• cümə, 26 Aprel, 08:46
  • Baku Bakı 12°C

Türkiyə və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2 121 mln. dollara yaxınlaşır

06.09.13 17:39 1738
Türkiyə və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2 121 mln. dollara yaxınlaşır
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində “CNR Expo” mərkəzində təşkil edilmiş “World Food” Beynəlxalq Qida Məhsulları və Texnologiyaları sərgisində iştirak edib.
Bu barədə “APA-Economics”ə məlumat verən ASK mətbuat xidmətinin rəhbəri Emil Süleymanov bildirib ki, tədbirdə Türkiyənin Qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Kutbettin Arzu, Türkiyə Qida Dərnəkləri Federasiyası idarə heyətinin başçısı Şəmsi Kopuz, “İTE Group” inkişaf üzrə direktoru Ben Vilyamson və başqa natiqlər çıxış ediblər. Onlar tədbirdə fikir və mülahizələrini bölüşüblər.
Tədbirdə çıxış edən ASK prezidenti Məmməd Musayev iki qardaş ölkə arasında iqtisadi və mədəni əlaqələrin daim inkişaf etdiyini vurğulayıb, fikrini real rəqəmlərlə əsaslandırıb.
“İki ölkə arasında 2000-ci ildə xarici ticarət dövriyyəsi 134 mln. 760 min dollar idisə, 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2120,4 mln. ABŞ dollarına çatıb. Bu rəqəm Rusiya və ABŞ-dan sonra 3-cü yer deməkdir. İndi Azərbaycanın Türkiyədən idxalı 1520,4 mln. ABŞ dolları, Türkiyəyə ixracı isə 600 mln. ABŞ dolları təşkil edir”, - deyə M. Musayev əlavə edib.
Daha sonra Azərbaycan nümayəndə heyəti 500-dən çox şirkətin və 1000 çeşiddə məhsulun təmsil olunduğu pavilyona gedib, danışıqlar və fikir mübadilələri aparıblar.
Qeyd edək ki, səfərin əsas məqsədi beynəlxalq təcrübə, sahibkarlığın inkişafı, Azərbaycanın iş adamlarının yeni texnologiyalarla tanışlığı, Türkiyənin ixrac texnikası, avadanlıqları ilə yaxından təmas və ticarət əlaqələrinin genişləndirilməsi kimi zəruri məsələlərdən ibarət olub.
Sərginin builki layihəsinə əsasən, tədbirin növbəti dəfə Azərbaycanda təşkili qərara alınıb. Tədbirdə iştirak edən azərbaycanlı iş adamları səfərdən razı qaldıqlarını, sərginin onlara bu sahədə geniş bilgi və məlumatlar verdiyini qeyd ediblər.
banner

Oxşar Xəbərlər