“Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq
Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə
"Sahibkarlar Günü” kimi qeyd edilir. Bununla bağlı, aprelin 26-da Bakı Biznes Mərkəzində
İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı
ilə "Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib. Tədbirdə
aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı
ticarət palatalarının nümayəndələri, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində
fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla
anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın məzarı da ziyarət edilib, abidəsi önünə çiçək dəstələri
düzülüb. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Sonra işinə
başlayan Konrfansda ilk öncə sahibkarların,
bir sıra dövlət orqanlarının və ictimai birliklərin nümayəndələrinin
sahibkarlığın inkişafında göstərdikləri xidmətlərə görə təltif edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2017-ci il tarixli Sərəncamı
oxunub.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkədə sahibkarlığın
inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl
xarakter daşıdığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı Fərman və sərəncamların, qəbul edilən qərarların sahibkarlığın
inkişafına verilən böyük diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.
"Sahibkarlar Günü” münasibəti ilə sahibkarları təbrik edən Məmməd
Musayev ölkə sahibkarları adından Azərbaycan
Respublikasının Prezidentinə minnətdarlıq edib, sahibkarlara göstərilən dövlət
dəstəyinin iqtisadiyyatda özəl sektorun rolunu daha da artıracağını diqqətə
çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə təsis olunmuş "Sahibkarlar Günü”nün qeyd
olunmasını ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında
sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən
sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi
olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət başçısının "Ölkəmizin gələcək
inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, həyata
keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi
güzəştlərinin tətbiqi, sənaye və texnologiyalar parklarının və zonalarının,
aqroparkların, biznes-inkubatorların yaradılması, yerli istehsalın dəstəklənməsi,
güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlətlə birgə maliyyələşdirmə və
risklərin bölüşdürülməsi, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin
təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı
qüvvəsinə çevrilib, ÜDM-də özəl bölmənin payı 80%-i ötüb. Son zamanlar dövlət
başçısının imzaladığı Fərman və sərəncamlarla sahibkarlıq sahəsində aparılan
yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi,
satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, gömrük və vergi sahəsində
görülən işlər, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi sahibkarlığın
inkişafına göstərilən diqqətin davamı olmaqla, özəl bölmənin inkişafında
xüsusilə əhəmiyyətlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son
dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da
yaxşılaşdırılması, eləcə də bu sahədə aparılan islahatlar və qəbul edilən
qanunvericilik aktlarının önəmini vurğulayıb.
Nazirlər Kabinetinin şöbə müdiri Şahin
Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi
islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarların
iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter
daşıdığı və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb, iqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolundan
danışıb.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyev qeyd edib ki,
Azərbaycan
Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə hər il
aprelin 25-nin "Sahibkarlar Günü” kimi qeyd edilməsi sahibkarlara göstərilən
diqqətin təzahürü olmaqla yanaşı, cəmiyyətdə sahibkarların rolunun daha genişlənməsinə
xidmət edir. Özəl bölmənin məşğulluğun təmin edilməsindəki rolundan danışan Səttar
Mehbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli şəratitin
yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini vurğulayıb,
sahibkarların sosial məsələlərin həllində rolundan danışıb.
Sahibkarları
təbrik edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, şəffaf biznes və sağlam rəqabət mühitində
sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan
uğurlu siyasətin əsas istiqamətləri sırasındadır. Bu siyasət milli
iqtisadiyyatda, eyni zamanda, yeni iş yerlərinin yaradılmasında, əmək
bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb
olub. Təsadüfi deyildir ki, ölkə iqtisadiyyatında məşğul əhalinin70%-dən
çoxunu qeyri-dövlət sektorunda çalışanlar təşkil edir.
Beynəlxalq Maliyyə Korporasiyasının ölkə
üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və
sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya
və məsləhət xidmətləri barədə məlumat verib.
Konfransda çıxış
edən sahibkarlar, Azərbaycandakı Amerika Ticarət Palatasının, ATİB-in, Azərbaycan-Fransa
Ticarət və Sənaye Palatasının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin
sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən
islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını
bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən
çoxsaylı dəstək tədbirlərinə, "Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət
başçısına minnətdarlıqlarını ifadə ediblər.
Konfrans çərçivəsində
15 sahibkarlıq subyektinə ümumi dəyəri 86,5 mln. manat olan investisiya layihələri
üzrə investisiya təşviqi sənədi və 15 sahibkara ixracla bağlı 704,9 min manat həcmində
geri ödəmə barədə məktub-sərəncamlar təqdim edilib.