• şənbə, 27 Aprel, 03:49
  • Baku Bakı 14°C

Tolerant, qonaqpərvər və zəngin mədəniyyətə malik ölkə

10.06.15 11:15 1165
Tolerant, qonaqpərvər və zəngin mədəniyyətə malik ölkə
“Nezavisimaya qazeta” yazır ki, I Avropa Oyunları Azərbaycana necə olduğunu göstərmək üçün geniş imkanlar açır
Bakıda start götürəcək I Avropa Oyunları ilə bağlı silsilə məqalə və reportajlar dərc edən Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri növbəti yazısını təqdim edib. Qəzet yazır ki, cümə günü start götürəcək Avropa Oyunlarına 50-dən artıq ölkədən müxtəlif mədəniyyətə və dini inanclara sahib 6 min atlet təşrif buyuracaq. “Avropa Oyunları Azərbaycana necə tolerant, qonaqpərvər və zəngin mədəniyyətə malik olduğunu göstərmək üçün geniş imkanlar açır. Azərbaycan - azərbaycanlıların dominantlıq etdiyi bir dövlətdir. Lakin bu ölkəni monoetnik dövlət adlandırmaq da olmaz. Burada ləzgilər, avarlar, talışlar, tatarlar, türklər və digər xalqlar yaşayıb fəaliyyət göstərir. Ən böyük icma isə rus icmasıdır. Azərbaycanda rusların sayı 120 mini ötüb. Burada Rus Pravoslav Kilsəsi və rus icması fəaliyyət göstərir. Rus icmasının rəhbəri, Azərbaycan parlamentinin deputatı Mixail Zabelin deyir ki, təşkilata üzvlük qeydə alınmır və bu struktur millətindən asılı olmayaraq, özündə rus ənənələrini bölüşən bütün insanları birləşdirir: “Sovet İttifaqı dağılanda ruslar mənə yaxınlaşıb sual verirdilər ki, buranı tərk edib getsinlər, yaxud burada qalsınlar”. Deputat Mixail Zabelin qəzetin suallarını cavablandıraraq, o dövrü mürəkkəb illər kimi xarakterizə edib. Mixail Zabelin bildirib ki, o zaman rus millətindən olan insanların düşdüyü vəziyyətə adaptasiya olunması üçün kömək etmək gərək idi: “Birinci məsələ - rus məktəblərinin, dilinin, ənənələrinin qorunub saxlanılması idi. Nə yaxşı ki, 1993-cü ildə hakimiyyətə Heydər Əliyev gəldi. O, bizi başa düşdü və müdafiə etdi. Bizim mərkəzin işləyib fəaliyyət göstərməsi üçün yer ayırdı. Azərbaycanın indiki dövlət başçısı İlham Əliyev o zamanlar xalqlar arasında dostluq kimi qəbul edilən və indi tolerantlıq, multikulturalizm deyilən həmin o siyasəti uğurla davam etdirir. Azərbaycandakı ruslar hesab edir ki, Rusiya Federasiyasına soydaşların köçürülməsi proqramı, sadəcə, bu respublikada işləmir”.
“Mən tezliklə Düşənbəyə, köçürülmələrlə bağlı foruma gedəcəyəm və orada bəyan edəcəyəm ki, bizdə belə bir problem gündəmdə deyil. Bizim insanlar Rusiyaya köçmək istəmir”, – deyə rus icmasının sədr müavini Yuri Zenin bildirib. “Axı əgər bir insan üçün burada yaşamaq rahat və komfortludursa, onu milli əlamətlərinə görə izləmirlərsə, ona mədəniyyəti və ənənələri, hansı dinə qulluq etməsindən asılı olmayaraq mane olmurlarsa – onda niyə buranı tərk etməlidir? Məlumat üçün bildirim ki, burada bizim üç kilsəmiz fəaliyyət göstərir, onları dövlət bərpa edib”, –deyə icma rəhbərinin müavini bəyan edib: “Mən rus olaraq burada bazara girirəm və azərbaycanca söz soruşuram, mənə isə rusca cavab verirlər”, - deyən Mixail Zabelin isə əlavə edib ki, hər yerdə insanlar rusca danışırlar və “bizim dilimiz artıq öz mövqeyini xeyli möhkəmləndirib”. Respublikanın hakimiyyət orqanları yaxşı anlayırlar ki, bu bir zənginlikdir və dil çərçivələri tətbiq edib yalnız bir dili saxlamaqla başqa xalqın mədəniyyəti çox pis bir vəziyyətə düşür: “Bir sıra ölkələrdə xüsusi olaraq ingilis, fransız dillərini yeridirlər. Burada isə nəyə görə digər bir dili axtarmaq gərəkdir? Burada rus dilində həddən artıq kitablar, jurnallar, kino, arxivlər bazası varsa, nəyə görə başqa dil axtarmaq lazımdır?”
“Azərbaycanlılar sovet dövründə öz mədəniyyəti və tarixlərini rus dili hesabına dərk etməyə başladılar. Eləcə də bir çox azərbaycanlının Rusiyada yaşayıb fəaliyyət göstərdiklərini hesabdan silmək gərək deyil”, - deyə Rusiya mədəniyyət mərkəzinin direktoru Qalina Manafova bildirib. Hazırda Azərbaycanda 16 rus və 356 qarışıq məktəb fəaliyyət göstərir. Ölkənin bütün ali məktəblərində rus dilini tədris edən fakültələr fəaliyyət göstərir. Bütövlükdə rusdilli fakültələrdə 16 min tələbə təhsil alır. Bundan əlavə, Azərbaycanda geniş yayılan icmalardan biri də yəhudi icmasıdır. Onun tərkibində dağ, gürcü və aşkenazi qrupu birləşib. “Bütövlükdə iudaizmə sitayiş edən vətəndaşların sayı 16 minə çatıb. Dağ yəhudilərinin Qırmızı qəsəbə yaşayış məskəni isə Rusiyaya dünya şöhrətli “Forbes”in siyahısına düşən bir neçə biznesmen bəxş edib. Eyni zamanda, Azərbaycan və Bakının tarixi ndə böyük rol oynamış və əsrlər bundan əvvəl yaşamış, sonradan yoxa çıxmış çoxsaylı icmalar fəaliyyət göstərib. Lakin onlar haqqında xatirələr hələ də yaddaşlardan silinməyib. Bunlar regionda min illər bundan əvvəl yaşamış atəşpərəstlərdir. Bakı ətrafındakı Atəşgah onların müqəddəs yerlərindən sayılır. Burada yerdən təbii qaz çıxır. Atəşpərəstlərin müqəddəs yerinə çevrilmiş bu yerə hər yerdən gələn var. Onlar burada öz dini ayinlərini həyata keçirirlər. Bura sonradan induslar və sikxlər də gəlməyə başlayıblar. Lakin Abşeron yarımadasında 1902-ci ildə təbii ehtiyatların mənimsənilməsinə başlandıqdan sonra qazın çıxması dayandı. Hazırda bura muzeydir və oda sitayiş edənlərin ayinləri barədə qonaqlara məlumat verilir. Muzeydə xüsusi kəmərlə gətirilən qaz vasitəsilə məşəl yandırılır. Buna baxmayaraq, Hindistan, İran və digər yerlərdən turistlərin güclü axınına rast gəlmək mümkündür. Azərbaycanda islamın hakim din olmasına baxmayaraq, belə bir muzeyin işləməsi heç kimə artıq görünmür. “Bu bizim tariximizdir və onu unutmaq və yaxud silmək qəribə olardı” - deyə muzey əməkdaşları bildiriblər. Məhz burada ilk Avropa Oyunlarının məşəlini Azərbaycan Prezidenti İlham Əliyev yandırıb. Məşəl ölkənin 60 regionunu gəzdikdən sonra Bakıya gətirilib. İyunun 12-də isə oyunların açılış mərasimi zamanı yandırılacaq. Həmin gün isə respublika və “köhnə dünya”nın bütün sakinləri millətindən və dini inanclarından asılı olmayaraq, Azərbaycan paytaxtında keçiriləcək və iyunun 28-də başa çatacaq idman yarışlarını izləyəcəklər”, - deyə sonda məqalədə vurğulanıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər