• çərşənbə axşamı, 19 mart, 07:46
  • Baku Bakı 8°C

135 min dollarlıq təqaüd alan azərbaycanlı tələbə - UĞUR

07.05.22 03:00 8940
135 min dollarlıq təqaüd alan azərbaycanlı tələbə - UĞUR

İsa Cəfərov: “Əgər proqramçı kimi işləməyə davam etsəydim, iki illik təcrübə ilə başqa bir şirkətdə daha çox maaş ala bilərdim. Mən isə həmin təcrübəni kənara qoyub, marağım olduğu üçün sıfırdan kibertəhlükəsizlik üzrə işləməyə başladım”

Dördüncü kursda oxuyanda xaricdə təhsillə maraqlanır. Araşdırma aparır və ABŞ-da təhsil almaq qərarı verir. Magistr deyil, birbaşa PHD təhsili ilə maraqlanır. Alternativ olaraq başqa ölkələrdəki təhsil müəssisələrinə müraciət etsə də, hədəfi ABŞ universitetləri olur. Nəticədə ABŞ-ın Nyu-York Şəhər Universiteti, Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən Məktəbindən dəvət alır. 135 min dollarlıq təqaüd təklif edən Nyu-York Şəhər Universitetini seçir. Söhbət azərbaycanlı gənc, nüfuzetmə mütəxəssisi İsa Cəfərovdan gedir.

İ.Cəfərov Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 5-ci kursda təhsil alır. O, universitetə 695 bal toplayaraq qəbul olub. İsa bakalavr təhsili almaqla yanaşı, hazırda banklardan birində və bir xarici şirkətdə nüfuzetmə mütəxəssisi olaraq çalışır.

“Uşaqlıqdan oxumağa marağım olub”

İsa deyir ki, onda oxumağa, təhsilə marağı kiçik yaşlarında anası yaradıb: “Anam mən oxuduğum məktəbdə ingilis dili müəllimi işləyirdi. Lap uşaq vaxtımdan məndə oxumağa, təhsilə maraq yaratmışdı. Uşaqlıqdan bəri də həmişə oxumağa marağım olub. 10-11-ci siniflərdə oxuyanda artıq texniki fənlərə - riyaziyyat, fizikaya xüsusi maraq göstərdim. İmtahanda lazım olacaq mövzulardan kənar, mənim üçün maraqlı olan mövzuları araşdırırdım. Sadəcə, marağım var idi deyə, bunu edirdim”.

“Kibertəhlükəsizliyi kursa getmədən öyrəndim”

İsanın ali təhsil aldığı istiqamətlə çalışdığı sahə bir qədər fərqlidir. Deyir ki, təhsil aldığı müddətdə kibertəhlükəsizliyə marağı yaranır, ona görə bu sahəyə yönəlmək qərarı verir: “Universitetdə birinci il İT dərsi keçildi, növbəti 2 ildə də bu istiqamətdə müəyyən qədər tədris oldu. O dərslər sayəsində İT dünyasına bir növ giriş etdim. İkinci kursda oxuyarkən bir kursda İT müəlliminin köməkçisi kimi işə başladım. Üçüncü kursda proqramçı kimi işlədim. Kibertəhlükəsizliyə marağım var idi deyə, proqramçı işləyən vaxtı hansısa əlavə kursa getmədən kibertəhlükəsizliyi özüm öyrəndim. Azərbaycanda həmin vaxt kibertəhlükəsizlik üçün çox iş imkanı yox idi. Amma proqramçı kimi 2 il işlədikdən sonra məndə bankda kibertəhlükəsizlik üzrə işləmək üçün imkan yarandı. Həmin şansı dəyərləndirdim”.

Deyir ki, təqaüd qazandığı təhsil də çalışdığı kibertəhlükəsizliklə bağlıdır: “Təhsil aldığım ixtisas - proseslərin avtomatlaşdırılması mühəndisliyi daha çox sənaye ilə bağlıdır və kompüter elmləri, kompüter mühəndisliyi kimi digər sahələri də özündə ehtiva edir. Təhsil müddətində kibertəhlükəsizliyə xüsusi marağım yarandı və etdiyim araşdırma məni elmə, tədqiqata daha da yaxınlaşdırdı”.

Niyə birbaşa PHD təhsili?

İ.Cəfərov birbaşa PHD təhsilini seçmək səbəbindən də danışdı: “Əvvəllər xaricdə təhsillə çox maraqlanmamışdım. Artıq 4-cü kursda araşdırmağa başladım. Kibertəhlükəsizlik üzrə oxumaq istəyirdim. Gördüm ki, bu sahə üzrə ən yaxşı təhsili Amerika universitetləri verir. Sonra Amerikada təhsillə maraqlandım. Bakalavrdan sonra magistr oxumaq üçün yüksək məbləğdə təhsil haqqı var idi. Onu ödəyə bilməyəcəyim üçün başqa alternativlər axtardım. Gördüm ki, Amerikada bakalavrdan sonra PHD oxumaq mümkündür. PHD oxuyanda araşdırma etdiyin üçün professor və universitet sənin üçün pul ödəyir. Yəni təqaüd verirlər. Bu, maddi cəhətdən daha yaxşı variantdır. Ona görə, PHD ilə maraqlandım. Düzdür, alternativ olaraq başqa ölkələrin universitetlərinə müraciət etsəm də, əsas fokusum Amerikaya qəbul idi. Qəbul alacağımla bağlı içimdə pozitiv bir duyğu var idi”.

“Araşdırmaçıların düşüncə tərzi məni heyran edir”

Müsahibimiz kibertəhlükəsizlik sahəsində araşdırma etməyin onun üçün maraqlı gəldiyini deyir: “İndiki işimdə bir növ başqa araşdırmaçıların tapdığı boşluqları istifadə edirəm. Amma araşdırmaçı olanda heç kimin bilmədiyi yeni bir boşluq tapırsan. Bunun üçün də kreativ, fərqli düşüncə tərzi lazımdır. Araşdırmaları oxuyanda araşdırmaçıların düşüncə tərzi məni heyran edir. Bu sahəyə maraq yaradır. Ona görə də istəyirəm ki, Amerikada araşdırma sahəsində özümü püxtələşdirim”.

İsa araşdırma sahəsinə böyük pullar qazanmaq üçün deyil, marağı olduğu üçün getdiyini deyir: “Əgər proqramçı kimi işləməyə davam etsəydim, iki illik təcrübə ilə başqa bir şirkətdə daha çox maaş ala bilərdim. Mən isə həmin təcrübəni kənara qoyub, marağım olduğu üçün sıfırdan kibertəhlükəsizlik üzrə işləməyə başladım. PHD tələbələrinin maddi cəhətdən yüksək gəlirləri olmur, lüks həyat yaşaya bilmirlər. Professorum mənə bu barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Demişdim ki, mən bunu bilirəm və buna hazıram”.

Aygün Asimqızı

Fotolar: Tapdıq Abdullayev / Global Media Group

banner

Oxşar Xəbərlər