• çərşənbə axşamı, 03 dekabr, 15:28
  • Baku Bakı 8°C

Azərbaycan teatrının kraliçası - ANIM

15.06.24 03:06 10462
Azərbaycan teatrının kraliçası - ANIM

Tanınmış aktrisa, Xalq artisti Amaliya Pənahova plastikası, səsinin məlahəti, yaratdığı obrazların gözəlliyi ilə tamaşaçılarını ovsunlayırdı. Sənət dostları onun fitri istedadını, qayğıkeşliyini, işinə vurğunluğunu indi də unuda bilmirlər. 

O axşam salon insanlarla dolu idi. Teatrsevərlər Lənkəran şəhər Mədəniyyət Sarayında İlyas Əfəndiyevin “Büllur sarayda” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya böyük maraqla baxırdılar. Tamaşada baş rolda - Aynur rolunda Xalq artisti Amaliya Pənahova oynayırdı. Aktrisa büllur sarayın göz qamaşdıran dəbdəbəsində nakam sevginin iztirablarını elə həssaslıqla çatdırırdı ki, gözlər səhnəyə dikilib qalmışdı. Tərəf müqabili - Həbib rolunun ifaçısı isə mərhum Xalq artisti Əliabbas Qədirov idi. Aktrisanın plastikası, səsinin məlahəti, obrazının gözəlliyi salondakıları ovsunlamışdı. Və o zaman həmin tamaşaçıların arasında bu sətirlərin müəllifi də vardı... Onda inanmazdım ki, efirdən oyununu heyrətlə izlədiyim aktrisanı gün gələcək səhnədən daim canlı izləmək, daha sonralar onunla ünsiyyətdə olmaq imkanım olacaq. Günlərin birində müsahibim kimi mənimlə xatirələrini vərəqləyəcək... Və yenə də bir gün - Amaliya xanımın doğum günü ərəfəsi (iyunun 15-i- T.M.) aktrisanı sənət dostları ilə yenidən yad edəcəyik...

“O, əvəzolunmaz tərəf-müqabil idi”

“Amaliya xanımı ikinci kursda oxuyanda teatra dəvət etdilər”, - deyə Xalq artisti Rasim Balayev xatırlayır: “Sən həmişə mənimləsən” tamaşası böyük hadisə oldu. Onda instituta daxil olmamışdım. “Səhnəyə belə bir istedad gəlib”, - deyə Amaliya xanım haqqında oxuyurdum. O, elə-belə gəlmədi, böyük təntənə ilə gəldi. Uzun müddət Azərbaycan teatrında əsas rolları oynadı. Onda həm aktrisalıq qabiliyyəti gözəl idi, həm də rejissorluq qabiliyyəti vardı. Televiziyada tamaşalar hazırladı. Öz teatrını - Bələdiyyə Teatrını qurdu. Bu teatrın səhnəsində bir-birindən gözəl tamaşalar hazırladı. Amaliya xanım Bələdiyyə Teatrını quranda çox əziyyət çəkdi”. R.Balayev aktrisanın kino fəaliyyətinə toxunur:

“Bizim tərəf-müqabilliyimiz əsasən “Babək” filmində oldu. Ona qədər bir neçə epizodik rollarımız olmuşdu. Məsələn, “Arxadan vurulan zərbə” filmində çəkilmişdik. “Babək”də Zərnisə rolunu oynadı. Bu, çox ağır və məsuliyyətli işimiz oldu. Amaliya xanımın bir aktrisa kimi böyük imkanları vardı. Çox adamlarda bunu görməmişəm, heç özümdə də görməmişəm. O, çox məsuliyyətli və zəhmətkeş idi. Əsl sənət fədaisi idi. Bir dəfə soruşdum ki, sən teatrda, kinoda bu qədər işləyirsən, bəs uşaqları kim saxlayır, ev-eşiyi kim təmizləyir? Yəqin qulluqçunuz var... Dedi ki, yox, mən hər işi özüm görürəm. İşdən sonra ev işləri ilə məşğul oluram, uşaqlarıma baxıram”. R.Balayev deyir ki, Amaliya xanımla tərəf-müqabil olmaq böyük sevinc idi: “Onun aurasından insan özünü səfərbərliyə alırdı və istəyirdi ki, onun tələb etdiyi kimi oynasın, daha da məsuliyyətli olsun. Bu mənada o, əvəzolunmaz tərəf-müqabil idi. Son vaxtlar xəstə idi, amma heç kimə bildirmirdi. Mən də xəbərsiz idim. Ancaq onda həyat eşqi davam edirdi. Mən Türkiyədə müalicədə olarkən onun ölüm xəbərini eşitdim. Düzü, çox sarsıldım...” 

“Anadan aktrisa doğulmuşdu”

Rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov Amaliya Pənahova ilə uzun illər birlikdə çalışdığını deyir: “Amaliya xanımla ilk görüşüm 1981-ci ildə İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərində oldu. Bu pyes müəllif tərəfindən Amaliya xanıma həsr olunmuşdu. Amaliya xanım həmin illərdə teatrdan getmişdi, lakın o əsərlə yenidən teatra qayıtdı. Xan qızı Natəvan obrazını da çox gözəl oynadı. Rəssamlar Xan qızının şəkillərini çəkəndə çalışırdılar ki, çəkdiklərini Amaliya xanımın surəti ilə uyğunlaşdırsınlar”. Rejissor deyir ki, ilk əməkdaşlıqdan sonra aktrisa bir-birinin ardınca onlarla quruluş verdiyi əsərdə rol alıb: “Amaliya xanımın bütün obrazları teatrda böyük hadisəyə çevrilirdi. Onun heç bir zəif tamaşası olmadı. Sonra o həyat yoldaşı Yusif Muxtarovla birlikdə Bakı Bələdiyyə Teatrını yaratdı. Bu gün də bu teatr tamaşaçıları öz tamaşaları ilə sevindirir. Onun ölümündən sonra qızı Aynur xanım məni teatra dəvət etdi. Onun xatirəsinə “Xan qızı” əsərinin bir neçə qolunu Amaliya xanımın xatirəsinə həsr etmişik. Amaliya xanımın doğum və anım günlərində məhz o tamaşanı təqdim edirik”. M.Fərzəlibəyov aktrisanın böyük sənətini səciyyələndirən xüsusiyyətlərindən də danışır:

“Amaliya xanım təbii aktrisa idi. O, anadan aktrisa doğulmuşdu. Ona səhnədə yalnız mizan vermək lazım idi. Onda fenomenal bir istedad vardı. Amaliya xanım təkrarolunmaz səsə malik aktrisa idi. Həmçinin onun gözəl musiqi duyumu vardı. Bir sıra tamaşalarımda, xüsusən “Təhminə və Zaur”u hazırlayanda Təhminənin beş mahnısını özü ifa etmişdi. O, hərtərəfli aktrisa idi. “Sən həmişə mənimləsən”dəki Nargilə obrazından sonra İlyas Əfəndiyev əsərlərində daim Amaliya xanım üçün xüsusi obrazlar nəzərdə tuturdu. Amaliya xanım hər bir qəhrəmanının əzablarını, sevinc və kədərini həqiqi mənada yaşayırdı”. 

“Biz ondan həm də həyat dərsi alırdıq”

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova bir aktrisa kimi Amaliya xanımdan çox şey öyrəndiyini deyir: “Amaliya xanımın özü bir məktəb idi. Əslində şansımız gətirmişdi ki, belə bir sənətkar bizim rəhbərimiz idi. Təkcə səhnədə deyil, həyatda da bizim üçün nümunə idi. Biz ondan həm də həyat dərsi alırdıq. Elə bir aktrisa ilə bir səhnəni bölüşmək, ya onun rejissoru olduğu bir tamaşada iştirak etmək, birlikdə səfərə getmək, udduğu havanı udmaq bizim şansımız idi. Özümü şanslı sayıram ki, bu teatrın aktrisasıyam və Amaliya xanımın məktəbini keçmişəm. Mən həmişə ona “Teatr kraliçası” demişəm. Amaliya xanım həm də çox gözəl dost idi”.

H.Mürvətova deyir ki, Bələdiyyə Teatrına məhz Amaliya xanımın dəvəti ilə gəlib: “O, mənə inandı və “Tomrisin monoloqu”nu mənə tapşırdı. Hətta öz kostyumunu verdi. Sevinirəm ki, bu gün də bu teatr fəaliyyətini uğurla davam etdirir. Bu, Amaliya xanımın xatirəsinə böyük ehtiramdır”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər