• şənbə, 27 Aprel, 16:03
  • Baku Bakı 27°C

Onun şeirləri musiqiyə ölçülmüşdü - ANIM

10.02.24 01:38 7533
Onun şeirləri musiqiyə ölçülmüşdü - ANIM

İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi tanınıb. Şairin şeirlərində bu qədim yurdun ecazkarlığı özünəməxsus poetik dillə təsvir olunub. Hətta şairin “Naxçıvanım” şeirini Azərbaycan poeziyasının "Naxçıvannamə"si adlandırırlar.

Bütün ölkə tək onun poeziyasını, dramaturgiyasını deyil, sözlərinə yazılmış mahnıları da sevirdi. O mahnılar ki, bu gün də böyük şövq və zövqlə səsləndirilir - konsert proqramlarında, radio dalğalarında, məclislərdə, ziyafətlərdə...

Onun şeirləri musiqiyə ölçülmüşdü. Mahnı müəllifləri iddia edirdilər: İslam Səfərli mahnı poeziyasını əsl poeziya səviyyəsinə ilk çatdıranlardan biridir. “Ana”, “Bir könül sındırmışam”, “Bakı, sabahın xeyir”, “Buludlar”, “Ağ şanı, qara şanı”, “Gəncliyimi gəzirəm”, “Qonaq gəl bizə”, “Ay öpüşən dalğalar”, “Nə vaxta qaldı” və s. mahnıları kim eşitməyib? Dodaqdan qəlbə süzülən bu nəğmələr kimlərə könül xoşluğu bəxş etməyib, ruhunu ovutmayıb? Bu mahnıların hər birinin arxasında şairin özü qədər məşhur və sevimli bəstəkarların imzası var: Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Ramiz Mustafayev, Emin Sabitoğlu, Ramiz Mirişli, Nəriman Məmmədov... Onlar İslam Səfərlinin poeziyasından ilhamlanıblar.

51 illik ömrün hekayəsi

12 fevral İslam Səfərlinin doğum günüdür. Görkəmli şair-dramaturq cəmi 51 il ömür sürüb. Amma bu qısa ömrün səhifələrinə tək Azərbaycan poeziyasına və dramaturgiyasına bəxş etdiyi əsərləri deyil, həmçinin İkinci Dünya müharibəsində könüllü iştirakı da, ictimai fəaliyyəti də sığıb.

Müharibə dəhşətlərinin yaradıcılığında yer alması da təsadüfi olmayıb. O, Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində orta məktəbi bitirdikdən sonra könüllü cəbhəyə yollanıb. Sonradan poema və şeirlərində davanın ağrı-acılarından yazıb, vətənpərvərliyi, qəhrəmanlığı vəsf edib.

İslam Səfərli şair kimi tanınsa da, qələmini ədəbiyyatın digər janrlarında da uğurla sınayıb: oçerk, novella, libretto, kinossenari, məqalələr yazıb. Dramaturq kimi də böyük uğurlar qazanıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə məşğul olub. A.S.Puşkin, M.Svetlov, S.Marşak, K.Koladze, Y.Dolmatovski kimi tanınmış klassiklərin yaradıcılığının Azərbaycan oxucuları tərəfindən sevilməsində böyük rolu olub.

Şairin işıq üzü görən 18 kitabı isə poeziyasevərlərin masaüstü kitabına çevrilib.

Azərbaycan şeirinin Naxçıvannaməsi

İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi tanınıb. Şairin doğulub boya-başa çatdığı torpaq haqqında yazdığı şeirlərində bu qədim yurdun ecazkarlığı özünəməxsus poetik dillə təsvir olunub. Hətta şairin “Naxçıvanım” şeirini Azərbaycan şeirinin Naxçıvannaməsi adlandırırlar. “İslam Səfərli anadan olduğu, böyüyüb boya-başa çatdığı yerləri özünə xas olan səmimiyyət və istedadla qələmə alır, oxucularda bu yerlərə maraq oyadır. Bu şeirləri oxuyan adam sanki Naxçıvanı seyrə çıxır. Şair Naxçıvanın “Gəlin daşı”nı, “Batabat”ını, “Xal-xal meşəsi”ni, gecə-gündüz Vətəni qoruyan sərhədçinin düşüncələrini tərənnüm edir”, - deyə Xalq şairi Məmməd Rahim heyranlığını gizlətmirdi.

Böyük hörmət sahibi

Şairi tanıyanlar, onunla ünsiyyətdə olanlar isə bulaq kimi çağlayan şeirlərinin məhz İslam Səfərli kimi bir şairin qələmindən süzülə biləcəyini deyirlər.

Xalq şairi Nəriman Həsənzadə İslam Səfərli ilə qonşuluqda yaşayıb: “Biz Hüsü Hacıyev küçəsindəki Yazıçılar Evində qonşu idik. İslam çox gözəl insan idi. Əlfi Qasımovla möhkəm dost idilər. Onların dostluğu bizə də sirayət edirdi. Biz onlardan sədaqətin, vəfanın nə demək olduğunu öyrənirdik. Yadımdadır, o müharibədən qayıtmışdı. Bu barədə xatirələrini tez-tez danışırdı. Çox mehriban, istiqanlı insan olmaqla bərabər, gözəl şair və sevilən nəğmələr müəllifi idi. Onun şeirlərinə çox mahnılar yazılırdı. Mənim İslam Səfərliyə xüsusi rəğbətim vardı. O, böyük hörmət sahibi idi”.

“Hanı mənə oxşayan o qara oğlan?”

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli xatırlayır: “İslam Səfərli vəfat edəndə mən kənddə müəllim işləyirdim. Mən onun ailəsi ilə tanışam. İslam Səfərlinin yaradıcılığı haqqında yazmışam. Qardaşı onun kitabları çıxanda ön söz yazmağımı istəyirdi. İslam Səfərlinin özünəməxsus yaradıcılıq siması vardı. O, müharibə görüb, kəşfiyyatçı olub, qayıdandan sonra yaradıcılığını uğurla davam etdirib”.

V.Yusifli mərhum şair haqqında dostu Əlfi Qasımovun xatirəsini danışır: “İslam Səfərli tələbə olanda Səməd Vurğunun tələbələrlə görüşü keçirilib. Bir neçə nəfər çıxış edəndən sonra Səməd Vurğun “Hanı mənə oxşayan o qara oğlan, gəlsin şeir oxusun” deyə İslam Səfərlini çağırıb: “Yazıçılar İttifaqında keçən “Gənclər günü”ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?” - deyə soruşub. İslam xitabət kürsüsünə qalxaraq “Beşik başında” şeirini şövqlə oxuyub. Alqış səsləri salonu titrədib...”

V.Yusiflinin fikrincə, İ.Səfərlinin şeirlərinin içərisindəki musiqi də onu sevdirib: “Mən istənilən bir şairə yanaşanda Füzulidən bir dad, duz axtarıram. Füzulinin şeirlərindəki dad, duz İslamın yaradıcılığında hiss olunur. Bəxtiyar Vahabzadə deyirdi ki, mən hər şairə “nəğməkar şair” deyə bilmərəm, amma İslam Səfərli əsil nəğməkar şairdir. Onun şeirlərinin içində böyük bir musiqi var. Hər şairin şeirləri musiqili səslənmir. “Ceyran gözlü Batabata gəlmişəm”, “Sevgilim keçən yerdən bütün şəhər yeriyir”, “Qönçələr açılıb, gülür çəmən, düz”... Şairin istənilən bir lirik şeirinə baxsan, orada mahnı və musiqi üçün doğulan bir mətn var. O mahnılar əsrlər keçdikcə yaşayacaq”.

Qəlblərdəki sevgi abidəsi

İslam Səfərli Azərbaycan poeziyasında şeirimizin Xəzər silsiləsini yaradan şair kimi əbədiləşib. “Pıçıldaşın, ləpələr”, “Ay öpüşən dalğalar”, “Dəniz” mahnılarında Xəzərin səsi, pıçıltısı “Xəzərim” şerinin ahəngdarlığına qarışır.

İndi Xəzərin mavi sularında üzən gəmilərdən birində “İslam Səfərli” adının əbədiləşməsi də haqqını tapıb. Bu gün Bakının mərkəzi küçələrindən bir də şairin adını daşıyır. Paytaxtda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi vurulub. Naxçıvanda oxuduğu 1 nömrəli məktəb də İslam Səfərlinin adınadır.

Nə qədər ki, şairin şeirləri səslənir, əsərləri oxunur, sözlərinə yazılan mahnılar eşidilir, qəlblərdə ucaltdığı sevgi abidəsi də daim yaşayacaq...

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər