• şənbə, 27 Aprel, 07:05
  • Baku Bakı 12°C

“Torpağı əkib-becərməyən yazıq adamdır”

12.04.16 13:17 1454
“Torpağı əkib-becərməyən yazıq adamdır”
Azərbaycanda torpağından istifadə etməyən şəxslərə qarşı tədbirlər görülməlidir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün nəticələrinə həsr olunmuş iclasında bildirib.
Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycanda istifadəsiz qalan kifayət qədər torpaq sahəsi var və hökumət buna qarşı tədbirlər görməlidir: “Mənə verilən məlumata görə, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər”.
Prezident bildirib ki, torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar: «Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, - hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, - bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər».
Mövzu ilə bağlı ekspertlərin də rəyini öyrəndik.
Millət vəkili Tahir Rzayev “Kaspi”yə verdiyi açıqlamada bildirdi ki, torpağı əkib-becərməyən şəxslərdən almaq lazımdır: “İstifadəsiz qalmış torpaqların böyük əksəriyyəti ayrı-ayrı şəxslərə və qurumlara məxsusdur. Bu torpaqların bir çox hissəsi isə bələdiyyələrə məxsusdur və fərdi adamlar həmin torpaqları icarəyə götürüblər. Bu torpaqların əkilib-becərilməsi üçün həmin torpaqları işgüzar adamlara vermək lazımdır. Çünki elə insanlar var ki, kənd təsərrüfatı işləri görmək istəyir, lakin onun torpağı yoxdur. Təəssüflər olsun ki, bir çoxları torpağı uzunmüddətli icarəyə götürsə də, həmin torpağı istifadə etmirlər. Bu torpaqların böyük əksəriyyəti əkinə yararlı torpaqlardır. Uzun müddətdir istifadə olunmadığına görə, həmin torpaqlar getdikcə yararsız vəziyyətə düşməyə başlayır və bu ərazilər şoranlaşır”.
Millət vəkilinin sözlərinə görə, istifadəsiz qalan torpaqlar üçün müəyyən maddi yardım edilməlidir: “Sözsüz ki, bəzi torpaqların əkilib-becərilməsi üçün müəyyən maliyyə vəsaitinin olması çox vacibdir. Bunun üçün həmin torpağı əkib-becərən şəxslərə xüsusi güzəştli kreditlər verilməlidir. Bundan əlavə, infrastrukturun yaradılması, yol, işıq, su və digər xərclərin çəkilməsi çox vacibdir. Burada daha bir məqam var. Əgər o torpaqlar işgüzar fermerlərə verilsə, onların özləri də bu işi görəcəklər. Bu məsələ dəfələrlə müzakirə edilib. Milli Məclisdə də bu mövzu qaldırılıb. Ayrı-ayrı iş adamları və şəxslər tərəfindən təkliflər olub ki, əkilməyən torpaqlar bu işə marağı olan şəxslərə verilsin”.
T.Rzayev qeyd etdi ki, əkilib-becərilməyən ərazilər kimin ixtiyarındadırsa, onlara müəyyən cərimə, yaxud sanksiyalar tətbiq olunmalıdır ki, bu kimi halların qarşısı alınsın: “Onlar vergiyə cəlb olunmalı, daha çox vergi ödəməlidirlər. Cənab Prezident bu günlərdə Nazirlər Kabinetinin iclasında da bu barədə öz fikirlərini bir daha bildirdi. Torpağa qayğı göstərilməli, ondan maksimum səmərəli şəkildə istifadə olunmalı, torpağın məhsuldarlığı artırılmalıdır. Təəssüflər olsun ki, bu sahədə işlər çox ləng gedir. Bəzi müvafiq orqanlar yerlərdə araşdırmalar aparır. Torpağı becərməyən adamlara müəyyən göstərişlər, tapşırıqlar verilir və xəbərdarlıqlar edilir. Hesab edirəm ki, gələcəkdə bu göstərişlərə əməl olunmasa, bu barədə əməli tədbirlər görülməlidir. Cəza məsələsinə gəldikdə isə qeyd etmək istərdim ki, torpaq ömürlük olaraq onların deyil. Bəzi adamlar torpağın mülkiyyətçisidir və özünün bir-iki hektar torpağı var. Təbii ki, əgər mülkiyyətçi o torpağı əkib-becərmirsə, o, yazıq adamdır. Çünki əkib-becərməklə yalnız özünə xeyir edər, maddi vəziyyətini yaxşılaşdıra bilər. Lakin elələri də var ki, torpağı uzunmüddətli icarəyə götürüb. Bu torpaqların ərazisi isə 50-100 hektardan daha artıqdır. Onların əlindən alınmalıdır bu sahələr. Əgər torpaq geri qaytarılmasa, bu barədə müəyyən inzibati tədbirlər tətbiq olunmalıdır. Çünki həmin şəxs bu torpağın sahibi deyil, icarəçisidir. İcarə müqaviləsində də aydın göstərilir ki, bu torpaqda icarəçi nə əkib-becərir. Müqavilənin şərtlərinə əsasən, bu ərazidə, taxıl, bostan, yaxud digər kənd təsərrüfatı məhsulları əkilib- becərilməlidir. Şərt qoyulur ki, əgər torpaq yararsız hala salınarsa, cərimə tətbiq olunmalıdır. Bundan başqa, müqaviləyə əsasən, hər bir orqanın haqqı var ki, torpağın əkilib-becərilmədiyi təqdirdə müqavilənin şərtini pozsun. Burada heç bir saxtakarlıq, inzibati tədbir yoxdur. Çünki müqavilədə hüquqlar və vəzifələr açıq şəkildə qeyd olunur”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qeyd etdi ki, Azərbaycanda ən ciddi məsələlərdən biri qeyri-neft sektorunu inkişaf etdirmək üçün kənd təsərrüfatına olan diqqəti artırmaqdır: “Kənd təsərrüfatında əsas problem istifadə olunmayan torpaqların istifadəyə cəlb edilməsidir. Elə insanlar var ki, 100-200 hektarlarla torpaq alıb və həmin torpaqlar on illərdir yatıb qalır. Ona görə də həmin torpaqlar istifadəyə verilməlidir. Yəni biznes strukturu, yaxud qeyri-fiziki şəxs torpağı alıbsa, həmin torpağı mütləq istifadə etməlidir. Əgər həmin şəxslər torpağından istifadə etmirsə, ya cərimə verməli, ya da torpağı istifadə edən adama satmalıdır. Bununla əlaqədar yəqin ki, yaxın vaxtda qərarlar qəbul ediləcək. Artıq torpağın istifadə edilməməsi ilə bağlı qanunvericiliyə müəyyən dəyişiklik etmişik. Bununla bağlı bəzi inzibati tədbirlər də nəzərdə tutulub”.
Millət vəkili torpaqların istifadə olunması üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlərdən də söz açdı: “Bu istiqamətdə bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı ilə məşğul olan hər bir insan üçün müəyyən güzəştlər var. Bu güzəştlərdən ən əsası odur ki, bu torpaqlardan vergi alınmır. Ümumiyyətlə, bir çox stimullaşdırıcı tədbirlər var. Eyni zamanda müəyyən təkliflər də həyata keçirilir. Burada ilk növbədə vacib olan əsas məsələ istifadə olunmayan torpaqların hamısını üzə çıxarmaqdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər