• cümə, 26 Aprel, 04:46
  • Baku Bakı 16°C

Şəki şəhərində seminar keçirilib

26.10.17 18:00 690
Şəki şəhərində seminar keçirilib
Şəki şəhərində "Əmtəə nişanları və coğrafi göstəriciləranlayışı, bu sahədə qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə və mühafizə” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov bildirib ki, qeyri-neft ixrac potensialının gücləndirilməsi, sahibkarlığın, ümumilikdə insan kapitalına söykənən iqtisadiyyatın inkişafı dövlətin əsas prioritetlərindəndir. O, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə struktur xarakterli islahatların aparıldığını, iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrinin təsdiq olunduğunu və ixrac potensialının gücləndirilməsi məqsədilə "Made in Azerbaijan” brendinin təşviqi üçün əhəmiyyətli işlərin görüldüyünü bildirib. Hazırda ölkəmizdə innovativ fəaliyyətə, elm tutumlu sənayenin inkişafına xüsusi diqqət verildiyini bildirən Niyazi Rəhimov ənənəvi biliklər və cöğrafi göstəricilərin şamil olunduğu məhsulların inkişaf etmiş və perspektivli istehlak bazarlarında uğur qazandığını deyib.
Ölkə ərazisində müxtəlif iqlim zonalarının olması, bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicəvi əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar xüsusiyyətlərə malik olması və müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırlanan özünəməxsus məhsullara – istər kulinariya, istər xalçaçılıq və s. sahələrdə xidmətlərin inkişafı sənaye həcmli istehsalın inkişafını şərtləndirir və ixrac perspektivlərini artırır. Komitə rəsmisi patent sistemində müasir hüquqi mühafizə sisteminin təmin olunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin, ictimai məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb.
Şəki Şəhəri İcra Hakimiyyəti başçısının I müavini Həsən Həsənov "Made in Azerbaycan” brendinin təşviqində mühüm əhəmiyyət kəsb edən məhsulların regionlarla bağlı olduğunu xüsusi vurğulayıb. Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafına yönələn sistem xarakterli tədbirlər nəticəsində hazırda bütün şəhər və rayonlarda yeni müəssisələr yaradılıb. Yerli sahibkarlığın inkişaf etdirilməsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət sahələri yaxından iştirak edir. Həsən Həsənovun sözlərinə görə, bugünki tədbir də buna misaldır.
"Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru v.i.e. Günel Sevdimalıyeva çıxış edərək mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, çıxışında coğrafi göstəricilərlə bağlı olan məhsulların müasir dövrdə aktuallıq kəsb etdiyini qeyd edərək, istehlaçkılar tərəfindən xüsusi məhsulların axtarılması, coğrafi mənşə ilə identifikasiya olunmuş, işarələnmiş qida məhsulları sahəsində təlabatlarının artdığını bildirib. Eyni zamanda coğrafi adın sadəcə bir ad, bir simvol deyil, istehlakçılar tərəfindən etibar göstəricisi kimi qəbul edildiyini vurğulayıb. Coğrafi göstəricilərin qorunmadığı halda kommersiya təşkilatları tərəfindən haqsız təhriflərə məruz qala biləcəyini və ondan istifadə hüququ olmayan şəxslər tərəfindən istehlakçıların aldadılacağını, məhsulun şöhrətdən düşməsinə, bununla da onun qanuni sahibinə ciddi zərər dəyə biləcəyini nəzərə çatdırıb. O, coğrafi göstəricilərin təşviqi və əmtəə nişanlarının qeydiyyatı baxımından son bir il ərzində Mərkəz tərəfindən görülmüş işlərdən danışıb. Bildirib ki, müxtəlif sahələrə aid ekspertlərdən ibarət işçi qrup yaradılıb, son bir il ərzində 17 coğrafi göstəriciyə dair ərizənin daxil olduğunu, milli prosedur üzrə təxminən 30 minə yaxın əmtəə nişanı qeydiyyata alındığını, beynəlxalq saziş və protokola əsasən isə 50 minə yaxın əmtəə nişanının qeydiyyatının ölkəmizdə qüvvədə saxlanılıb.
Seminar əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin qorunmasının əhəmiyyəti, əmtəə nişanlarına dair iddia sənədlərinin tərtibi, verilməsi və baxılması qaydaları, coğrafi göstəricilər anlayışı və onların milli qanunvericiliyə uyğun mühafizəsi, Azərbaycanda sənaye mülkiyyəti sahəsində hüquqların mühafizəsi: məhkəmə və digər orqanların təcrübəsi, sənaye nümunəsi anlayışı, milli qanunvericiliyə uyğun olaraq sənaye nümunələrinin patentlə mühafizəsi, beynəlxalq qeydiyyat (Haaqa Sazişi), sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və patentləşdirmə prosedurları və s. mövzular ərtafında müzakirələrlə davam etdirilib.
Seminarda Şəki şəhərində fəaliyyət göstərən sahibkarlarla yanaşı Qax, Zaqatala, Balakən və Oğuz rayonlarından olan iş adamları iştirak edib.
banner

Oxşar Xəbərlər