Türkdilli dövlətlərin zirvə görüşünün mədəniyyətlərarası münasibətə verəcəyi töhfə

Türkdilli dövlətlərin zirvə görüşünün mədəniyyətlərarası münasibətə verəcəyi töhfə

Mədəniyyət
16 Oktyabr 2019, 18:46 133
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Sammitdə türkdilli dövlətlərinin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın liderləri iştirak ediblər. Özbəkistan ilk dəfə olaraq Şuranın tamhüquqlu üzvü kimi sammitə qatılıb. Bununla yanaşı, Türk Şurasının işində Macarıstanın baş naziri Viktor Orban da iştirak edib.
Bu görüşdən sonra türkdilli dövlətlərin əlaqələrinin bundan sonrakı inkişaf perspektivləri barədə müzakirələr aparılır. Təbii, zirvə görüşü bütün sferalarla yanaşı, mədəni əlaqələri də inkişaf etdirəcək. Bakı sammitdən sonra türk dövlətlərinin mədəni sahədə əməkdaşlığının necə qurulacağına və bundan sonrakı inkişafı üçün hansı addımların atılmalı olduğuna ekspert və mədəniyyət nümayəndələrinin fikirlərini öyrəndik. Onlar birmənalı olaraq qeyd etdilər ki, zirvə görüşündə müzakirə olunan məsələlər, səslənən ideya və fikirlər həyata keçirilərsə, türkdilli dövlətlər bir-biri ilə daha sıx əlaqə quracaq və gələcəkdə ortaq türk dili, türk mədəniyyətinin formalaşmasına müstəsna töhfə verəcək.
Türkiyənin Azərbaycandakı mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi bildirdi ki, sammiti başdan sona qədər izləyib. Müşavir sammitdə müzakirə edilən mövzuların əhəmiyyətindən danışdı: "Nursultan Nazarbayev gözəl bir təklif irəli sürdü və məmnuniyyətlə qarşılandı.  O, qeyd etdi ki, sammitin adı Türkdilli dövlətlər deyil, türk dövlətləri birliyi olsun. İslam Konfransı təşkilatı, digər beynəlxalq təşkilatlar kimi bir təşkilat olaraq fəaliyyət göstərsin. Onun da  müxtəlif şöbələri olsun. Bu şöbələr - xüsusən də  Mədəniyyət şöbələri, TÜRKSOY, türk mədəniyyəti, türk parlamentləri qurumun ətrafında yenidən təşkilatlanacaq. Lazımdırsa, mədəni əlaqələrin genişləndirilməsi üçün yeni təşkilatlar qurulacaq. Bu çərçivədə fərqli dövlətlərdə yaşayan türk millətlərinin fərqliliklərinin, ortaqlıqlarının daha da önə çıxarılması, gücləndirilməsi yönündə işlər görüləcəyi qərara alındı. Növbəti sammit gələn il Türkiyədə keçiriləcək. O zamana qədər Azərbaycana türk dövlətlərindən nümayəndələr gələcək, burada müxtəlif istiqamətli layihələr həyata keçiriləcək. Misal üçün, ortaq media platformasının yaradılması, mədəniyyət və sənət nümayəndələri arasında iş birliklərin formalaşdırılması barədə qərar qəbul olunub. Bu ideyaların necə həyata keçiriləcəyi mövzusunda müzakirələr aparılacaq”.
İ.Çiftçi əlavə etdi ki, indiyə qədər türk dövlətləri birlikdə  bu layihələri həyata keçirirdisə, bundan sonra bəlli bir qurum tərəfindən reallaşdırılacaq: "İndi onun şöbələri və mərkəzi harada olacaq, dəqiq bilinmir. Sammitdə sənət qurumlarının iştirakı bir qədər  zəif idi. Gördüyüm qədəri ilə türk dövlətlərindən yalnız Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edirdi. Digər dövlətlərin də mədəniyyət nazirləri bu sammitdə iştirak etsəydi, məncə, mədəniyyət sahəsində daha çox nailiyyət əldə etmək olardı. Bundan sonra onlar da aktiv şəkildə bu layihələrdə iştirak etməlidirlər. Çünki türk dövlətləri arasında musiqi, sənət, teatr, universitetlərin bir-biri ilə sıx əlaqələr saxlaması, tələbə mübadilələri şəklində münasibətlərin qurulması vacibdir. Bunun üçün də bu proqramların uyğunlaşdırılması lazımdır”.
Azəri-Türk Qadınları İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyir ki, bu sammitin Bakıda keçirilməsi bizim üçün çox önəmli və bir o qədər də əlamətdar bir hadisədir: "Sammitdə çox ciddi təkliflər irəli sürüldü. Bunlar türk dünyası adına çox önəmli hadisələrdir. Orada irəli sürülən təkliflər çox ciddi mesajlar idi. Cənab prezidentimiz İlham Əliyevin "Bir millətin iki diasporu olmaz” fikri buna nümunədir. Sammit iştirakçıları bu fikri çox yüksək səviyyədə dəyərləndirdilər. Bu istiqamətdə mühüm işlər görülməyə başladı. Sammitdə Türkiyənin sərhədlərini terrorçulardan təmizləmək üçün apardığı haqlı mübarizəsində türk dünyası qardaş ölkənin yanında olduğunu bəyan etdi. Nazarbayevin türk dünyasının ağsaqqalı, fəxri sədri seçilməsi çox önəmli mesaj idi”.
T.Rüstəmxanlı ortaq türk mədəniyyətinin formalaşdırılmasının, birliyin daha da gücləndirilməsi yönündə ən önəmli bir addımlardan ola biləcəyini vurğuladı: "Bu sammit türk millətinə çox böyük töhfələr verəcək. Azərbaycan bir çox məsələlərin həll olunmasında böyük söz sahibidir. Artıq ölkəmiz milli məfkurənin mərkəzinə çevrilir ki, bu da çox önəmlidir. Bu sammitin türkdilli dövlətlərin mədəni əlaqələrinə də çox böyük töhfəsi olacaq. Ortaq filmlər çəkiləcək, böyük mədəni tədbirlər keçiriləcək, ortaq dəyərlərimizə məxsus olan ziyalılarımızın, sənət adamlarımızın kitabları hazırlanacaq”.
 
 
Azərbaycan Türk ocağı”nın başqanı Akif Aşırlı isə bildirdi ki,  iqtisadi əlaqələrin kökündə, təməlində mədəniyyət amili dayanır. O, qeyd etdi ki, türk xalqlarının eyni mədəniyyətə sahib olması şəksizdir: "Türk ölkələrinin Bakıda keçirilən VII sammiti bunu bir daha özündə əks etdirdi. Dövlət başçılarının çıxışlarına diqqət etsək, görərik ki, onlar əsas diqqəti TÜRKSOY-a və Qazaxıstanda yerləşən Türk Akademiyasına, Türk Mədəniyyət İrsinin Mühafizə Fondunun fəaliyyətinə diqqət yönəltdilər. Bu siyasi-iqtisadi əlaqələrin kökündə mədəni əlaqələrin inkişafı dayanır. Gələcəkdə türk xalqlarının mədəni həyatına təsirsiz ötüşməyəcək olan fikirlər səsləndirildi. Bu sammit, təbii ki, bizim ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir. Eyni soya, eyni kökə, eyni millətə söykəndiyimizi sübut edən tarixi abidələrimiz var. Çox yaxşı olardı ki, həm şifahi, həm də yazılı tarixi abidələrimiz, dastanlarımız, folklor nümunələrimiz toplansın və vahid bir hala gətirilsin. Bu da ortaq türk dilinin yaradılmasının ən böyük faktorlarından biri olmalıdır. Düşünürəm ki, gələcəkdə görüləsi işlər çoxdur. Bu sammitin nəinki türk dövlətlərinin iqtisadiyyatına, həm də mədəniyyətinə böyük töhfəsi olacaq. Belə görüşün keçirilməsi çox vacib faktordur. Özbəkistanın da birliyə daxil olması çox əhəmiyyətli bir hadisə idi. Macarıstanın da müşahidəçi qismində iştirakı yüksək qiymətləndirilməlidir. İnanırıq ki, Türkmənistan da birliyə daxil olacaq, növbəti sammitdə iştirak edəcək”.
Xalq artisti Məsum İbrahimov qeyd etdi ki, samitin keçirilməsi türkdilli dövlətlərin mədəni əlaqələrinə öz töhfəsini verir və bunu bir tarixi hadisə kimi qiymətləndirir: "Bakıda keçirilən zirvə toplantısı ölkəmizin və mədəniyyətimizin inkişafı üçün böyük töhfələr verə bilər. Türk birliyinin yaranması çox vacibdir. Dövlət başçımız İlham Əliyevin tutduğu mövqeyi alqışlayıram. Onun apardığı xarici və daxili siyasət nəticəsində ölkəmizdə stabillik hökm sürür. Ümumiyyətlə, türk xalqlarının qədimi tarixi var və sivilizasiyanın yaradıcılarından hesab olunurlar. Türk xalqlarının qədimliyini, mövcudluğunu, həm də məhz bu torpaqlarda mövcudluğunu isbatlayan "Kitab-i Dədə Qorqud” dastanımız var. Bu oğuz türk dastanı ən qədim yazılı nümunədir.
Ümumiyyətlə, bu dastanlarda xalqın ortaq hissləri, vətənpərvərlik, fədakarlıq, sədaqət, qəhrəmanlıq, mətinlik kimi sifətləri təbliğ edilir. Bu, təkcə bizim deyil, bütün türkdilli dövlətlərin tarixidir. Bütün bu dəyərlərimizin müzakirə edilib, onların təbliğatı ilə bağlı layihələr həyata keçirilməsini çox istərdim. Türkiyə türk birliyi coğrafiyasının döyünən ürəyidirsə, Azərbaycan da milli qardaşlıq simvolu və hərəkətverici qüvvəsidir. Hesab edirəm ki, sammitdə müzakirə edilən qərarlar nəticəsində dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətini digər yerlərdə də yayılması missiyası ortaya qoyulacaq. Türk mədəniyyəti, incəsənətinin  qorunması üçün mərkəz yaradılacaq. Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərini, mütəfəkkir, şair və yazıçılarını, habelə dövlət xadimlərini bütün dünyaya tanıtdırmaq, mədəniyyət və incəsənət sahəsində türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirmək kimi məsələlər müzakirə ediləcək.  Bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsi vacibdir. Türkdilli ölkələrin mədəniyyət və incəsənətinin ən yaxşı nümu nələrini yayan radio və televiziya proqramlarının, sənədli filmlərin hazırlanması üçün layihələr işlənməlidir. Teatr, musiqi, opera və balet sənəti sahəsində festival və müsabiqələr təşkil edilməlidir. Bir sözlə, türk dövlətlərinin ortaq mədəniyyətləri  bir-birinə daha sıx bağlanmalıdır”
 
Xəyalə Rəis