AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xaricdə təhsillə bağlı dövlət proqramında yeniliklər olacaq

Xaricdə təhsillə bağlı dövlət proqramında yeniliklər olacaq

Təfsilat
04 Sentyabr 2013, 12:25 850
Azərbaycanda dövlət hesabına xaricdə təhsillə bağlı Müsahibə Komissiyasının tərkibi dəyişdiriləcək. Bu barədə təhsil naziri Mikayıl Cabbarov ötən həftə açıqlama verib.

“Facebook” səhifəsində ona ünvanlanan sualları cavablandırarkən nazir qeyd edib ki, bu ildən etibarən xaricdə dövlət hesabına təhsil prosesinin ictimailəşdirilməsini və şəffaflığını təmin etmək məqsədi ilə hər bir müraciət edən tələbə ilə fərdi müsahibə aparılacaq: “Artıq bu ildən Müsahibə Komissiyası tək Təhsil Nazirliyinin məmurlarından deyil, həmçinin bir sıra qurumların nümayəndələrindən təşkil olunacaq. Tibb sahəsi üzrə imtahan verən şəxslər Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən yoxlanılacaqlar, həmçinin Azərbaycan Diplomatik Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının mütəxəssisləri, QHT nümayəndələri də müsahibələrə cəlb olunacaqlar. Tam məsuliyyəti ilə deyə bilərik ki, dövlət proqramı ilə seçim prosesi əvvəlkindən daha şəffaf keçiriləcək”.

M.Cabbarov, həmçinin xaricdə dövlət hesabına təhsil almaq istəyənlərin minimum bal baryerindən də danışıb. Onun sözlərinə görə, xaricdə təhsil almaq niyyəti olanlar texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplamalıdırlar: “Biz dövlət proqramına marağın artdığını müşahidə edirik. Avqustun 16-da bu prosesi başa çatdırdıq, 1300-ə yaxın müraciət olub ki, bu da ötən illə müqayisədə 30 faiz artım deməkdir”.
Təhsil naziri müraciət edənlərə heç bir məhdudiyyət qoyulmadığını deyib: “Əgər sabah 2500 müraciət olacaqsa, hamısına baxacağıq, əsas məsələ odur ki, müraciət edənlər tələblərə cavab vermirlər. Belə ki, müraciət edən bəzi tələbələr dövlət proqramının mahiyyətini sonadək bilmirlər və bəziləri hansı məqsədlə getmək barədə sualı cavablandırarkən deyiblər ki, həmin ölkənin vətəndaşı olmaq niyyətləri var. Dövlət maliyyəsi bunun üçün istifadə edilə bilməz. Digər tərəfdən, dövlət proqramının iştirakçısı olan hər bir tələbə Azərbaycanın ümummilli maraqlarını düzgün şəkildə yaymalıdır, amma bəzi hallarda Dağlıq Qarabağ məsələsi barədə kifayət qədər məlumata malik olmayan tələbələr də müraciət edir”.
M.Cabbarov həmçinin vurğulayıb ki, prioritet ixtisaslar üzrə müraciət edən tələbələrə üstünlük verilir. O bildirib ki, xarici universitetlər siyahısına 500-dən çox ali təhsil müəssisəsi daxil edilib: “Hal-hazırda prioritet ixtisaslar və universitetlər barədə qərar yazın sonunda qəbul olunur, lakin bunun dəyişdirilməsi təklif edilir. Təklif edirik ki, universitetlərin siyahısının təsdiqi qərarı ya payızın sonu qəbul olunsun, və yaxud yazda qəbul olunan siyahı növbəti il üçün də şamil olunsun”.

İqtisadçı ekspert Qalib Bayramovun sözlərinə görə, xaricdə dövlət hesabına təhsil prosesinin ictimailəşdirilməsinin və şəffaflığının təmin olunması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi bütövlükdə alqışlanmalıdır. Ekspert bildirir ki, yeni nazirə qədər dövlət proqramı hesabına xaricdə təhsil ictimai vəsaitlərin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq baxımından qanunvericilik tələblərinin yerinə yetirilmədiyi bir sahə olub: “Düşünürəm ki, Müsahibə Komissiyasının tərkibinə QHT nümayəndələrinin salınması şəffaflıq baxımından çox mühüm addım olacaq. Yaxşı olardı ki, cəmiyyət tərəfindən daha çox maraq doğuran seçimin ikinci mərhələsi ilə bağlı da kriteriyalar müəyyən olunardı. Düzdür, seçimin ikinci mərhələsi Təhsil Nazirliyindən kənarda, Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən aparılır. Ancaq bütün prosesə rəhbərlik Təhsil Nazirliyinin səlahiyyətindədir”.

Nazirin müraciətlərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması haqda dediklərinin həqiqət olduğunu deyən Q.Bayramovun sözlərinə görə, bu artıq öz bəhrəsini verir, müraciətlərin sayı artır: “Çox təəssüf ki, ötən 6 ildə bu sahədə vəziyyət ürəkaçan olmayıb, müraciət edənlər tələblərə uyğun gəlsələr də, müxtəlif bəhanələrlə geri qaytarılıb, onların sənədləri qəbul edilməyib. Nazirin “bəzi tələbələr dövlət proqramının mahiyyətini sonadək bilmirlər və bəziləri hansı məqsədlə getmək barədə sualı cavablandırarkən deyiblər ki, həmin ölkənin vətəndaşı olmaq niyyətləri var” sözlərində də böyük həqiqət var. Hətta yeni nazirə qədər Təhsil Nazirliyində bu prosesə rəhbərlik edənlər mətbuata verdikləri müsahibələrdə təklif edirdilər ki, dövlət proqramı hesabına xaricdə təhsil alanların bəziləri təhsil aldıqları ölkələrdə qalsalar yaxşıdır. Bu da ictimai fikrin azdırılmasına, cəmiyyətdə proqramın mahiyyəti ilə bağlı yanlış fikirlərin təşəkkül tapmasına imkan verirdi. Bu proqramın məqsədi xaricdə təhsil alan tələbələr hesabına Azərbaycanın kadr ehtiyaclarını təmin etməkdir”.

Ekspertin sözlərinə görə, nazirin səsləndirdiyi təkliflər arasında ən önəmlisi prioritet ixtisasların və universitetlərin siyahısının təsdiq edilməsi ilə bağlı Prezident yanında Təhsil üzrə Komissiyanın qərarının daha tez açıqlanması ilə bağlıdır: “Məsələn, bu il həmin qərar mayda açıqlanıb. Çox yaxşı olardı ki, həmin qərar daha tez – əvvəlki ilin payızında açıqlansın. Bu da imkan verər ki, dövlət hesabına xaricdə təhsilə iddiaçı olan tələbə işlərini - hansı universiteti, ixtisası seçəcəyini - əvvəlcədən planlaşdıra bilsin. Çox istərdim ki, bu proqram çərçivəsində xaricdə təhsilini başa vurmuş və hazırda təhsilini davam etdirənlərin siyahısı http://www.xaricdetehsil.edu.gov.az/ saytına yerləşdirilsin. Artıq bu istiqamətdə addımlar atılır. Bu il ilk dəfə qəbul olunanların siyahısı açıqlanıb. İnanmaq istəyirəm ki, prosesin bütün mərhələlərində şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək”.

Həbibə ABDULLA