• bazar ertəsi, 02 dekabr, 17:12
  • Baku Bakı 7°C

Qarabağın koloritini yazan yazıçı - ANIM

27.04.24 03:43 9902
Qarabağın koloritini yazan yazıçı - ANIM

Dostları "altmışıncılar"ın ən istedadlı nümayəndələrindən biri olan yazıçı İsi Məlikzadəni xeyirxah bir insan kimi xatırlayırlar. Onun əsərləri kimi həyatda da maraqlı və baməzə insan olduğunu deyirlər. 

“İsi Məlikzadənin “Qatarda” hekayəsi əsasında çəkilən teletamaşanı hamı xatırlayır. Teletamaşa olmuş hadisə əsasında çəkilib. İsi Məlikzadə dost-tanışa danışırdı ki, “Qatarda” hekayəsindəki pinəçi-çəkməçi əslində qatarda yol gedən prokuror sərnişin olub. Öz başına gələnləri isə Sabir Mirzənin obrazında qələmə alıb. O vaxt senzura olduğu üçün prokuror obrazını qeyd edə bilməyib, onu pinəçi rolu ilə əvəzləyib. Beləcə, “Qatarda” hekayəsi, sonra onun əsasında hamının sevərək baxdığı “Qatarda” teletamaşası yaranıb”. Yazıçı, millət vəkili Aqil Abbas yaxın dostu və həmyerlisi İsi Məlikzadə haqqında doğum günün ərəfəsində (1 May doğum tarixidir - red.) anım yazısı hazırlamaq istəyimizi bilincə söhbətə bu xatirə ilə başladı. O, bu günlərdə yazıçı dostları - Seyran Səxavət və Vaqif Bəhmənli ilə birlikdə İsi Məlikzadənin Ağcabədidəki məzarını ziyarət etdiklərini dedi: “İsi Məlikzadə Qarabağın koloritini yazan bir yazıçıdır. Bütün əsərləri koloritlidir, hamısı qeyri-adi əsərlərdir. Biz yaxın dost idik. O, yaşca məndən böyük idi. Mən onun bütün nəsil-nəcabətini tanıyıram. Atası Abbas kişi də çox ağıllı bir adam idi. Dərin yumor hissi vardı. İsinin zarafatları, yumoru da ondan gəlirdi. İsi mənim çox sevdiyim adam idi. Gözəl piano çalırdı, yaxşı da səsi vardı. Birlikdə çox yaddaqalan günlər keçirmişik”.

Ölümün də İsi Məlikzadə üçün fərqi yoxdur

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bir neçə il əvvəl İsi Məlikzadə dünyasını dəyişəndə “Ölüm İsiylə zarafat elədi” adlı xatirə yazısı qələmə aldığını deyir: “İsi Məlikzadə mənim tanıdığım və sevdiyim ən səmimi, ən duzlu və çevik düşüncəli adamlardan biri idi. “Ədəbiyyat və incəsənət” qəzetinə işləməyə gəldiyim ilk günlərdən tanıyırdım onu. Əslində, “onu tanıyırdım” demək düzgün deyil, çünki İsini tanımaq həm də onun ətrafındakı bütün adamları, dostlarını, düşmənlərini, qohum-əqrəbalarını, Ağcabədidə yaşayan atası Abbas kişini və onun yaxınlarını tanımaq demək idi. Onların bir qismi İsi Məlikzadənin əsərlərinin qəhrəmanlarıdır. Bir qismi isə yazılarına düşməsə də, dilindən düşmürdü… Təəssüf ki, sağlığında rayondakı evlərinə gedə bilməmişdim, yalnız yasında görə bildim, amma, əslində, o evi və ora bağlı olanları İsi özünəməxsus yumorla, dönə-dönə o qədər gözəl təsvir eləmişdi ki, bilmədiyimiz bir tərəfi qalmamışdı. İsi yazıçıların “altmışıncılar” nəslinin ən istedadlı nümayəndələrindən biri idi. Əsərlərində həyatımıza, böyüdüyü mühitə, gördüyü dünyaya təkrarsız, qeyri-adi bir münasibət vardı. Onun gördüyünü başqası görə bilməzdi”.

“Onu sevənlər, özünə dost sayanlar çox idi”

 S.Rüstəmxanlı qeyd edir ki, İ.Məlikzadə kirayənişinlik günlərindən başlayaraq onlara gedib-gələrdi: “Onu sevənlər, onu dost sayanlar çox idi. Mən də onlardan biri idim. Bu baxımdan o, böyük istedad sahibiydi. Ən maraqlısı da bu idi ki, söhbət zamanı özü nadir hallarda gülərdi. Sözü ortaya atıb başqalarının reaksiyasını izlər və maraqlı nəticələr çıxarardı. Qəmli vaxtlarında da gözündəki gülüş çəkilməzdi. O qədər sərrast atmacaları vardı ki, anında doğulduğuna inanmaq olmurdu. Elə bilirdik, günlərlə düşünüb tapdığı fikirdir. Yaxın dostlarına, yazıçılara sataşmağı xoşlayırdı. Məsələn, Fərman Kərimzadənin onların televizorlarını “təmir” etməsini, Tofiq Bayramla görüşə getmələrini, çap üçün verdiyi povest haqqında Sabir Əhmədlinin rəy söyləməsini o qədər incə və tikanlı bir zarafatla danışardı ki, gülməkdən çənəmiz ağrıyardı. İsinin bir sıra zarafatlarını yazıya almaq mümkün deyil. Amma bəzi zarafatları da hazır bədii əsərdir; o vaxt yazmadıqlarına görə bu gün folklor şedevridir. Bu baxımdan, Əzrayılın Yazıçılar İttifaqına gəlişini təsvir edən söhbətləri bitmiş bir bədii əsərdir. Nə qədər desək də, yazıya almadı”. S.Rüstəmxanlı qeyd edir ki, İsi Məlikzadə təmiz, xeyirxah, hamıya yaxşılıq eləməyə çalışan, özünü gözə soxmağı bacarmayan, sevimli bir insan idi: “Ağcabədidəki məzarını bir neçə dəfə ziyarət etmişəm. Həmin qəbiristanlıqda qəribə bir rahatlıq duyuram. Ölüm də İsiylə zarafat elədi. Belə qəbiristanlıqda yatmağa nə var ki… Özünə sataşmağı da vardı. Bir dəfə ciddi görkəmlə demişdi: “Mən ölüm, heç belə də ad olar. Əvvəldən axıra, axırdan əvvələ - heç bir fərqi yoxdur: İsi!” Mənə elə gəlir ki, ölümün də İsi Məlikzadə üçün fərqi yoxdur. Onun sözü, əsərləri həmişə canlıdır, adı dostlarının dilindədir. Elə gün olmur ki, xatırlanmasın, o dünyadan ciddi görkəmlə baxa-baxa bizi bu dünyada güldürüb düşündürməsin...”  

"Son iş yeri bizim jurnal oldu"

Tənqidçi Vaqif Yusifli İsi Məlikzadə ilə bir neçə il bir redaksiyada - “Azərbaycan” jurnalında işləyib: “Elə son iş yeri də bizim jurnal oldu. Çox koloritli bir insan idi. Onunla dəfələrlə söhbət etmişəm və mənim üçün onun əsərləri nə qədər maraqlı idisə, özü də söhbətlərində, ünsiyyətində bir o qədər maraqlıydı. Elə bil xəyalımda ayrıca “İsi Məlikzadə” povestini vərəqləyirdim onunla söhbət edəndə. İsi Məlikzadə xarakter ustası idi. Onun povestlərində yaddan çıxan, oxuduqdan sonra unudulan obrazlar nəzərə çarpmır”. V.Yusifli mərhum yazıçını son dəfə - ölümündən bir neçə gün əvvəl televiziyanın həyətində gördüyünü deyir: “Ayaq üstə dayanmışdı, rəngi də xoşuma gəlmədi, xəstə olduğunu hiss etdim. Kömək təklif elədim, dedi “yox”, Mövlud Süleymanlını görməliyəm. Və getdi. Bu, mənim xəyalımda yaratdığım “İsi Məlikzadə” povestinin son cümləsi oldu. İki-üç gündən sonra televiziyadan onun ölüm xəbərini eşitdim. 61 yaşını təzəcə keçmişdi, amma ondan sonra cəmi 11 gün yaşadı. 1995-ci il 12 mayda vəfat etdi. Bax, bu mənada İsi Məlikzadə öz vaxtsız ölən qəhrəmanlarına bənzədi”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər