Yeni virus təhlükəsi varmı?
Azərbaycanda bu
ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi
keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb. Bunu Trend-ə Səhiyyə
Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor
müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, oktyabrın geridə qalan 2
həftəsi ərzində də xəstələnmə səviyyəsi ötən ilin müvafiq dövründəki səviyyə
ilə eyni olub: "Respublika üzrə qeydə alınan yoluxma hadisələri barədə
mərkəzə məlumatlar verilir. Məlumatların təhlili göstərir ki, kəskin respirator
virus infeksiyalarının artımı hələ müşahidə olunmur, vəziyyət stabildir. Yəni,
xəstəlik sayı mövsümi qaydada qeydə alınır. Buna baxmayaraq, profilaktik,
müşahidə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin gücləndirilməsi üçün
işlər görülür".
A.Əliyeva
bildirib ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında
aparılan laborator müayinələr zamanı Azərbaycanda qrip virusu aşkarlanmayıb:
"Xəstəliyə o zaman qrip deyilə bilər ki, nümunələrdə hər hansı virus
aşkarlanır və bunun da əsasında qrip diaqnozu qoyulur. Amma daxil olan
nümunələrdən aydın olur ki, insanlarda müşahidə edilən xəstələnmələr soyuqdəymələr
və kəskin respirator virus infeksiyalarıdır. Bunlar da mövsümi xarakter daşıyan
xəstəliklərdir".
Qeyd edək ki,
Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin
növbəti ştamlarının - qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan
qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.
Bəs görəsən son
dövrlərdə yayılan bu qripin əsas səbəbi nədir? Yeni yayılan qrip virusları ilə
necə mübarizə aparmalıyıq?
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, bu viruslar mövsümi xarakter
daşıyır: "Yaz-payız aylarında fəslin dəyişikliyi və temperaturun anidən
dəyişməsi, günəş intensivliyinin azalması, nəmliyin çoxalması insan
orqanizmində kəskin fərq yaradır. Bu fərq isə yuxarı tənəffüs yollarında
virusların aktivləşməsinə səbəb olur. Eyni zamanda, bu il yaydan-payıza keçid
mərhələsi olmadı. Yəni, temperaturun birdən-birə kəskin dərəcədə aşağı düşməsi
müşahidə olundu. Bu zaman insanlar daha çox isti paltar geyinmək məsələsində
çətinlik çəkirlər. Adətən hava birdən-birə dəyişəndə geyim seçmək çətin olur.
Qripə qarşı mübarizənin ən effektiv yolu bioloji immun sisteminin
gücləndirilməsidir. Orqanizmin viruslara qarşı dözümlü olması üçün yaydan
başlayaraq hazırlıq görməliyik. Bunun üçün çoxlu günəş şüası qəbul etməli, dənizə
getməli, bol-bol meyvə-tərəvəz yeməliyik. Bundan başqa, şirniyyat və digər karbohidratlardan
uzaq durmaq lazımdır. Orqanizmi vitaminlərlə zənginləşdirmək lazımdır ki, qripə
qarşı dözümlü olsun. Bəzən kollektivdə bir nəfər qripə yoluxan zaman xəstəlik
digərlərinə də keçir. Çünki qrip hava-damcı vasitəsilə yayılan xəstəlikdir. Bu
viruslar hətta bir müddət qaldıqdan sonra insanlara yoluxa bilir. Əlləri
tez-tez yumaq, otağın havasını dəyişmək lazımdır. Ailədəki xəstə insanın təcrid
olunması lazımdır. Çünki virusa yoluxan
şəxs daşıyıcıya çevrilir”.
Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, builki qrip virusları keçən ilkilərlə müqayisədə daha təhlükəlidir: "Qrip
hər il modifikasiya olunaraq öz formasını dəyişə bilən xəstəlikdir. Məsələn,
xəstəlik qarına, ağciyərə, beyinə, mədə-bağırsaq sisteminə təsir göstərə bilir.
Ona görə də hər il fərqli qrip virusları ilə rastlaşırıq. Lakin bütün bu qrip
virusları ilə mübarizənin ən effektiv üsulu və qızıl standartı bədənin immun
sistemini gücləndirməkdir. Bunun üçün meyvə-tərəvəzdən və meyvə şirələrində çox
istifadə edilməlidir. Bundan başqa, xəstəlikdən qorunmaq üçün isti geyinmək
lazımdır. Havanın temperaturu birdən-birə aşağı düşdü. Bu da viruslar üçün
əlverişli şərait yaradır. Çünki bədən tam olaraq adaptasiya ola bilmir. Kiçik
bir soyuqdəymə nəticəsində orqanizmdə olan qrip virusları aktivləşir və xəstəliyə yoluxa bilirsən. Builki qrip
virusları keçən ilkinə nisbətən daha təhlükəli və aqressivdir. Hətta deyərdim
ki, builki viruslar orqanizmdə daha böyük fəsadlara yol aça bilir. Xəstəlik daha
çox güclü öskürəklə müşahidə olunur və getdikcə astma şəkilli öskürək-tutmaya
çevrilir. Düzdür, keçən ilki virusun yayılma arealı geniş olsa da, çox ağır
virus deyildi. Uşaqlarda daha çox qarın ağrısı ilə müşahidə edilirdi. Builki
virus isə burun-boğaz infeksiyası ilə müşahidə edilir və müxtəlif ağciyər xəstəlikləri törədir. Bu viruslar
bəzən hətta uşaqlarda pnevmoniya da yarada bilir. Ona görə də bu il daha
ehtiyatlı davranmaqda fayda var”
Şəbnəm Mehdizadə