Türkiyədən Avstriyaya sərt şillə
Türkiyəyə qarşı ayrı-seçkilik siyasəti yürüdən Qərb
və onun çoxsaylı strukturları artıq bunun əvəzini ödəməli olurlar. Rəsmi Ankara
uzun illərdir ki, ona qarşı ayrı-seçkilik, qərəz nümayiş etdirən Qərb
strukturlarının atdıqları addımları cavabsız qoymamaq qərarına gəlib. Heç kimə
sirr deyil ki, illər uzunu kürd separatçıları, terrorçularına açıq dəstəyi məhz
onlar göstəriblər. Məqsəd də bəllidir - nəyin bahasına olursa-olsun, Türkiyə
sərhədlərində kürd dövlətinin yaradılması.
Məsələn, ABŞ mayın 15-dən 20-dək terrorçu PKK
qruplaşmasının Suriyadakı qolu "PYD”yə 100 TIR ağır silah göndərib.
Silah-sursat İraq-Suriya sərhədindən keçirilərək, Suriyanın Hasek şəhərində
terrorçu PYD-yə təhvil verilib. İŞİD-lə mübarizə başa çatdıqdan sonra bu
silahların PKK-nın əlinə keçəcəyinə heç kim zəmanət verə bilməz. Bu isə Türkiyənin
maraqlarına ziddir. Yeri gəlmişkən, Qərb strukturlarında təmsil olunan bəzi
dövlətlər açıq şəkildə Türkiyənin ünvanına sərt ittihamlar səsləndirir, ona
qarşı qərəzli mövqe nümayiş etdirirlər. Belə dövlətlərdən biri də Avstriyadır.
Bu ölkə dəfələrlə Türkiyənin ünvanına hədyanlar səsləndirib, onun Avropa
İttifaqına üzvlüyünə qarşı çıxıb. Türkiyə də bunu cavabsız qoymaq istəməyib.
Belə ki, Ankara NATO-nun Avstriya ilə əməkdaşlığına qadağa qoyub. Bu da
Avstriyanın 41 ölkə ilə əməkdaşlığını məhdudlaşdırıb.
"Daily Sabah” yazır ki, Türkiyə, Avstriyanın onun
Avropa İttifaqına üzvlüyünə maneçilik törətdiyinə görə acıqlıdır. Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan da dəfələrlə Türkiyə və Avropa arasında əlaqələrin
pisləşməsində Avstriyanı günahlandırıb. Qeyd edilir ki, Avstriya Türkiyənin
Avropa İttifaqına qoşulması prosesini dəfələrlə əngəlləyib. Bəlli olduğu kimi, Türkiyə
NATO tərkibində Amerika Birləşmiş Ştatlarından sonra ən çox "əzələ nümayiş
etdirən” ölkədir. Lakin Avstriya da NATO ilə yaxından əməkdaşlıq edir.
Avstriyanın Kosovoda 400 hərbçisi fəaliyyət göstərir. Türkiyə NATO və Avstriya
arasında əməkdaşlığa veto qoymaqla, alyansın 41 ölkə ilə tərəfdaşlıq
əlaqələrinə əngəl yaradıb. Məhz bu səbəbdən NATO bu yaxınlarda öz daxili
qaydalarını dəyişib və alyans indi tərəfdaşlıq münasibətlərini hər bir ölkə ilə
ayrı-ayrılıqda quracaq.
BBC məlumatlı mənbələrdən aldığı məlumat əsasında
bildirir ki, Ankara əslində NATO-nun Vyana ilə tərəfdaşlığını son bir il
ərzində bloklayıb. Türkiyənin vetosu NATO-nun Azərbaycan da daxil, bir sıra
keçmiş sovet respublikaları ilə tərəfdaşlığını da bloklamışdı, lakin adının
çəkilməsini istəməyən alyans nümayəndəsi deyib ki, artıq tərəfdaşlıq qaydası
dəyişdirilib.
Avstriya da Türkiyənin vetosuna acıqlı reaksiya
verib. Müdafiə naziri Hans Peter Doskozil deyib ki, Ankaranın hərəkəti bütün
Avropanın təhlükəsizliyini riskə atır. Nazir bildirib ki, Türkiyənin hərəkəti
bu ölkənin həqiqətən də Avropa İttifaqı üzvlüyünə layiq olmadığını nümayiş
etdirir: "Mən Türkiyənin NATO-daki hərəkətlərini ciddi şəkildə tənqid edirəm.
Bu, Avstriyaya qarşı çox məsuliyyətsiz hərəkətdir və bu, mənim Türkiyənin
Aİ-nin bir hissəsi olmaqdan çox uzaqda olduğu düşüncəmi daha da möhkəmləndirir”.
BBC ilə danışan bir NATO rəsmisi deyib ki, "müttəfiqlik Avstriya ilə
əməkdaşlığa son qoymur. Bizim birgə təhlükəsizliyimiz üçün onların göstərdiyi
dəyərli səylərə minnətdarıq. Ümid edirik ki, Türkiyə və Avstriya arasında
ikitərəfli məsələlər mümkün olduqca tez həll olunacaq”.
NATO-nun növbəti görüşü mayın 25-də Brüsseldə
keçirilməlidir. Görüşün terrorla mübarizə və öhdəliklərin daha ədalətli
paylaşılması barədə olacağı bildirilir.
Yeri gəlmişkən, NATO daxilində də bir gərginlik
nümayiş olunur. Söhbət üzvlük haqlarından gedir. ABŞ prezidenti Donald Tramp da
Ümumi Daxili Məhsulunun (ÜDM) ən azı 2 faizini müdafiə üçün xərcləməyən NATO
üzvlərini tənqid edib.
Onu da qeyd edək ki, Avstriya ilə yanaşı,
Türkiyənin Almaniya ilə də münasibətləri pisləşib. İki qüdrətli NATO üzvü
arasında diplomatik gərginlik yaşanır. Almaniya Bundestaqının bir qrup deputatı
Türkiyəyə planlaşdırılan səfəri ləğv edib. Bu barədə alman mətbuatı məlumat
yayıb. Qeyd edək ki, Bundestaqın vitse-prezidenti Klaudiya Rot ("Yaşıllar
Partiyası”) və daha üç deputat 25-28 may tarixlərində Ankara, Diyarbəkir və
İstanbula səfər etməyi planlaşdırıblarmış. Səfər çərçivəsində Türkiyə XİN
nümayəndələri, parlament rəhbərliyi və deputatlarla görüşlər nəzərdə
tutulmuşdu. "İncirlik” aviabazasına baş çəkmək deputatların planlarına daxil
olmayıb. Qərarın səbəbləri açıqlanmır. Səbəbləri Klaudiya Rot mayın 24-də
açıqlayacağını bildirib. Rəsmi Ankara bundan əvvəl alman deputatların
"İncirlik” aviabazasına səfərinin mümkünsüz olduğunu bəyan etmişdi.
Gündəmdə alman hərbçilərin "İncirlik” hərbi bazasından
çıxarılması da var. Lakin hələ ki bununla bağlı qərar verilməyib. Almaniya müdafiə
naziri Ursula fon der Leyen deyib ki, bu məsələni hazırda Türkiyə hökuməti ilə
müzakirə edirlər. Beləliklə, gəlinən nəticə budur ki, Qərb ölkələri məqsədli
şəkildə Türkiyəni öz sıralarına qəbul etmək istəmir. Lakin Avropa anlamalıdır
ki, Türkiyənin Avropadakı qurumlardan uzaqlaşması Avropaya heç nə
qazandırmayacaq. Türkiyə Avropadan nə qədər asılıdırsa, Avropa da eyni zamanda
Türkiyədən asılıdır. Avropa ilə ticarət dövriyyəsində Türkiyənin böyük rolu
var. Eyni zamanda, NATO çərçivəsində Türkiyəni "cənub qalası” adlandırırlar.
Avropanın enerji təhlükəsizliyində tranzit olaraq Türkiyədən istifadə olunur.
Bu siyahını bir az da genişləndirmək olar. Belə olan halda, qardaş ölkəyə bu
münasibət qərəzlidir və həm də təsadüfi deyil. Çünki illər öncə Almaniya
kansleri Angela Merkel deyirdi ki, Avropa İttifaqı bir xristian klubudur və
Türkiyəni burada görmək istəmirik. Türkiyənin də bu səbəbdən adekvat addımlar
atması təqdirəlayiq hesab edilməlidir.
Azər