bir yerə getmədim. Çünki valideynlərim bütün ili gözünü yollara dikib yay tətilini gözləyirdilər. Atam rəhmətə gedəndən sonra 10 il anam mənimlə bir yerdə yaşadı. Qohum-əqrabam çox yaxşı bilir ki, mən bu gün həyatımda hər şeyi valideynlərimin xeyir-duası ilə qazanmışam. İstərdim ki, bu sətirləri oxuyanların hər biri həyatda xoşbəxt olmaq istəyirlərsə, valideynlərinin xeyir-duasını alsınlar”.
Ağ atın belində olanda...

Qeyd edək ki, F.İbrahimli 1989-cu ildən 1991-ci ilədək Azərbaycanın müstəqilliyi uğrunda aparılan siyasi mübarizədə iştirak edib. 1992-ci ildən isə yeni yaranan Vətəndaş Həmrəyliyi Partiyasına qoşulub və 2000-ci ildən etibarən 3 dəfə deputat seçilib. 2006-cı ildən indiyədək Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvüdür: “Çalışıram ki, Tanrının mənə verdiyi qismət payını, Tanrının mənə verdiyi tərcümeyi-halı qoruyum və həmişə qarşımdakı insanlara rəğbətlə yanaşım. Məsuliyyətlə deyirəm ki, 12 illik deputatlıq dövrümdə qəbulumda 12 dəqiqə dayanan seçicim olmayıb. Seçicim gələn kimi zəng edirlər, onları qəbul edirəm. Görüşlərə gedirəm, gücüm çatan, ünüm yetən dərəcədə, qanun daxilində fəaliyyətdəyəm. Əgər ağ atın belində olanda sürətlə gedib yoldakı palçığı, tozu ətrafındakılara sıçratsan, Tanrı səni həmin atdan yerə yıxır. Bunu həmişə nəzərimizdə saxlamalıyıq”.
“Bu günə qədər dərsə gecikməmişəm”

Onu da deyək ki, F.İbrahimli 40 il əvvəl olduğu kimi, müəllimlik fəaliyyətini davam etdirir. Amma orta məktəbdə deyil, ali məktəbdə Azərbaycan üçün kadrlar yetişdirir. 1982-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışan müsahibimiz hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. Həmsöhbətimiz indiki tələbələrlə Sovet dövründəki tələbələr arasındakı fərqdən də danışdı: “Bəlkə də bugünkü tələbələr məni o vaxtkı tələbələrdən daha artıq başa düşür. O vaxt müəllim müqəddəs idi, tələbələr elə bilirdilər müəllim su içmir, yemək yemir, yəni müəllimin həyat tərzi daha maraqlı idi. Amma bugünkü tələbələr üçün bu, o qədər də əhəmiyyət kəsb etmir. Müəllimin şəxsiyyəti, savadı, dərs metodu, intizamı tələbələri daha çox cəlb edir”. Necə müəllim olmasına gəlincə, millət vəkili polad kimi intizamı olduğunu bildirdi: “1982-ci ildən universitetdə müəllim işləyirəm. Bu günə qədər dərsə gecikməmişəm və tələbələr məndən sonra içəri daxil olmayıb. Nə qədər ömrüm var, bu, belə olacaq. Mən dərs danışan zaman telefon söhbəti ola bilməz, bir tələbə o biri ilə danışıb qımışa bilməz, əks halda mən özümü səfeh yerinə qoyaram”.
“2” yazmamağın səbəbləri

F.İbrahimli müəllimlik sənəti ilə bağlı maraqlı bir faktı da bizimlə bölüşdü. Dedi ki, müstəqillik dövründən sonra, müsahibimizin sözüylə desək, “təcrübəli müəllim olandan bəri” heç bir tələbəyə “2” yazmayıb. Bunun isə üç səbəbi var: “Sən “2” yazırsan və bir evə dərd, kədər göndərirsən. Valideynin nə günahı var ki, onun övladı oxumayıb. İkincisi, tələbə qarşında oturur və sən onun gözünün içinə baxırsan. Bəlkə də onu bir güzəştlə tərbiyə edə bilərsən, qisasçı etməzsən. Üçüncüsü, mən “2”ni yazıram və tələbə növbəti imtahana hazırlaşmaq əvəzinə, adam axtarmağa gedir. Bu zaman məndən asılı olmayan yüksək dairədən xahiş formasında tələb qoyulur ki, həmin tələbəni “kəsməyim”. Tapşırıqdan sonra qiyməti yazanda tələbə başının üstündə durur və bu zaman təbii ki, onun ürəyindən keçir ki, “hünərin var idi, yazmayaydın”. Hətta bəzən ortada alverçilər də olur. Mənə kiminsə diktəsi ilə əyilmək, saxta münasibət lazımdırmı? Həmişə çalışmışam ki, tələbələrimin qəlbində müəllim kimi heykəlimi qoyum”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər