Top atdım, dolu dağıtdım
Sovet
vaxtı Azərbaycanda kənd təsərrüfatında dolu dağıdan toplardan istifadə edilib.
Kənd təsərrüfatına zərə vura biləcək buludlar bu toplardan atəş nəticəsində
dağıdılırmış, nəticədə dolu yox, sadəcə, yağış yağırmış. Yəni, dolu yağdıran
buludların törədə biləcəyi təhlükə minimum həddə endirilirmiş və bununla da təsərrüfatlar
az zərər görürmüş.
İndi bu
toplardan bizdə yoxdur, amma qonşu ölkə Gürcüstanda geniş tətbiq edilir.
Hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı prioritet sahələrdəndir. Dövlət
bu istiqamətdə fermerlərə, kənd təsərrüfatı ilə məşğul olanlara lazım olan köməyin
göstərilməsi üçün xeyli işləri görür. Lakin dolu yağan zaman kənd təsərrüfatı
böyük zərərlə üzləşir. Necə ki, bir neçə gün öncə bəzi rayonlara düşən dolu, kənd
təsərrüfatına mənfi təsirlərini vurdu. Bu fövqəladə hadisə isə demək olar ki, hər
il təkrarlanır.
Kənd təsərrüfatının
inkişafından söhbət gedirsə, kəndlinin məhsulunun təbii hadisələr zamanı az zərər
görməsi üçün də işlər görülməlidir. Bəs sovet vaxtı tətbiq olunan həmin üsulu
bu gün bərpa etmək, kəndlilərin bu problemini topçilarla həll etmək olmazmı? Qeyd
edək ki, Azərbaycan Respublikasının milli
iqtisadiyyat perspektivi üzrəStrateji Yol Xəritəsi”ndə
bu məsələdə də əks olunub. Doludağıdan topların alınması Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə həvalə edilib.
"Dağlıq ərazilərdə bu, kənd təsərrüfatı üçün effektiv
olardı”
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor
müavini Elmar Allahverdiyev "Kaspi”yə açıqlamasında
bildirdi ki, dolu və güclü yağış məhsuldarlığa mənfi təsir göstərir. Buna görə də, doludağıdan topların tətbiqi effektli olar:
"Məsələn, taxıl biçiminə yaxın güclü yağışların yağması, dolunun
düşməsi sahədən məhsulun yığılmasını çətinləşdirir, həmçinin məhsulun əhəmiyyətli dərəcədə məhv olmasına gətirib çıxardır.
Düzdür, bitkiçilikdə havanın yağmurlu keçməsinin bitkilər üçün əhəmiyyəti vardır, amma bu da
müəyyən inkişaf mərhələlərində lazımlıdır. Digər vaxtlarda, xüsusən çiçəkləmə və məhsul yığımına az
qalmış ərəfədə artıq miqdarda yağışların yağması və ya dolunun düşməsi kənd təsərrüfatına böyük ziyanlar vurur. Bu həmçinin müxtəlif növ xəstəliklərin, xüsusən göbələk xəstəliklərinin genişlənməsində özünü göstərir.
Vaxtilə yağışın uyğun olmayan
dövrdə və güclü yağmasından yarana biləcək ziyanın qarşısını
almaq məqsədilə doludağıdanlardan
istifadə olunub.
Sinoptiklərdən əldə olunan məlumatlar əsasında həmin toplarla zərərli buludlar dağıdılıb,
ərazidən uzaqlaşdırılıb. Doludağıdan
toplardan yenidən istifadə olunarsa, xüsusən dağlıq ərazilərdə bu, kənd təsərrüfatı üçün effektiv
olardı”.
"Toplarda istifadə olunan tozlar yerdən götürülür”
Ekspert
Çingiz İsmayılov deyir ki, həmin toplar yağışın istiqamətinin müəyyən qədər dəyişilməsi
və dolunun zərərlərinin qarşısının alınması üçün effektli qurğudur: "Vaxtilə
buludların yağma istiqamətini tənzimləmək üçün bu qurğudan bizdə istifadə
edilib. Topun əsas məqsədi odur ki, həmin buludda tozu yayır və o toz da
yağıntıya səbəb olur. Əgər hansısa əraziyə yağış yağdırmaq lazım olurdusa, orada
buluda top atılırdılar. Yaxud hansı əraziyə yağmasını istəmirdilərsə, bu zaman
o əraziyə çatmamış buludu dağıdırdılar ki, ora düşməsin”.
Ekspertin
sözlərinə görə, o qurğularda kimyəvi yox, adi tozlardan istifadə edilir və
onların ekologiyaya hər hansı zərəri yoxdur: "Son vaxtlar Bakıya yağış yağanda
çirkli olduğunu görürük. Çünki Bakıda 500-dən çox yeni bina tikilir. O tikinti
zamanı əmələ gələn tozlar havaya qalxır. Həmin toplarda istifadə olunan tozlar
da yerdən götürülür. Xüsusi aqreqatda emal olunduqdan sonra hərbi sursata
qoyulur və havaya atılır. O sadəcə, həmin buxarın yağış şəklində düşməsi üçün
kondensasiya olmalıdır. Toz, qum olmalıdır ki, orada o buxar kondensasiya olub
ağırlaşsın və yağış halında yerə düşsün, yaxud dolunu dağıtsın. Dolu dağıdılan
zaman isə yerə buz parçası kimi yox, yağış şəklində düşür. Ekoloji baxımından təhlükəli
deyil”.
Ç.İsmayılov
bildirdi ki, bu qurğulara yağıntı çox olan ərazilərdə daha çox ehtiyac var: "Şəki-Zaqatala,
Astara-Lənkəran kimi yerlərdə yağış çox olur. Yağıntı çox olan yerlərdə buna
ehtiyac var. Quraq zonalarda isə əgər bulud yoxdursa, orda zorla yağış yarada
bilməzsən. Quraq yerdə yağışı yaratmaq çətindir. Ancaq buludun lazım olmayan
yerə çatıb yağıntıya səbəb olmasının qarşısını almaq üçün doludağıdan vasitəsilə
yağışı başqa bir yerdə öncədən yağdırmaq mümkündür”.
"Bu məsələlər yalnız fövqəladə hadisə baş verəndə gündəmə
gəlməməlidir”
Azərbaycan Dövlət İqtisad Universitetinin dosentiQadir Bayramlının sözlərinə görə, bu məsələlər yalnız
fövqəladə hadisə baş verəndə gündəmə gəlməməlidir: "Doludağıdan topların yenidən istifadəsi məsələsi
2012 və 2014-cü illərdə gündəmə gəlmişdi. Çünki həmin illərdə ölkədə yüzlərlə
hektar əkin sahələri doludan zərər görmüşdü. 4-5 il əvvəl müvafiq idarələrin rəsmiləri
də doludağıdan topların alına biləcəyini söyləmişdilər. Düşünürəm ki, bu kimi məsələlər
yalnız fövqəladə hallar baş verən zaman gündəmə gəlməməlidir. Fövqəladə hallara
hər zaman hazır olmaq lazımdır. Bununla bağlı proqramlar hazırlanıb həyata
keçirilməlidir. İndi bu məsələnin həlli də Strateji Yol Xəritəsində əks olunub.
Ümidvaram ki, müvəffəqiyyətlə həyata keçiriləcək”.
Q.Bayramlı
deyir ki, kənd təsərrüfatının dolu yağan zaman zərərlə üzləşməməyi üçün geniş
proqram həyata keçirilməsinə ehtiyac var: "Sovet dövründə doludağıdan toplardan
istifadə edilib. Amma 90-cı illərin əvvəlində müharibə bölgəsinə aparılıb.
Sonrakı dövrdə o toplardan meteoroloji şəraitin kənd təsərrüfatı
baxımından yaxşılaşdırılması üçün istifadə edilməyib. Düşünürəm ki, o cür
qurğular alınmalıdır. Çünki hər il təxminən 20 faiz məhsul məhz doluvurma nəticəsində
itkiyə gedir. Bu sahədə geniş bir proqram həyata keçirilməlidir. Həm dəqiq hava
proqnozu olmalı, həm də rayonlardakı meteoroloji şəraiti
öyrənmək əhəmiyyətlidir”.
"Azərbaycanda
Ukrayna təcrübəsinin tətbiqi daha səmərəli olar”
Q.Bayramlının
sözlərinə görə, doludağıdan ibtidai toplar təxminən 150 il əvvəl İtaliyada
istifadə olunmağa başlayıb. Bu gün bir çox ölkələrdə geniş şəkildə tətbiqi həyata
keçirilir: "Həmin dövrdə topları əllə idarə edirdilər və karbit maddəsindən
istifadə olunurdu. Amma indiki dövrdə tətbiq olunan avadanlıqda asetilen
qazından istifadə olunur və məsafədən idarə edilir. Fransa, Belçika, Avstriya,
İspaniyada üzümçülər, bağçılar uzun illərdir ki, doludağıdan toplardan effektiv
şəkildə istifadə edirlər. Son dövrlərdə Yeni Zenlandiyada belə avadanlıqlardan
geniş şəkildə istifadə olunur.
Belçika
məsələsi daha maraqlıdır. Orada xəbərdarlıq sistemi var. O, problemin həllinin
birinci mərhələsini təşkil edir. Belçikada bununla yerli hidrometeorologiya
idarəsi məşğul olur. Fermerə onun ərazisində doluya səbəb olacaq meteoroloji şəraitin
yaranması haqqında sms məlumat verirlər. Fermer də həmin məlumat əsasında ərazisində
doludağıdan qurğuların istifadəsini həyata keçirir”.
Müsahibim
bildirdi ki, gələcəkdə Azərbaycanda Ukrayna təcrübəsinin tətbiqi daha səmərəli
olar: "Oradakı sistem 200 kilometr radiusda doluya səbəb olan buludları aşkar
edir, sonra kompüterdə yerləşdirilmiş xüsusi proqramın köməyi ilə operator, həmin
buludların hərəkətini müşayiət edərək sms və ya telefon zəngi ilə doludağıdan
qurğunun işə salınmasına gərək olduğunu müvafiq şəxslərə bildirir”.
Q.Bayramlı bu cür qurğuların qiymətlərinin təxminən 42 min avro civarında olduğunu dedi.
Eyni zamanda qeyd etdi ki, müasir doludağıdan qurğuların ölkəmizdə istifadəsi
üçün kadr hazırlığına ehtiyac var. Çünki onların istifadəsi müəyyən texniki
bilik və bacarıqlar tələb edir.
Aygün Asimqızı