• şənbə, 27 Aprel, 02:44
  • Baku Bakı 14°C

Ötən il Azərbaycanda kənd təsərrüfatı 2,6 faiz artıb

14.01.17 10:30 1338
Ötən il Azərbaycanda kənd təsərrüfatı 2,6 faiz artıb
Kənd təsərrüfatı insan fəaliyyətinin ən başlıca və qədim sahəsidir. Dünyada elə bir ölkə yoxdur ki, orada kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıqla məşğul olmasınlar. Dünya əhalisinin 1 milyard nəfəri, yəni iqtisadi fəal əhalinin yarıya qədəri bu sahələrdə çalışır. Lakin bu göstəriciyə görə ölkələr arasında böyük fərqlər mövcuddur. Məsələn, Qərbi Avropa ölkələrinin kənd təsərrüfatında orta hesabla iqtisadi fəal əhalinin 9,Şimali Amerikada 6 faizi çalışır. İnkişaf Etməkdə Olan Ölkələrin bəzilərində bu göstərici 70-80 faizə çatır.
Aydın məsələdir ki, belə fərq kənd təsərrüfatı işlərinin mexanikləşdirilmə səviyyəsindən, həmçinin kənd təsərrüfatının ixtisaslaşdırılmasından, təbii şəraitdən, iqtisadi inkişafdan və digər amillərdən asılıdır. Azərbaycan üçün də bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını maksimum aradan qaldırmaq, iqtisadi inkişafın kənd yerlərinə daha da çox yayılmasını təmin etməkdir. Çünki Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir.
Ona görə də ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliyi ilə 1995-ci ildə Azərbaycanda uğurlu aqrar islahatlar həyata keçirilib. Bu islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşməsinə, sahibkarlığın formalaşmasına, kəndin simasınının dəyişdirilməsinə ciddi təsir göstərib. Kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş verib. İri təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılıb. Genişmiqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi mülkiyyətlə əvəz edilib. Bu da ümumilikdə kənd təsərrüfatının inkişafına hərtərəfli təsir göstərib.
Kənd təsərrüfatı sahəsində vaxilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan islahatlar, onun rəhbərliyi altında həyata keçirilən mühüm tədbirlər prezident İlham Əliyev tərəfindən indi də davam etdirilməkdədir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə də Azərbaycanda iqtisadi sahədə önəmli addımlar atılıb, ötən il dərin iqtisadi islahatlar ili kimi tarixə düşüb. Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir daha bu mövzuya diqqət çəkərək bildirib ki, ötən il kənd təsərrüfatının inkişafında uğurlu il olub. Dövlət başçısının sözlərinə görə, yola saldığımız ildə ilk növbədə Azərbaycanda uzun müddət tənəzzülə uğrayan sahələr, o cümlədən pambıqçılıq bərpa edilib: "Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq... Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik”.
Prezident İlham Əliyev hazırda 37 rayonda baramaçılığın inkişaf etdiyinə diqqət çəkərək, 2019-cu ildə 1300 ton barama istehsalının gözləndiyini, bundan irəli gələrək, Şəki ipək kombinatının tam gücü ilə işləməsinin təmin olunacağını da qeyd edib. Dövlət başçısı kənd təsərrüfatı məhsulları arasında fındıqçılığın və xurma bağlarından əldə edilən məhsulun ixracının da ölkəmizə ən çox valyuta gətirdiyini vurğulayıb. O, 2016-cı ildən başlayaraq bir neçə il ərzində 40 min hektarda fındıq bağlarının salınacağını söyləyib. Deyib ki, fındıqçılığın coğrafiyası genişləndirilib və hazırda 13 rayonda bu sahədə işlər gedir. Azərbaycan prezidenti ölkədə badamçılığın, zeytunçuluğun, tütünçülüyün, üzümçülüyün, şərabçılığın, çayçılığın daha da inkişaf etdirilməsi, nar, xurma bağlarının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən də söhbət açıb. Bildirib ki, Azərbaycanda məhsullar yerli xammal əsasında yüksək səviyyədə istehsal olunmalı və ixrac edilməlidir: "Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına... Biz realist olmalıyıq... Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”.
Sonda qeyd edək ki, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar, onun rəhbərliyi ilə qəbul edilmiş qərarlar, qanunlar ötən il iqtisadi islahatları dərinləşdirib. Bu isə imkan verib ki, gələcəkdə qeyri-neft sektorunun hesabına daha da inkişaf edək. Fərəhlə deyə bilərik ki, qəbul edilmiş qərarlar artıq öz nəticəsini də verməkdədir. Təkcə kənd təsərrüfatında görülmüş operativ tədbirlər nəticəsində ötən il inkişaf təmin edilib və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artıb. Əminliklə demək olar ki, bu nəticələr 2017-ci il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər