• cümə, 26 Aprel, 15:27
  • Baku Bakı 23°C

Separatçı qurumda təlimlər Gürcüstanda etirazla qarşılandı

15.09.17 09:45 840
Separatçı qurumda təlimlər Gürcüstanda etirazla qarşılandı
Gürcüstan Xarici İşlər Nazirliyi separatçı bölgə Abxaziyada keçirilən hərbi təlimlərlə bağlı etiraz notası hazırlayır. XİN-in etirazından əvvəl Gürcüstan Müdafiə Nazirliyi işğal altında olan ərazilərdə hərbi manevrlərlə bağlı etirazını səsləndirib. Hərbi idarədən verilən məlumata görə, işğal altında olan ərazidə hər hansı bir aktivlik, xüsusən hərbi fəallıq qanunsuz hesab edilir. Öz növbəsində Gürcüstanın Mədəniyyət Nazirliyi də narahatdır - bir müddət əvvəl hərbi manevrlərin keçirildiyi ərazilərdə mədəniyyət abidələri ciddi zədə alıblar, bəziləri isə tamamilə yararsız hala salınıb. Adətən Abxaziya və Cənubi Osetiyada təlimlər başlarkən gürcü tərəfi bundan vaxtından qabaq xəbər tuturdu. Söhbət Tbilisinin kəşfiyyat fəaliyyətindən və yaxud təlimlərin keçirilməsi ilə bağlı "rəsmi” bildirişdən getmir. Adətən onlar barədə əvvəlcədən anonslaşdırılırdı, hətta elə olurdu ki, bir il əvvəldən belə manevrlərin keçirilməsi barədə məlumat daxil olurdu. Və gürcü tərəfinin etiraz bəyanatları tədbirin özünü qabaqlayırdı. Bu dəfə isə hər şey qəfildən baş verib.
Cənub Hərbi Dairəsinin məlumatına görə, Abxaziyadakı Rusiya hərbi bazasının hərbçiləri sentyabrın 13-də həyəcan təbili ilə ayağa qaldırılıblar. "Hərbi birləşmələr 49-cu ümumqoşun ordusunun tərkibində taktiki təlimlər çərçivəsində iştirak edirlər. Onlar həyəcan təbili ilə ayağa qaldırılıblar. Təlimlər Cənub Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında keçirilir”, - deyə məlumatda bildirilir. Hərbi manevrlərin birinci mərhələsində hərbçilər həyəcan siqnalı verilən zaman hərəkətlərini, döyüş komplektinin yüklənməsi, material vasitələrin ehtiyatlarının necə nizamlanması ilə bağlı olub. Bütün bunlardan sonra isə 20 km-lik yürüş həyata keçirilir. "Naqvalou və Çabal poliqonlarına daxil olduqdan sonra isə hərbçilər hərbi texnikanın gizlətmə qaydaları, səhra rabitə sistemlərinin həyata keçirilməsi və həyat əhəmiyyətli obyektlərin necə qorunması prosesini həyata keçirməyə başlayıblar. Sonra isə poliqonlarda şəxsi heyət silahlardan atəş açmaq təlimləri həyata keçirilib. Bura əl qumbaraları, zirehli döyüş texnikasından istifadə daxildir”, - deyə məlumatda bildirilib. Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, təlimlərdə 2 mindən artıq hərbçi iştirak edir. Bundan əlavə, 300 mindən artıq hərbi və xüsusi texnika cəlb edilib. Ən əsası "Qrad” reaktiv qurğularından istifadə də nəzərdə tutulub.
Gürcü tərəfinin sərt reaksiyasını ilk olaraq səsləndirən Gürcüstan Müdafiə Nazirliyi baş verənlərin yolverilməz olduğunu bəyan edib. Müdafiə naziri Levan İzoriya separatçı Abxaziya ərazisində baş verənləri beynəlxalq hüquq normalarının pozulması kimi qələmə verib. "İşğal altında olan torpaqlarda, yəni bizim torpaqlarda hər hansı bir aktivlik, xüsusən də hərbi nöqteyi-nəzərindən - qeyri-konstitusion və qanunsuz bir addımdır”, - deyə müdafiə naziri bildirib. "Biz bunu təhlükə və hədə kimi qarşılayırıq. Növbəti dəfə beynəlxalq hüquq normalarının pozulması anlamı verir”, - deyə Gürcüstan hərbi idarəsinin rəhbəri vurğulayıb.
Baş verənlərə mədəniyyət və vətəndaş cəmiyyəti nümayəndələri də biganə qalmayıblar. Separatçılar işğal altındakı ərazilərdə tarixi və mədəni obyektləri sıradan çıxarıblar. Gürcü tərəfinin yaydığı məlumata görə, separatçılar təlimlərdən sonra onları nizamlamağa çalışsalar da, əksinə, onlar daha da ziyan çəkiblər. Tbilisidə diqqəti xüsusən bir fakta yönəldirlər ki, bərpa işlərində iştirak edənlər adi əsgərlərdir. Onların isə xüsusi vərdişlərinin, təhsillərinin olmadığı, tarixi abidələrin bərpası ilə bağlı təcrübələri belə yoxdur. Onlar bərpa dedikdə on birinci əsrə aid gürcü məbədini ağ rənglə bəzəməkdə görürlər. Bu barədə sosial şəbəkələrdə istifadəçilər yazıblar. Beynəlxalq instansiyalara müraciətlər cavabsız və nəticəsiz başa çatıb. Bu səbəbdən də gürcü tərəfi ümidvardır ki, Abxaziyadakı hərbi təlimlər tarixi və mədəni obyektlərdən kənarda keçiriləcək.
Hərbi elmlər üzrə alim Vaxtanq Maisaya başladılan təlimləri Gürcüstan üçün təhlükə adlandırır, eyni zamanda əlavə edir ki, bu, ölkənin baş verənlərə reaksiyasının necə olacağını yoxlama kimi başa düşülməlidir. O hesab edir ki, bunu Rusiyanın Gürcüstanda NATO-nun himayəsi altında keçirilən təlimlərə cavab kimi qiymətləndirmək gərəkdir. Xatırladaq ki, Gürcüstanda bir qədər əvvəl NATO himayəsi altında iki hərbi təlim keçirilib - Vaziani və bir həftə sonra Orfolo poliqonunda. Rusiyanı narahat edən təkcə bu təlimlərin Şimali Atlantika Alyansının manevrləri deyil, həm də Gürcüstanın Vaziani bazasında ərazisində NATO-nun tərəfdaş ölkələri - Moldova, Ukrayna və Ermənistanın iştirakıdır. Orfoloda isə Azərbaycan hərbçiləri iştirak ediblər. Gürcü ekspert bildirir ki, regionda "sürətli silahlanma”nın analoqu olan "sürətli təlim yarışması”na bənzər proses baş verir. Ekspertlərin sözlərinə görə, Abxaziyadakı təlimlər özünün miqyası ilə çox ciddi xarakter daşıyır və Orfolodakı təlimlərlə bir-birini tamamlayır. Separatçıların mövqeyinə gəldikdə isə verilən açıqlama onların xarakterinə uyğun olub. "Abxaziya müstəqil dövlətdir və Gürcüstan bununla barışmalıdır”, - deyə separatçıların nümayəndəsi bəyan edib.
Azər
banner

Oxşar Xəbərlər