Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan,
Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.
Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası
nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə mühüm infrastruktur
layihələri reallaşdırılıb, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti
daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb.
Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan,
Şağan, Şüvəlan qəsəbələrinin perspektiv su təchizatı layihəsinə uyğun olaraq
54000 nəfər əhalinin fasiləsiz su təminatına imkan verəcək diametri 800 mm, uzunluğu 3,0 km olan magistral su
kəmərinin, Mərdəkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 15,0 km olan paylayıcı su
şəbəkəsinin, diametrləri 200-400
mm, uzunluğu 1,9 km olan kanalizasiya şəbəkəsinin, Şağan
qəsəbəsində diametrləri 110-280
mm, uzunluğu 9 km olan paylayıcı su şəbəkəsinin, Şüvəlan
qəsəbəsində diametrləri 110-160
mm, uzunluğu 10,6 km olan paylayıcı su şəbəkəsinin, Binə
qəsəbəsində diametrləri 110-225
mm, uzunluğu 2,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi
zərurəti yaranıb.
Sərəncamda qeyd olunur ki, Bakı şəhəri Xəzər rayonunun Binə,
Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam
etdirmək məqsədilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının
1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar
Cəmiyyətinə 5,78 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə
maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn
məsələləri həll etmək tapşırılıb.