“Sahibkar universiteti” və ya təhsil-elm-biznes üçbucağı
"İnnovativ sistemin inkişafında ən
əhəmiyyətli model kimi qəbul edilən "sahibkar universiteti” modeli hazırda daha
da aktuallaşır. Bu baxımdan son illərdə ali təhsil müəssisələrində yeni
sahibkarlıq modellərinin inkişaf etdirilməsinə diqqət artırılıb”. Təhsil naziri
Ceyhun Bayramovun iki gün öncə Bakıda keçirilən "Bilik və innovasiya
iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda səsləndirdiyi
bu fikirlər "sahibkar universiteti” anlayışına, onun əhəmiyyətinə və
iqtisadiyyatımıza gətirəcəyi önəmə aydınlıq gətirməyə zəmin yaradır.
Belə ki, "sahibkar universiteti”nin
əsas məqsədi universitetdə formalaşdırılan innovasiya və alınan patentləri
sahibkarlıq subyektlərinə çevirməklə ölkənin iqtisadi inkişafına və innovativ
ekosisteminin yaradılmasına, həmçinin maliyyə imkanlarının artmasına müsbət
təsir göstərmək və bununla da elmin kommersiyalaşdırılmasına nail olmaqdır.
Tədqiqatla məşğul olan alimlərin 35
faizinin fəlsəfə doktoru, 8 faizinin elmlər doktoru olduğunu deyən nazir son 5
ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən
artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair
216 sifariş verildiyini, patent alan ixtiraların sayının isə 159 olduğunu qeyd
etdi. Belə ki, onların 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda
olub.
Ölkəmizin inkişaf strategiyasında
innovasiya iqtisadiyyatının bütün sahələrdə qurulması vurğulanır və bu səbəbdən
də sahibkarlıq universitetlərinin ölkəmizdə formalaşdırılmasına da xüsusi
əhəmiyyət verilir.
Qeyd edək ki, tələbə və müəllim heyəti
arasında sahibkarlıq vərdişlərini inkişaf etdirən və dəstəkləyən ali təhsil
müəssisəsi kimi dəyərləndirilən "sahibkar universiteti”, eləcə də
yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirməklə yanaşı, sənaye
müəssisələri və digər təşkilatlarla yaxından əməkdaşlıq edib, elmin
kommersiyalaşdırılmasına əhəmiyyət verən, universitetdə aparılan elmi tədqiqat
və kadr hazırlığı işini sənayenin tələblərinə uyğun quran qurumdur. Yəni universitetlərin
biznes və dövlət qurumları ilə birgə əməkdaşlığı nəticəsində elmin inkişafına,
yüksək texnologiyaların yaradılmasına, innovasiya ekosisteminin formalaşmasına
və ən önəmlisi, sosial-iqtisadi rifahın yüksəldilməsinə nail olmaq mümkündür.
Universitet-biznes-dövlət əməkdaşlığını özündə cəmləşdirən, innovativ
ekosistemin formalaşması və inkişafında ən əhəmiyyətli rol oynayan sahibkarlıq
universiteti modeli isə hal-hazırda daha da aktuallaşıb.
"Sahibkar universiteti” modelini
yaratmaq istiqamətində təhsil-elm-biznes üçbucağını qurmaq üçün hansı işlər
görülməlidir?
Tələblərə
cavab verən mütəxəssislərin hazırlanması
Millət
vəkili Aydın Mirzəzadənin fikrincə, söhbət təkcə
universitetin təsis edilməsindən yox, həm də universitet təhsilində sahibkarlıq
biliklərinin tədris edilməsindən gedir. Belə ki, həmişə cəmiyyətdə iqtisadi
yönümlü ixtisaslar olub. Ancaq indiki dövr sadəcə iqtisadi biliklərin deyil,
müasir bazarın tələbinə uyğun olan mütəxəssislərin hazırlanmasını tələb edir:
"Burada təkcə iqtisadi biliklər deyil, həm də gələcək sahibkarların,
marketoloqların, iqtisadi nəzəriyyəçilərin bazarın fəaliyyəti ilə bağlı geniş
spektrdə ilkin məlumatlar əldə etməsindən, iqtisadi biliklərlə yanaşı,
psixologiya, dillərin öyrənilməsi, davranış qaydaları, etnoqrafiya və s. əldə
edilməsindən gedir”.
Azərbaycan iqtisadiyyatının, xüsusən də
qeyri-neft sektorunun inkişaf etdiyini deyən millət vəkili bu baxımdan həmin
sahələr üzrə tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına böyük ehtiyac
olduğunu bildirir: "Həmçinin mütəxəssislərin hazırlığı on illər bundan sonra
problemlərin həllinə yönəlməlidir. Hesab edirəm ki, bu tədris prosesinin
içərisinə mütəxəssislərin daim təhsil alması, öz biliklərini yeniləməsi
mexanizmi də daxil edilməlidir. Universiteti bitirən gənc istənilən sahəyə
rəhbərlik etmək iqtidarında olmaq qərarına gəlməməlidir. O, daim öz üzərində çalışmalı,
daim yeni biliklər əldə etməlidir. Bu gün dünyanın inkişaf etmiş ölkələrindən
olan Koreya Respublikasında əhalinin 80 faizindən çoxu ali təhsillidir. Bu gün
ali təhsil sadəcə vəzifə tutmaq üçün deyil. Əmək bazarında öz yerini tutmaq və
tələb olunan mütəxəssis kimi yetişmək anlamına gətirib çıxarmalıdır”.
A.Mirzəzadənin fikrincə, sahibkarlıq
universitetinin modeli də kəskin fərqlənə bilər: "Məsələn, biz ali məktəbə qəbulu
ildə bir deyil, iki dəfə keçirə bilərik və yaxud müxtəlif proqramlı universitetlər
modeli təklif edə bilərik ki, bu, daha yaxşı mütəxəssis hazırlığında
universitetlər arasında yarışa səbəb olar. Buraxılan mütəxəssislərin xarici
dilləri bilmə praktikasına daha çox saatların ayrılması, tələbələrin bakalavr
və magistr təhsili dövründə bir universitetlə kifayətlənməyərək köçürmə yolu
ilə bir neçə universitetdə təhsil alma praktikasını ortaya qoya bilərik. Həmçinin
bakalavr təhsili sistemində nəzəri biliklərdən onların öz profili üzrə
müəssisələrdə təcrübə keçmək məcburiyyətini tətbiq edə bilərik».
Milli
Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə
görə, Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və islahatların əsas
məqsədi yeni innovativ iqtisadi modelin qurulmasıdır. Təbii ki, innovativ
iqtisadi modelin qurulması üçün də innovativ ekosistemin yaradılması mühüm
əhəmiyyət kəsb edir: "Ancaq bir şey bəllidir ki, innovativ ekosistemin
yaradılmasının əsasında məhz universitetlər, təhsil modeli durur. Bu baxımdan
da universitetlərin bu innovativ ekosistemin yaradılmasında aktiv rolu, eyni
zamanda elmin və təhsilin yeni metodlarının, yeni alətlərinin bu yöndə təsdiq
olunması daha çox effektivdir”.
Yaxşı
modellərin tətbiqi
"Sahibkar universiteti” anlayışının
ölkəmiz üçün xeyli yeni olduğunu deyən fəlsəfə
doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar
Orucov hesab edir ki, bu, ənənəvi universitet modelinin yenilənməsini,
müasir dünyadakı təcrübənin Azərbaycana gətirilməsinin zəruriliyini göstərən
bir yenilik kimi tətbiq olunsa, xeyli faydalı olacaq: "Dünyanın elm tutumlu,
bilik iqtisadiyyatına malik dövlətlərinin təcrübəsində bu model çoxdan oturuşub
və universitetlərin rəqabətliliyini şərtləndirən başlıca faktorlardan biri kimi
özünü qabarıq göstərir. Bizim universitetlərdə bir auditoriya var, bir də
tələbə yeməkxanaları. Universitetlərimiz son dövrlərdə ancaq pullu təhsili
inkişaf etdirməklə əlavə gəlir əldə etməyə üstünlük verirlərsə, qeyd olunan
model onların iqtisadi imkanlarının forma və mahiyyətcə daha müasir, daha
modern və həm də daha çox universitetin adına, mahiyyətinə uyğun olaraq
artmasına imkanlar yaradır”.
Dünyanın bir çox elmtutumlu
dövlətlərindəki universitetlərinin iş prinsipləri, imkanları ilə tanış olduğunu
deyən İ.Orucov müqayisədə həmin ali məktəblərin daha çox üstünlüklərə malik
olduğunu bildirir: "Onlarda universitetlər dövlət içində bir dövlətdir və
müstəqil iqtisadi imkanlara malikdirlər. Nə qədər effektli fəaliyyət
göstərsələr, bir o qədər də yaxşı təminat əldə etmiş olurlar. Ona görə də hər
bir şey diqqətlə ölçülüb-biçilib. Bir qəpik belə israf edilə bilməz və ya
faydasız xərclənə bilməz. Çünki universitet orada təhsil alan tələbənin, hər
bir müəllimin əmlakı deməkdir. Odur ki, hamı sistemin bir hissəsi olaraq
çalışır, ümumi inkişafa töhfə verir. Sanki, bir arı ailəsi işlədiyi kimi bir
mexanizm qurulub. Universitetlərin muzeyləri, texnoparkları, zavodları,
texnoportları, müxtəlif istehsal müəssisələri var. Onlar elmi məhsul istehsal
edirlər və hər kəs gördüyü işə müvafiq olaraq əməkhaqqı alır. Professorlar
arasında belə nə qədər fərqlər var”.
AGAAMC sədri hesab edir ki, biz bu
proseslərə qismən hazır olmasaq belə, keçid vacibdir və dünyadan ayrı inkişaf
mümkün deyil. Yəni yaxşı modelləri mütləq tətbiq etmək lazımdır: "Müəllimlər və
tələbələr üçün universitetlərdə sahibkarlıqla məşğul olmağa xeyli imkanlar və
bunun geniş formaları var. Nümunə kimi məsləhət-konsaltinq xidməti, yeni
innovasiyaların satışı, təhsil məhsullarının brendləşdirilməsi və satışının
təşkili, texnoparklarda müxtəlif sifarişlər əsasında məhsul istehsalının təşkili
və realizəsi, universitetlərin tədris-istehsalat fəaliyyətizamanı
təhsil alanların (bakalavr, magistr və doktorantların) iştirakı ilə istehsal
edilən məhsulun, görülən işlərin və göstərilən xidmətlərin və digər bu kimi
işlərin maddiləşdirilməsini göstərə bilərik. Hesab edirəm, universitet
rəhbərləri daha çox innovativ olmalıdırlar. Təhsil-elm-biznes üçbucağının
qurulmadığı universitetin gələcəyi yoxdur və onun diplomu da əmək bazarı üçün
yetərli deyil”. İ.Orucovun fikrincə, bunun üçün ali məktəblərin profillərinə
uyğun maddi-texniki baza formalaşdırılmalıdır: "Universitetlərimiz
özəl təhsildən və büdcədən əldə olunan vəsaitləri mənasız estetik gözəlliyə,
daşa-sementə deyil, gələcəyə yatırmalı idilər. Amma yenə də gec deyil”.
Sənaye
və biznes müəssisələri ilə əməkdaşlıq şəraitində innovasiya və sahibkarlığı
inkişaf etdirməyi, ali təhsil müəssisələri ilə iş
dünyası arasında əməkdaşlığın vacibliyini vurğulayan mütəxəssislər, həmçinin innovasiya
və sahibkarlıq mədəniyyətini inkişaf etdirməyin önəmini vurğulayırlar. Yəni əgər islahatlar bütün istiqamətlərdə düzgün
aparılarsa, əldə olunan nəticələr də müsbət olar.
Təranə
Məhərrəmova