Tarixən kişiləri qadınlardan çox “sevən” ölüm
Son
dövrlər ölüm halları artıb. Xüsusilə də kişilər arasında ölümün geniş yayılması
diqqəti çəkir. Azərbaycanda kişilər qadınlarla müqayisədə daha çox dünyasını
dəyişirlər. Trend-in məlumatına görə, ötən il Azərbaycanda 58179 nəfər
dünyasını dəyişib ki, onların da 30968-ı kişi, 27211 nəfəri qadın olub.
2013-cü
ildə dünyasını dəyişən 54383 nəfərin 29096 nəfəri kişi, 25287 nəfəri qadın
olub.
2014-cü
ildə isə bu rəqəm müvafiq olaraq 55648, 29655, 25993 olub.
2015-ci
ildə vəfat edən 54697 nəfərdən 29130-u kişi, 25567-i qadın olub.
2016-cı
ildə dünyasını dəyişənlərin 1531 nəfəri 15-19 yaşlı şəxslər olub. Onların
1044-ü kişi, 487-i qadın olub.
Cəmiyyətdə
ölüm hallarının nə üçün çoxaldığını, kişilərin qadınlara nisbətdə niyə daha çox
öldüklərini aydınlaşdırmağa çalışdıq.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu statistikanın həmişə belə olduğunu bildirir: "Kişilər arasında
bəzi xəstəliklərin geniş yayılması bunun ilkin səbəbidir. Alkoqollu içkilərin
və tütün məmulatlarının qəbulu, zərərli vərdişlər bu riski daha da artırır. Ümumiyyətlə,
bundan əvvəlki statistikalara da nəzər salsaq, görərik ki, həmişə belə olub.
Kişi ölümləri qadınlardan daha çox baş verib. Bu, həm də kişilərin yaşayış
tərzi ilə də bağlı olan bir haldır. Statistik göstəricilərin kişilərin ziyanına
olmasının bir digər səbəbi hormonal və bir sıra başqa faktorlardır. Məsələn, dünyanın hər yerində ürək-damar
xəstəliklərindən baş verən ölüm halları daha çoxdur. Və bu xəstəlik də daha çox
kişilər arasında rast gəlinir. Yəni bütün bu saydıqlarım statistikaya təsir edir”.
Prostat, ağ
ciyər xərçəngi kimi xəstəliklərə kişilərdə daha çox rast gəlindiyini deyən
həkim, bu kimi xəstəliklərə tutulmağın qarşısını almaq üçün həyat tərzini
dəyişməyin zəruri olduğunu bildirir: "İlk olaraq zərərli vərdişlərdən
uzaqlaşmaq, aktiv şəkildə idmanla məşğul olmaq lazımdır. Qidalanma rejimini
qaydaya salmaq, təmiz, saf sudan daha çox istifadə etmək vacibdir. Qidalanarkən
də keyfiyyət baxımından bütün standartlara cavab verən ərzaqlardan yararlanmaq
məsləhət görülür. Bu gün ərzaq
təhlükəsizliyi çox bərbad vəziyyətdədir. Zərərli qidalardan nə qədər uzaq olsaq,
bir o qədər çox yaşayarıq”.
Psixoloq
Narınc Rüstəmova
deyir ki, qadın və kişi orqanizmi
istər fizioloji, istərsə də psixoloji baxımdan bir-birindən fərqlidir: "Bədəndə
olan fizioloji dəyişikliklər mütləq şəkildə psixologiyaya təsir edir. Bu,
danılmaz bir faktdır ki, qadınlar baş
vermiş hər hansı bir hadisəni 4, kişilər isə 3 lodla analiz edir. Qadınlarda
emosional lodlar daha aktividir. Bu, əslində hormonal olaraq da kişilərdə
testesteronun daha yüksək olması, hadisələrə daha soyuqqanlı yanaşması, ağlaya
bilməməsi faktını göz önünə qoyur. Ümumiyyətlə, cəmiyyətdə "kişilər ağlamaz” deyə
bir stereotip var. Əslində, bu sərhədi aşmaq lazımdır. Kişilər də ağlaya, içini
boşalda bilərlər və buna haqları da var. Qadınlar ağlaya, hansısa bir rəfiqəsi
ilə həmsöhbət olub dərdlərini bölüşə bilirlər, psixoloqa müraciət edirlər. Hətta
sizə deyərdim ki, psixoloqa gedən insanların yarıdan çoxu qadınlardır. Çünki
kişilər paylaşmağı sevmirlər, nə isə bir problemləri olsa belə, onu çox nadir
hallarda biri ilə paylaşırlar. Bu kimi
situasiyalar xırda-xırda yığışaraq kişilərdə daxili gərginliyi artırır. Bu da
bəzi xəstəliklərin yaranmasına, ölüm hallarının baş verməsinə səbəb olur.
Bundan başqa, qadın orqanizmində gedən
bəzi proseslər kişilərdə olmadığı üçün bəzi məqamlarda ölümə gətirib çıxardır. Bayaq
da dediyim kimi, kişilər ağlamadıqları üçün nə isə bir problem, çıxılmaz
vəziyyət yaşandıqda alkoqola, siqaretə aludə olurlar. Bu da onları ölümə daha bir
addım yaxınlaşdırır. Bundan başqa, yaxşı olardı ki, daimi sağlam cinsi
həyatları olsun. Bu da vacib amillərdən biridir. Həmçinin kişilər çox zaman
psixoloqlara müraciət etməyə birmənalı yanaşmırlar. Məsləhət görərdim ki, bu
cür düşüncəni özlərindən uzaq etsinlər. Psixoloqa getsinlər, lazım gəldikdə peşəkar
dəstək alsınlar”.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai
Birliyinin rəhbəri Zemfira Mustafayeva qeyd edir
ki, bu proses tarixən belə olub. "Qadınlar kişilərdən daha çox yaşayırlar. 90,
100 yaş yaşayan xanımlardan bunun səbəbini soruşanda, onlar deyirlər ki, "həyat
yoldaşım mənə yaxşı baxıb deyə, bu yaşa qədər gəlib çıxmışam”. Amma əslində,
məsələ elə deyil. Qadınlarda infarkt keçirmə halları kişilərə nisbətən daha
azdır. Kişilərdə infarkt göstəriciləri ona görə yüksək olur ki, qadınlar
sözlərini deyə, ağlaya bilirlər, kişilərsə yox. Kişilərdən fərqli olaraq,
qadınlar emosiyalarını istədikləri kimi ifadə edirlər amma kişilərdə bu, mümkün
deyil. Onlar emosiyalarını daxildə gizlətməyə çalışırlar. Bu da sağlamlıqlarına
mənfi təsir edir. Bundan başqa, problemlərin çoxu da kişilərin üzərinə düşür.
Həm iş həyatındakı, həm də ailədəki problemləri həll etməyə cəhd göstərirlər.
Bu da onlarda stressin artmasına, sağlamlığın zərər görməsinə səbəb olur. Bəzi
qadınların heç iş həyatının çətinliklərindən xəbəri yoxdur. Onlar sadəcə, ev
işləri ilə məşğul olurlar. İş həyatında olan qadınlar isə kişilər qədər
problemlərlə rastlaşmır. Ona görə də, onların istər psixologiyasında, istər
fiziologiyasında ciddi bir problem yaranmır”.
Günel Azadə