Valideynlər niyə məsuliyyətsizləşir?
2016-cı ildə
birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin sayı açıqlanıb. Onlar
içərisində diqqətçəkən bir rəqəm var. Belə ki, məhkəmələrə 123 nəfərin
valideynlik hüququndan məhrum edilməsilə bağlı müraciət daxil olub ki, onun da
76-sı təmin edilib. Məhkəmələrdə baxılanvalideynlik hüquqularının
məhdudlaşdırılması ilə bağlı 86 işdən 82-də iddialar təmin olunub.
Ötən illə
bağlı daha bir statistika isə övladlığa
götürülmüş və övladlığa götürmənin ləğvi ilə bağlıdır.773 nəfər övladlığa
götürülmə faktı qeydə alınıb, övladlığa götürülməsi barədə qərarları ləğv
edilmiş uşaqların sayı 63-dür. Əslində, bu statistikada olan rəqəmlərin bir
çoxu ətrafında düşünmək lazımdır. Hansı hallarda şəxslər valideynlik hüququndan
məhrum edilirlər? Övladlığa verilmə nə zaman ləğv edilə bilər? Bütün bunlar
valideynlərin məsuliyyətsizliyinin artması demək ola bilərmi?
"Dövlət
ailəni, xüsusilə ana və uşaqları himayə edir”
Hüquqşünas Ceyhun Cəfərli "Kaspi”yə
açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən,
ailə dövlətin himayəsindədir. Dövlət ailəni, xüsusilə ana və uşaqları himayə
edir: "Dövlət-vətəndaş hüquqi münasibətlərinin konstitusion səviyyədə
nizamnlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də
yaradılıb. Məqsəd odur ki, Komitə yaranan çatışmazlıqları aradan qaldırsın,
ailənin bütövlükdə cəmiyyətin əsası kimi inkişafını, onun qorunub saxlanmasını,
uşaqların ailədə sağlam sosial-psixoloji mühitdə böyüməsini təmin eləsin. Dövlət
hətta valideynlərin özünü belə, uşaqlar qarşısında məsuliyyətə sövq edir, onlar
qarşısında vəzifə və öhdəliklərini müəyyən edir. Buna həm ictimai, həm də
hüquqi qaydada nəzarət edir. İctimai qayda odur ki, cəmiyyətdə, məktəbdə,
məktəbəqədər təhsil müəssisələrində uşaqlarla valideynlərin davranışına nəzarət
edib, lazımi məlumatları verə bilirlər. Eyni zamanda, məhkəmə nəzarəti olur.
Yəni məhkəməyə müraciət olunduqda, bu proses qanunvericilik normalarına uyğun
şəkildə aparılır”.
Ata-ana hansı hallarda valideynlik hüququndan
məhrum edilir?
Hüquqşünas
deyir ki, əgər valideynlər ailə, uşaqlar qarşısında öz vəzifələrini layiqincə yerinə
yetirməsələr, eləcə də həm əxlaqi, həm də hüquqi baxımdan müəyyən normaları
pozsalar, o halda qanunvericilik valideynlik hüququndan məhrum edir: "Ailə
Məcəlləsinin 64-cü maddəsində valideynlik hüquqlarından məhrumetmədən bəhs
edilir. Amma onu da qeyd edim ki, qanunvericilik valideynlik hüquqlarının
müdafiəsini də həyata keçirir. Valideynlik hüququndan məhrumetmə bir sıra
hallarda baş verir.Birincisi, öz valideynlik vəzifələrini
yerinə yetirmədikdə... Uşağı tərbiyə etmək, maddi və mənəvi təminat, onun
gələcək inkişafını həyata keçirmək, məktəbdə təhsil almasını təmin etmək,
onların milli ruhda böyümələri və s. kimi həm maddi, həm mənəvi öhdəliklər var.
Şəxsiyyət kimi formalaşmalarında valideyn uşaqların həyatında mühüm rol
oynayır. İkinici, alimenti qəsdən ödəmədikdə.Üçüncüsü, heç bir üzrlü səbəb olmadan
uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə və digər analoji
müəssisələrdən götürməkdən imtina etdikdə... Məsələn, uşağı qadın dünyaya
gətirir, amma nə ata, nə ana sahib durmur. Ana uşağın atasının ona yardım
etmədiyini, özünün isə uşağı təkbaşına böyütmək, xərclərini qarşılamaq
iqtidarında olmadığını bildirir. Buna görə uşağı doğum evindən, yaxud müalicə
müəssisəsindən götürmür. Bu zaman atasına məlumat verilir, o da götürməkdən
imtina etdikdə, hər ikisi valideynlik hüququndan məhrum edilə bilər.Dördüncüsü, valideynlik hüququndan sui-istifadə
edildikdə. Boşanma zamanı uşaq valideynlərdən birinin himayəsinə verilir.
Adətən, azyaşlı uşaqlar bir qayda olaraq ananın himayəsinə verilir. Məsələn, bəzən
ananın iş rejimi sərbəst olur, yaxud işləmir, uşağını istədiyi vaxt götürüb
xaricə gedir, onu dərsdən ayırır. İrad tutanda isə deyir ki, uşaq mənim himayəmdədir,
eyni zamanda atanın razılığı olmadan uşağı ölkə xaricinə çıxarmaqla bağlı qətnamə
almışam. Amma uşağın təhsil almaq hüququ var. Bu kimi məqamlarda valideynin
məsuliyyəti yaranır.Beşincisi, uşaqlarla amansız
davranış, onları fiziki və psixi təzyiq altında saxlamaq.Altıncısı, xroniki alkoqol və
narkomaniya xəstəsidirsə...Yeddincisi, uşaqların və ya ərinin
(arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə”.
C.Cəfərli
qeyd etdi ki, övladlığa götürmə də məhkəmə qaydasında həyata keçirilir, bunun
üçün müəyyən şərtlər var. Övladlığa verilmənin ləğv edilməsi də prinsip
etibarilə valideynlik hüququndan məhrumetməyə bənzər hallarda baş verir.
"Bəzi gənc valideynlər
övladlarından imtina edir”
"SOS Uşaq Kəndləri - Azərbaycan”
Assosiasiyasının İctimai vəkillik üzrə mütəxəssisi, sosioloq Cavid İmamoğlu deyir ki, valideynlik məsuliyyəti birbaşa şəxslərin bacarıq və
təhsili ilə əlaqədardır. Ailə planlaşdırılmasına önəm verməyən şəxslər gələcəkdə
öz valideynlik məsuliyyətlərini dərk etməkdə çətinlik çəkirlər: "Ümumilikdə son
illər ölkədə bu sahədə ciddi maarifləndirmə işinə ehtiyac yaranıb. Bəzən ən
sadə səbəblər üzündən bəzi gənc valideynlər övladlarından imtina etməklə bağlı
müraciət edirlər. Azərbaycanda ailədən ayrı düşmək riski altında olan uşaqların
qiymətləndirilməsi və onların alternativ qayğı müəssisələrinə yerləşdirilməsi
Yetkinlik Yaşına Çatmayanların İşləri və Huquqlarının müdafiəsi üzrə Komissiyanın
vəzifə öhdəliklərinə daxildir. Belə ki, komissiya övladına baxa bilməyən
ailələrin qiymətləndirilməsini aparmalı və risk faktorları araşdırılmalıdır”.
"Uşaqların ailələrdən ayrılmasının
qarşısını alacaq mexanizmlər işlək hala gətirilməlidir”
C.İmamoğlu bildirdi ki, bir çox hallarda yoxsulluq, işsizlik və digər
sosial problemlər uşaqların valideyn himayəsindən məhrum olmağına və müəssisəyə
yerləşdirilməsinə səbəb olur: "Bu bizim üçün son dərəcə arzuolunmaz durumdur.
Hər şeydən öncə ona görə ki, Azərbaycanda ailələrin sosial rifahının yaxşılaşdırlmasına
istiqamətlənmiş dövlət proqramları və mexanizmləri mövcuddur ki, indiki halda
belə ailələrə ərazi üzrə müvafiq idarələr tərəfindən müdaxilə planına əsasən
dəstək göstərilməlidir. Digər tərəfdən, ölkədə sayları az da olsa ailələrə
dəstək mərkəzləri fəaliyyət göstərir və bu mərkəzlərin əsas işi məhz preventiv
tədbirləri həyata keçirmək və ailələri gücləndirməkdir. Dövlətimizin əsas
məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması
üçün preventiv tədbirləri həyata keçirməkdir. Bütün hallarda uşaqların ən yaxşı
mənafeyi gözlənilməli və yalnız uşağın hüquqlarının qorunması məqsədi ilə
alternativ qayğıya yönləndirilməsinə razılıq verilməlidir”.
Müsahibimiz qeyd etdi ki, indiki halda önəmli olan uşaqların
ailələrdən ayrılmaq riskinin qarşısını alacaq sosial müdafiə mexanizmlərinin
işlək hala gətirilməsidir: "Uşaqların alternativ qayğı sisteminə yerləşdirilməsinin
qarışısının alınması və bir yerdə qalması üçün ailələrə dəstəyin verilməsi
BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydalarında əhəmiyyətli dərəcədə
öz əksini tapıb. "SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası tərəfindən bu
qaydaların Azərbaycanda icrasına dair araşdırma aparılıb və mövcud vəziyyət
təhlil edilərək hesabat hazırlanıb. Həmin hesabatda bu sahədə olan boşluqların
aradan qaldırılması üçün tövsiyələr də yer alıb. Təşkilatımız uşaq müdafiəsinin
səmərəli təşkili sahəsində ictimai vəkillik işi aparır və uşaqların
vəziyyətinin düzgün qiymətləndirilməsi sahəsində müvafiq qurumlarla əməkdaşlıq
edir”.
"Ər-arvad arasında münasibətlər normal olsa...”
Psixoloq Elnur Rüstəmovun sözlərinə
görə, bir qisim ailələrdə övlada bağlılıq aşırı dərəcədə artıb, digər qisimdə
isə uşaqlar valideyn nəzarətindən kənarda qalırlar. Psixoloq deyir ki, ər-arvad
arasında münasibətlər normal olsa, uşaqlarla bağlı problemlər də artmaz: "Bir
qisim valideynlərdə məsuliyyət artıb. O məsuliyyətin içində valideynin övladı
ilə simbioz bağlılığı çoxalıb. Uşağını bütün gün gözünün qabağında tutmaq,
harasa getsə telefonla nəzarətdə saxlamaq, görüntülü yoxlamaq, uşaqla nəfəs
almaq, daha çox diqqət-qayğı göstərmək, hətta onun yerinə qərar vermək kimi bir
formada biz bu bağlılığı müşahidə edirik. Digər bir tərəfdən isə tamamilə
valideyn nəzarətindən kənar qalan uşaqlar var. O da konkret desək, ər-arvad
arasında münasibətlər normal olmayan ailələrdə baş verir. Bu zaman valideynlə övlad
arasında münasibətlər pozulur. Belə halda uşaq konkret olaraq tərəflərdən
birinin himayəsində qalır. Çox vaxt bilməyərəkdən tərəflər bir-birindən uşaq
vasitəsilə heyif almağa çalışırlar. Ya qadın kişini pisləyir, ya da əskinə.
Həmin uşaqların özgüvənləri aşağı olur, təhsildən yayınırlar, zərərli
vərdişlərə meyil edirlər və s. Ona görə bu kimi situasiyalarda ailəyə psixoloji
dəstək verilməlidir. Çünki ailədə tərəflər arasında münasibətlər normal olanda,
uşağa düşkün olma halları aşırı dərəcədə olmur”.
"Uşağın ailəyə verilib, sonra geri alınması onlara travma yaşadır”
E.Rüstəmov qeyd etdi ki,
övladlığa verilmə zamanı hüquqi tərəflərlə yanaşı, psixoloji yoxlanış da ciddi
şəkildə getməlidir. Çünki uşağın ailəyə verilib, sonra geri alınması onlara
ayrı bir travma yaşadır: "Uşaq hansı ailəyə düşəcək? Ailə uşağı hansı səbəbdən
götürür? Ailə tərkibi kimlərdən ibarətdir? Bu kimi məqamlar nəzərə alınmalıdır
ki, uşağın həmin ailəyə uyğunlaşması prosesində böyük problemlər yaranmasın.
Zaman-zaman belə problemlər yaşanır, valideyn uşağı idarə edə bilmir və geri
qaytarır. Ona görə uşağa və paralel olaraq həmin ailəyə uyğunlaşma çətinliyinin
olmaması üçün psixoloji dəstəyin göstərilməsi qaçılmaz şərtdir. Bu, tövsiyədir,
məcburi deyil. Uşağı ailəyə götürüb, sonra geri qaytarmaq onun üçün ayrı bir travmadır.
Burada psixoloji məqamlara həssas
yanaşmaq lazımdır”.
Aygün Asimqızı