Türkiyə üçün həlledici gün
Qardaş Türkiyə bazar günü tarixinin ən önəmli, sözün əsl mənasında
həlledici günlərindən birini yaşayacaq. Aprelin 16-da ölkədə Konstitusiyaya
dəyişikliklərlə bağlı referendum keçiriləcək. Səsverməyə çıxarılmış
Konstitusiyaya düzəlişlər baş nazirin vəzifəsinin ləğv edilməsini və prezidentə
əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur. O, hökumət başçısı olacaq,
fərmanlar verəcək, fövqəladə vəziyyət elan edəcək, nazirləri təyin etmək və
parlamenti buraxmaq hüququ alacaq. Düzəlişlər, həmçinin 2019-cu ildə prezident
və parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.
Seçkilər ərəfəsində vəziyyət sabitdir. Türkiyənin daxili işlər naziri
Süleyman Soylu 16 aprel Konstitusiya dəyişikliyi referendumunda Türkiyənin hər
yerində, hər şəkildəsəsvermənin təmin olunacağını bildirib. Nazir
referendumda səsvermə məntəqələrində təhlükəsizliyin təmini ilə əlaqədar
bildirib ki, bütün tədbirlər görülüb: "Referenduma tamamilə hazırıq”.
Səsvermə ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 16
apreldə keçiriləcək referendumun nəticəsi müsbət olacağı təqdirdə, Türkiyənin
iqtisadiyyatında ciddi irəliləyiş olacaq. Ərdoğan referendum üçün bütün
təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb. Yeni sistemlə millət vəkili
sayının 550-dən 600-ə çıxacağını ifadə edən Ərdoğan bildirib ki, bununla da
Türkiyə Böyük Millət Məclisi (TBMM) daha da güclənəcəkdir. ƏrdoğanAvropanın
bütün terror təşkilatları ilə bir olub, referendumdan mənfi nəticə əldə
edilməsi üçün əlindən gələni etdiyini də dilə gətirib. 16 aprelin eyni zamanda
Avropaya veriləcək güclü bir mesaj olduğunu ifadə edən Ərdoğan Konstitusiya
dəyişikliyi xalq tərəfindən təsdiqlənəcəyi təqdirdə, Avropa İttifaqı-Türkiyə
əlaqələrini yenidən nəzərdən keçirəcəklərini və Aİ ilə oturub danışacaqlarını
söyləyib. "Bazar günü xalqımın verəcəyi cavab sadəcə, milli deyil, eyni zamanda
beynəlmiləldir. Yüksək faizlə "hə” çıxsa, Aİ və başqaları ilə bir masaya
oturacağıq. 54 il gözlədik. Bundan sonra gözləməyə zamanımız yoxdur. Oturun,
qərarınızı verin, vermədiyiniz təqdirdə ,biz öz qərarımızı verəcəyik. Çünki
xalqım hazırda "biz gözləməyə səbri çatmayan bir ölkəyik” deyir”, - dövlət
başçısı bildirib.
Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/
PDY) ilə mübarizədə 16 aprelin əhəmiyyətini vurğulayaraq referendumdan sonra
FETÖ ilə mübarizəyə davam edəcəklərinin siqnalını verib. Fövqəladə vəziyyət
rejiminin tətbiqinə də toxunan Ərdoğan bunun müddəti bitdikdə vacib olsa təkrar
uzadıla biləcəyini söyləyib və Fransanı nümunə göstərib. Terror təşkilatı
PKK-nın Cənub-Şərqi Anadolu bölgəsində yaşayanlara həyatı zindan etdiyini ifadə
edən Ərdoğan təsirli şəkildə terrorla mübarizə etdiklərini, bölgəyə əmin-amanlığın
gəldiyini və hökumətin bölgədə ciddi yatırımlar qoyduğunu ifadə edib. Bölgədə
20 ayda 10 mindən çox terrorçunun məhv edildiyini bildirən Ərdoğan İspaniyada
ETA-nın etdiyi kimi, PKK-nın da silahları basdırmaqdan başqa çarəsi olmadığını
söyləyib.
Bəs referenduma ölkə müxalifətinin baxışı necədir? Qeyd edək ki, keçiriləcək
referendumla bağlı təbliğat əvvəlki seçki və referendum kampaniyaları ilə
müqayisədə daha az rəngli keçib. Məsələn, aparıcı müxalifət partiyası olan
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının ölkəni
parlament respublikasından prezident respublikasına çevirəcək Konstitusiya
dəyişikliklərini dəstəkləyərək hakimiyyət cinahına keçməsi siyasi kampaniyaya
təsirsiz ötüşməyib.
Onun hakimiyyətlə eyni cəbhədən çıxış etməsi MHP sıralarında
parçalanmaya səbəb olub. Onun müavini və partiyanın bir neçə yerli rəsmisi
istefa verib. Eyni zamanda, MHP-nin parlamentdəki bir neçə təmsilçisinin ona qarşı
çıxması onların partiya sıralarından qovulması ilə nəticələnib. Kürdpərəst
Xalqların Demokratikləşmə Partiyası (HDP) rəhbərlərinin həbsi isə fəallığın
azalmasına səbəb olub.
Beləliklə, hakimiyyətin təklif etdiyi Konstitusiya dəyişikliklərinin
müdafiəsini prezident və baş nazir başda olmaqla hökumət, hakim Ədalət və
İnkişaf Partiyası (AKP) və müxalif MHP həyata keçirir. Bu dəyişikliyin "avtoritar
idarəetmənin möhkəmlənməsinə xidmət etdiyini” əsas müxalifət partiyası olan Cümhuriyyət
Xalq Partiyası (CHP), MHP-dən çıxarılmış siyasətçilər və HDP-nin həbs olunmamış
təmsilçiləri izah etməyə çalışıblar. Konstitusiya dəyişikliklərini müdafiə edən
və qarşı çıxan elektorat "evet”çi və "hayır”çı cəbhələrinə bölünüblər.
Beləliklə, gözlər qardaş ölkəyə dikilib. İstənilən halda, əldə
olunacaq nəticə türk xalqının seçimi olacaq. Bu səbəbdən ona yalnız və yalnız
bu sınaqdan da uğurla çıxmağı arzu edirik. İnanırıq ki, belə də olacaq.
Azər