• cümə, 26 Aprel, 18:57
  • Baku Bakı 22°C

Tariximizdən danışan milli atributların məkanından reportaj - Fotolar

06.07.17 13:00 6763
Tariximizdən danışan milli atributların məkanından reportaj  - Fotolar
Yerli istehsal sahələrimiz günü-gündən artmaqdadır. Sevindirici haldır ki, bu istehsal sahələri arasında beynəlxalq aləmdə Azərbaycanın tarixini əks etdirən milli atributlar da var. Belə ki,"Andrew's Ties Baku” butikində Azərbaycan brendləri istehsal olunur. Milli atributlardan ibarət qalstuk və yaylıqların istehsal etməsi və bunun, daha çox Azərbaycanın beynəlxalq aləmdə təbliği üçün nəzərdə tutulması üçün edilməsi diqqətimizi çəkdi. Biz də bu brendin Azərbaycandakı təmsilçisi Yavər Məmmədovla əlaqə saxlayıb, milli atributlarımızdan ibarət hazırlanan məhsullarla tanış olmaq qərarına gəldik. Gördüklərimiz bizi valeh etməyə bilməzdi.
Şuşaya qayıdışın təsviri gələcəyin xəbərçisidir
Sözügedən məkanda "Xarı Bülbül” qalstuku satışa çıxarılıb ki, bu qalstukun üzərində xarıbülbül gülünün bütün rəngləri tam olaraq əks edilib. Çox az sayda istehsal edilən qalstukungözəl tərtibatlı qutusu, çantası və gül haqqında ingilis dilində məlumat əks olunmuş kitabçası var.Diqqətimizi çəkən digər məqam isə "Banu” kolleksiyasıdır ki, bu kolleksiya XIX əsr Azərbaycan xalqının görkəmli şairi, ictimai xadimi, xan qızı Xurşudbanu Natəvanın əziz xatirəsinə ithaf olunub.

Yaylıq Qarabağla bağlı 8 tarixi hadisəni təmsil edən illüstrasiyadan, Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli medalyondan, məşhur Qarabağ xalçalarından birini, eləcə də Azərbaycan xanımını simvolizə edən qadın şəklinin əks edildiyi mərkəzi şəkildən ibarətdir. Yaylığın perimetrində Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin adları və bölgəyə məxsus kilim elementləri əks edilib. Burada satılan qalstukların və yaylıqların üzərindəki atributların öz tarixi var. Belə ki, yaylığın üzərində Çövkən oyunu səhnəsi, Xurşudbanu Natəvanla Dümanın görüş səhnəsi, Qarabağ xanı ilə rus generalının saziş imzalaması səhnəsi, Cıdır düzündə Novruz şənliyi səhnəsi, Qarabağ muğam üçlüyü kimi səhnələr yer alıb. Diqqətimizdən yayınmayan məsələ isə "Banu” kolleksiyasının üzərindəki Azərbaycan bayrağının orada əks olunması oldu. Sən demə, bunun da öz mənası var imiş. Bayrağın burada əks olunması Azərbaycan əsgərinin əlində bayraq Şuşa qalasına doğru hərəkət etməsindən xəbər verir. Bu yaylıqda nümayiş olunan bütün hadisələr XIX əsrə mənsub olsa da, Şuşaya qayıdışın təsviri gələcəyin xəbərçisidir.

Ölkəmizi təmsil edən digər kolleksiya isə "Azərbaycan narı” adlanan qadınlara məxsus yaylıqlardır. Bu yaylıqlar Azərbaycanın maddi mədəniyyətinin simvollarından biri hesab edilən nar bitkisinin gözəlliyini özündə əks etdirir. Nəfis tərtibatlı qutusu, çantası və nar haqqında Azərbaycan və ingilis dillərində ətraflı məlumat verilmiş kitabçası var.

Andrew’s Ties brendi tərəfindən İtaliyada istehsal edilmiş "Qobustan” qalstukları daha çox diqqətimizi çəkdi. Belə ki,Azərbaycan ərazisində yerləşən ilk insan məskənlərindən olan Qobustanın, eləcə də orada olan qayaüstü təsvirlərin təbliğinə xidmət edən bu qalstuklar təbliğat xarakteri daşıyır. Belə ki, qara ipək üzərində gümüşü rəngdə qayaüstü təsvirlərin xaotik düzülüşü qalstuka xüsusi bir gözəllik verir. "Qobustan” qalstukları Azərbaycanımızın bu tarixi-mədəniyyət abidəsini gözəl təbliğ edəcək ən unikal vasitədir."Qarabağ”, "Xarı bülbül”, "Qarabağ xalçası” və "Qobustan” layihələrindən sonra Azərbaycanı simvolizə edən "Azərbaycan” adlı qalstukun istehsalı planlaşdırılır.
"Qalstuk və yaylıqlar informasiya ötürə bilən ən gözəl vasitələrdir”
Əslində, bu layihələrin hazırlanması, işlənməsi sahibkardan böyük zəhmət və əziyyət tələb edir. Biz də İtaliyada istehsal olunan bu məhsulların hansı əziyyətlə başa gəldiyini butikin rəhbəri Yavər Məmmədovdan xəbər alırıq.Yavər müəllim deyir ki, İtaliyada olarkən orada gördüyü qalstuklar onu öz sehrinə alıb. Deyir ki, gözəl qalstuklar istehsal edib, onun Azərbaycanda satışını təşkil etmək sahibkarın ən böyük arzularımdan biri olub. 2013-cü ildə bu layihəyə başlayan Yavər Məmmədovun addımı özünü doğruldub.
Müsahibimiz söhbət zamanı belə bir addım atmağının əsas səbəblərini də açıqladı. "Hər hansı kostyumu alandan sonra qalstuk axtarışına çıxırdım. Ticarət mərkəzlərinə müraciət edir və çox zaman da keyfiyyətsiz məhsullarla rastlaşırdım. Keyfiyyətli qalstuklar isə çox baha idi. Baxdım ki, Azərbaycanda bu məsələyə çox diqqət edən yoxdur. Düşündüm ki, nə üçün bu sahəni inkişaf etdirməyim? Bu sahə sırf mənim yaradıcılığım üzərində qurulub. Bu gün mənim Azərbaycana bu biznesi gətirməkdə əsas məqsədim qalstuklar və yaylıq vasitəsilə təbliğat işi aparmaqdan ibarətdir. Qalstuklar və yaylıqlar o qədər diqqətçəkən olur ki, onlar informasiya ötürə bilirlər. İnformasiya ötürməyin də öz vasitələri var. Gərək elə informasiya ötürəsən ki, qarşı tərəf onu qəbul etsin”.
Y.Məmmədov vaxt itirməyərək, istehsala başlamaq üçün istifadə olunacaq eskizləri çəkir. Yaxşı bir təlimat hazırladıqdan sonra onları İtaliyaya istehsala göndərir. Dizaynlar ilk baxışdan yüksək səviyyədə qəbul olundu. Nəhayət, uzun sürən əziyyətdən sonra "Qarabağ” və "Xarı bülbül” qalstukları 2015-ci ildə Azərbaycana daxil olur. Bu qalstuklar qısa bir müddətdə böyük məşhurluq qazanır.

Söhbət əsnasında Yavər müəllim Mədəniyyət və Turizm Nazirliyinin də bu işdəki əməyindən danışdı. Deyir ki, ona ən böyük dəstək mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən edilib: "Mən yaranan fürsətdən istifadə edib Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Mənim bu sahədə uğurlarımın müəyyən hissəsi də onun dəstəyinə bağlıdır. Cənab nazir hər bir mədəniyyət işçisinə, istehsalçılara öz dəstəyini əsirgəmir. Mən bunun bir daha şahidi oldum”.
İtaliya-Azərbaycan dostluq əlaqələrinin inkişafına verilən töhfə
Milli atributlarla bəzədilmiş yaylıqların və qalstukların cəmləşdiyi bu məkanda üzərində milli ornamentlərin olduğu yaylıqlara toxunarkən, gözümüz qarşısında kəlağayılarımız canlanır. Yavər müəllimlə söhbət əsnasında əvvəllər analarımızın öz qızlarına cehiz olaraq kəlağayı hədiyyə etməsi kimi adətlərindən danışdıq. Müsahibimiz kəlağayıya böyük hörmətinin olduğunu deyir: "İki qız atasıyam. Hər iki qızımın bir cüt kəlağayısı var. Kəlağayı bizim abır-həya yerimizdir, bu ayrı. Ancaq indi bazar başqa məhsullar tələb edir. Hazırda 90x90 sm ölçüsündə olan, gündəlik həyatda rahat istifadə ediləcək yaylıqlar istehsal olunur. "Xarı bülbül”, "Azərbaycan narı”, Natəvanla bağlı olan yaylıqlarımız buna bariz nümunədir. Hər bir gəlinin ən yaxşı cehizi onun ata evindən apardığı yaylıqlar, kəlağayılar olmalıdır. Bizim yaylıqlar bazara hələ təzə gəlib”.
Yaylıq və qalstukların üzərində böyük tarix sığdıran Yavər müəllimdən gələcək planlarını da xəbər alırıq: "Gələcəkdə "İrəvan xanlığı” ilə bağlı bir layihəm olacaq. İnşallah bu layihəni payızda təqdim etməyi düşünürəm. İrəvan xanlığı yeganə xanlıqdır ki, öz bayrağını dəyişməyib. İrəvan xanlığı Qarabağ xanlığı ilə qonşu olan ən böyük xanlıqlarımızdan biridir”.

Müsahibimizə italyanlarla münasibəti ilə bağlı da sual veririk: "Bizi İtaliya Ticarət Palatası rəsmən tanıyır. Biz İtaliya səfirliyinin bütün rəsmi tədbirlərinə dəvətliyik, İtaliya-Azərbaycan ticarət əlaqələrinin, İtaliya-Azərbaycan dostluq əlaqələrinin inkişafına öz töhfəmizi veririk, gəlir əldə edirik və dövlətimizə vergi veririk”.
Müsahibimiz deyir ki, İtaliyanın Azərbaycandakı səfiri, cənab Ciampaolo Kutillo bir dəfə görüş zamanı ona belə deyib: "Yavər, mən mağazanın açılışında dərin bir fikrə getdim. Fikirləşirdim ki, tək qalstukla bu biznesi necə idarə edəcəksən. İndi otağım sənin müəllifi olduğun qalstuklarla doludur. Bunlar hamısı şirkətlərin və dostların hədiyyəsidir. Mən buna çox sevinirəm. Ona görə ki, sən İtaliyanı, İtaliya brendini və eyni zamanda mədəniyyətinizi, tarixinizi düzgün təbliğ edirsən. Bununla həm də biznesini yaşadırsan. Afərin!”
Müsahibimiz bu yöndə onlarla əməkdaşlıq edən şirkətlərə minnətdarlığını da bildirdi.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər