Təbiətimiz çox füsunkardır, sadəcə, təbliğatını aparmaq lazımdır

Təbiətimiz çox füsunkardır, sadəcə, təbliğatını aparmaq lazımdır

İqtisadiyyat
03 Oktyabr 2019, 09:30 1129

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə ekoturizmin inkişafı üçün milli parklarla bağlı proqram hazırlayacaq. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, Azərbaycanın milli parklarının bioloji baxımdan potensialı çox olsa da, buraya səfər edən turistlərin sayı o qədər də qənaətbəxş deyil: "Buna görə də ölkədəki milli parkların inkişafı üzrə milli proqram hazırlanacaq. Milli parklara səfər edənlərin sayını artırmaq yollarını fikirləşmək, bu sahədəki boşluqları müəyyən etmək lazımdır. Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Bu ilin ilk 8 ayında isə milli parklara 74 217 turist səfər edib".


H.Əlizadə qeyd edib ki, bu il milli parklara səfər edənlərin 7286-sı əcnəbi, 66 931-i yerli vətəndaşlar olub: "Abşeron yarımadasının ən son nöqtəsi olan "qartalın dimdiyi" adlanan ərazi Abşeron Milli Parkının da son nöqtəsidir. Bu ərazini turistlər üçün daha maraqlı və yaddaqalan bir məkana çevirmək, rəmzi guşə ilə daim xatırlatmaq olar. Çünki Abşeron Milli Parkına gələn hər bir ziyarətçi bu romantik nöqtəyə can atır". 


Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri də bu maraqlı ideyanı dəstəklədiklərini və artıq bütün milli parklar üçün yaddaqalan və brendə çevrilməli olan oxşar layihələrin üzərində iş aparıldığını bildiriblər.


Həmçinin qeyd edilib ki, Azərbaycanın gözəl təbiəti olan bəzi ərazilərinə maşınla və ya piyada getmək təhlükəlidir. Bu yerlərdə bir çox ölkələrdə olduğu kimi kanatlar çəkilə bilər. Bildirilib ki, heyvanlar aləmini turistlərə yalnız fotolar vasitəsilə göstərmək qeyri-mümkündür: "Bunun üçün xarici təcrübədən yararlanmaq lazımdır. Xarici ölkələrdə turistlər vəhşi heyvanlar olan yerlərə təhlükəsiz şəkildə girə bilirlər. Azərbaycanda da turistlər üçün belə imkanlar yaradılmalıdır".


Alman İnkişaf Bankının transsərhəd birgə katibliyi layihəsinin milli koordinatoru Ruslan Salmanov bildirib ki, Azərbaycan milli parklarının hər birinin girişində beynəlxalq standartlara cavab verən ekoturizm mərkəzlərinin yaradılması vacib məsələdir. Həmin mərkəzlərdə insanları qarşılayan məsul şəxslər olmalıdır: "Təəssüf ki, ölkənin milli parklarında bununla bağlı müəyyən boşluqlar var. Bundan başqa, xüsusi mühafizə olunan təbiət əraziləri barədə qəbul edilən qanunvericilik bazasına dəyişikliklər edilməlidir. Eyni zamanda, milli parklarda iaşə obyektlərinin və ya qalma yerlərinin tikilməsi mümkündür. Amma bu, qanunda sadəcə prinsip olaraq göstərilib. Belə obyektlərin inşası üçün lazımi prosedurlar normativ aktlarda öz əksini tapmayıb. Bu gün ölkədə 11 milli parkın əksəriyyətində belə obyektlər yoxdur".


Maraqlıdır, Milli parklarımızın potensialından necə yararlana bilərik, bu istiqamətdə hansı işlər görülə bilər?


AzTA-nın icraçı direktoru Əhməd Qurbanov qeyd edir ki, ilk olaraq milli parkların infrastrukturu yenidən qurulmalıdır: "Biz də mili parklarımıza Assosiasiya olaraq infotur etmişik. Amma ora gedənə qədər yol infrastrukturu, iaşə obyektləri, sanitar qovşaqlar bunların hamısı genişləndirilməlidir ki, uzaq yolu getməyə maraq olsun. Daha sonra turizm şirkətləri bu istiqamətdə bəzi işlər görməlidirlər. Şirkətlər özləri bu işdə maraqlı  olmalıdırlar. Belə ki, əyləncəli turlar təşkil etsinlər. Xaricdən turist gətirən şirkətlər onların marağını cəlb etmək üçün yeni ideyalar düşünməlidirlər. Qeyd edim ki bizim milli parklar dünya ölkələrindən fərqlidir. Bu isə bizim yerləşdiyimiz coğrafi ərazidən, iqlim qurşağından asılıdır. Əslində, təbiətimiz çox füsunkardır, sadəcə, təbliğatını aparmaq lazımdır”.


Turizm üzrə ekspert Müzəffər Ağakərimov deyir ki, milli parklarımızın tanıdılması üçün təbliğat işləri görülməlidir: "İlk olaraq bunu qeyd edim ki, turizm şirkətləri ölkəmizdə fəaliyyət göstərən turizm qurumları ilə sıx əlaqədə olmalı, əməkdaşlıq etməlidirlər. Turları birlikdə təşkil edib, turistlərin marağını cəlb etməlidirlər. Bunun üçün isə turistlər arasında sorğu keçirdib daha çox hansı ölkədən gələnlər üçün milli parklarımızın, təbiətimizin maraqlı olduğunu öyrənməlidirlər. Digər tərəfdən məsləhət görərdim ki, milli parklarımızın tanıdılması üçün təbliğat işləri görülsün. Məsələn, xarici ölkələrə gedəndə necə ki, yeməklərimizi və digər turizm obyektlərimizi tanıtdığımız kimi milli qoruqlarımızı, parklarımızı da tanıtmalıyıq. Bunun üçün isə təbliğat işi aparılmalıdır. Turizm qurumları media, xüsusilə də televiziya kanalları ilə sıx əlaqədə olmalıdırlar ki, onlar gedib həmin yerlərdən reportajlar hazırlasınlar”.  


Günel Azadə