Rusiya miqrantları deportasiya etməyə pul tapmır
Bir vaxtlar miqrantların çoxluğundan fəxrlə danışan, hətta bundan bir
sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edən Rusiya indi bu sahəni
ciddi şəkildə nəzarətə almağa çalışır. İllər uzunu ucuz işçi qüvvəsindən
istifadəyə üstünlük verən hökumət neft pullarının azalmasından sonra yerli
əhalini işlə təmin etməkdə çətinlik çəkir. Hətta iş o yerə çatıb ki, prezident
Vladimir Putin son çıxışlarının birində əmək miqrantlarının axını qarşısında
yerli əhalinin maraqlarının daha çox qorunmasının zəruriliyini bildirib.
Hakimiyyət orqanları da prezidentin sözlərindən çıxış edərək addımlar atmaq
qərarına gəliblər. Birinci növbədə isə qanunsuz yolla ölkəyə gələnlərin
qarşısının alınmasına başlanılıb. Rusiya nəşrlərinin yaydıqları məlumata görə, hökumət
qeyri-qanuni yolla ölkə sərhədlərini keçən insanlara qarşı sərt addımlar atmağa
başlayıb.
Bu kampaniya o qədər geniş vüsət alıb ki, qanunsuz miqrantları saxlanma
mərkəzləri ağzına kimi dolub. Rusiyalı ekspertlər isə həyəcan təbili çalaraq bildirirlər
ki, həmin şəxslərin ölkədən çıxarılması problemin köklü həllinə gətirib
çıxarmayacaq. Bundan əlavə, kampaniya zamanı korrupsiya halları artır, əlavə
bürokratik çətinliklər yaşanır. Hüquq-müdafiə təşkilatları əmindirlər ki, miqrantlarla
bağlı qanun pozuntularından az məsrəflə çıxmağın, bir növ qənaət etməyin yolu
onların ölkədən çıxarılması qaydalarını sadələşdirməkdir. Məsələn, qeyri-leqalların
xüsusi mərkəzlərdə qalma müddətinin azaldılması və məhkəmə praktikasına yenidən
baxmaq olar. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Aleksandr Qrebenkin
yeni dəyişikliklər təklifi barədə məlumat verib və bildirib ki, qanunsuz gəlmələr
üzərində nəzarət sistemi əvvəlki kimi saxlanılacaq. Onun sözlərinə görə,
miqrantların arasında qanun pozuntularına yol verənlərin üzə çıxarılması və
qanunsuz yolla gələnlərin ölkə ərazisindən çıxarılması işlərini təkmilləşdirmək
gərəkdir. Ekspertlərin hesablamalarına görə, qanunsuz yolla ölkə ərazisinə
gələnlərin sayı 10 mln-u keçib. Rusiya prezidenti yanında insan haqları
Şurasında isə hesab edirlər ki, "boz zona”lar köhnəlmiş miqrasiya
qanunvericiliyi səbəbindən artır.
Bu məqsədlə ayın sonuna kimi şurada müvafiq
orqanların iştirakı ilə toplantı keçiriləcək. Qurumun sədr müavini Yevgeni
Bobrov əmindir ki, normaları konkretləşdirmək, daha aydın etmək gərəkdir: "Belə
ki, prosedurlar çox hallarda bir-birinin təkrarlayır. Və bəlli olmur ki, bu və
ya digər qanun pozuntularına görə hansı məsuliyyət müəyyən edilib. Söhbət
qaydaların sərtləşdirilməsindən getmir. O da qeyd edilir ki, hazırda hakimiyyət
orqanlarının qanunları pozan əcnəbilərin hətta yarısını çıxarmağa belə vəsaitləri
yoxdur. Daxili İşlər Nazirliyində hesablayıblar ki, ayrılan 100 mln. rubl
mərkəzlərdə saxlanılan 4,4 min miqrantın yalnız 1,6 minini ölkədən çıxarmağa
bəs edib. Hazırda mərkəzlər ağzına kimi dolub və yeni saxlanılan şəxsləri qəbul
edə bilmir. "Miqrasiya və qanun” fondunun nümayəndəsi Gövhər Curayeva hesab
edir ki, "hakimiyyət hazırda vaxtilə buraxdığı səhvlərin barını yeyir”. Onun
sözlərinə görə, ictimai təşkilatlar dəfələrlə miqrantları məhkəmə qərarından
dərhal sonra ölkələrinə göndərməyi tələb edib. Yəni xüsusi mərkəzlərdə yalnız
sənədlərlə bağlı problemləri olan insanlar saxlanılmalıdır. "Əgər bizə qulaq
assaydılar, qanunsuz yolla ölkəyə gələnlər büdcədə belə bir dəlik
yaratmazdılar”, - deyə Curayeva bildirib. Hazırda bir miqrantın saxlanmasına
ayda 23 min rubl sərf edilir. Bu isə rusları özündən çıxarır. Məsələn, Levada Mərkəzinin
keçirdiyi sorğunun nəticələrinə görə, yerli sakinlərin gəlmələrə qarşı
münasibəti dəyişib. Rəyi soruşulan respondentlərin 32 faizi miqrantları az
təhsilli sayır, onları aşağı işlərdə işləməyə qadir sayırlar. Miqrantları
əməksevər insanlar sayanların da sayı azalıb. Belələri 32 faizdir.
DİN-in məlumatına görə, ötən il Rusiyaya 16,4 mln. əcnəbi və
vətəndaşlığı olmayan insan gəlib. Ən çox axın da MDB-dən olub-təqribən 70 faiz.
Aİ 11,2 faiz, yerdə qalanları isə digər ölkələrin vətəndaşlarıdır. Maraqlısı
odur ki, Rusiya hakimiyyət orqanlarının miqrantlarla bağlı qaydaları
sərtləşdirməklərinə baxmayaraq, həmin insanlar ölkə büdcəsinə xeyli mənfəət də
gətirirlər. Məsələn, Rusiya Federal Miqrasiya Sisteminin məlumatına görə, ötən
ilin 11 ayı ərzində miqrantların xəttilə büdcəyə 29 mlrd. rubl daxil olub.
Yeri gəlmişkən, Rusiyada miqrantlarla bağlı daha bir qərar qüvvəyə
minib. Rusiya sürücülük vəsiqəsi olmayan on minlərlə sürücü-qastarbayter
2018-ci il iyunun 1-nə qədər avto müəssisələrdə, yük şirkətlərində işləyə
bilməzlər. Rusiya nəşrləri yazır ki, MDB vətəndaşları, xüsusən də Mərkəzi
Asiyadan olanlar avtomobilləri çox pis sürürlər. Konkret olaraq erməni
sürücünün 20-yə artıq insanın ölümünə gətirib çıxaran qəzası hələ yaddan
çıxmayıb. Rusiyanı şoka salan bu insident paytaxtın nəqliyyat sahəsi üçün bir
bomba effekti yaratmışdı. O zaman Dövlət Dumasının üzvləri hətta istirahətlərini
yarımçıq qoyaraq əcnəbi sürücülərin Rusiyada da sürücülük vəsiqəsi almalarını
məcbur edən qanun qəbul etmişdilər.
Beləliklə, bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki,
yaxın vaxtlarda Rusiya MDB məkanından, xüsusən də Mərkəzi Asiyadan olan
miqrantlar üçün yeni problem yarada bilər.
Azər