AZE | RUS | ENG |


Rus gəncliyinin içkisi - Ağdamın əfsanəvi şərabı - BRENDLƏRİMİZ

Rus gəncliyinin içkisi - Ağdamın əfsanəvi şərabı - BRENDLƏRİMİZ
Ağdam portveyni - Bayan-Şirə və Rkasiteli üzüm sortlarından hazırlanan, kəhrəba rəngi, özünəməxsus harmonik dadı olan tünd Azərbaycan şərabıdır

Rus saytlarından birində belə başlıqlı yazı var idi: "Gəncliyimizin içkiləri”. Yazı indi orta yaşda olan rusların gənclik illərinin içkiləri haqda idi. Təqdim olunan siyahıda ilk yerlərdə Azərbaycana məxsus şərabların adları qərarlaşmışdı. Onlardan biri də "Ağdam” portveyni idi və şəklin altındakı qeyddə, "Azərbaycanın əfsanəvi içki markası” olduğu yazılırdı.

Yazı iki il öncəyə aid idi. Bu da onu göstərir ki, Azərbaycan şərabının dadı rusun damağında hələ də qalıb. Hətta o qədər sevgi varmış ki, bu şərabla bağlı müxtəlif lətifələr də qoşulub. Onlardan birini qeyd edək. O vaxt Azərbaycanın nümayəndə heyəti Sovet İttifaqı Kommunist Partiyasının qurultayında iştirak etmək üçün Moskvaya gedir. Bizimkilər mehmanxanada yerləşmək üçün növbədə gözləyirlər. Bir rus  Ağdam partiya komitəsinin katibinin sənədində "Ağdam” sözünü görən kimi deyir: "Sən niyə növbəyə durmusan? Biz səndən ötrü növbəyə durmuşuq, sənə növbə olmaz”.

Ruslar bu içkini unutmasalar da, artıq ölkəmizdə istehsal olunmur. Şərabın istehsalı 2007-ci ildən "Аqro-Аzərinvest” ММC tərəfindən bərpa olunsa da, sonradan dayandırılıb. Səbəbləri haqda şirkətdən məlumat ala bilmədik. "ALKO LTD” şirkətində də az həcmdə bir müddət istehsal olunub. Amma bu şirkətin də internetdə hər hansı əlaqə nömrəsinə rast gəlmədik. Hazırda bu şərabı istehsal edən şirkət yoxdur. Litvada isə bu brendin adından istifadə edənlər də olub. 2014-cü ildə Litvada "Ağdam” brendi altında qeyri-qanuni olaraq şərab istehsal olunması ilə bağlı məsələ gündəmə gəlmişdi. Yəni, brendləşmiş adı olan məhsulu bazara çıxarmaq, alıcı kütləsi toplamaq elə də çətin deyil. Bəs bu addan özümüz niyə istifadə etməyək?

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına dair baş tutan iclasında ölkəmizin şərab istehsal və ixrac imkanlarının böyük olduğunu vurğuladı: "Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür”.

Daha çox şərab istehsal və ixrac imkanlarına malik olduğumuz halda, niyə bundan istifadə etməyək? Bu gün "Ağdam” portveynini bazara çıxarmaqla əvvəlki alıcı kütləsini toplamaq olarmı? Niyə şirkətlər bu portveynin istehsalını uzun müddət aparmayıblar? Bazar yoxdurmu? 
 
Ruslar tərəfindən bu qədər sevilməsinin əsas səbəbi...
 
"Az-Granata” Ağsu Şirə və Şərab Emalı zavodunun alkoqollu içkilər sektorunun direktoru Vüqar Mikailov bizimlə söhbətində bu şərabın istehsal tarixindən və bu qədər sevilməsinin səbəblərindən danışdı: "Ağdam portveyni ilk dəfə 1948-ci ildə istehsal olunub. Onun ruslar tərəfindən bu qədər sevilməsinin əsas səbəbi tərkibində spirtin miqdarının 19 dərəcə, şəkərin isə 8 faiz olması idi. Bu da onun içilməsini rahatlaşdırırdı. Yəni, insanlar daha tez sərxoş olurdular. Avqust ayında 35-40 dərəcə istidə, günəş şüalarının altında, 200 tonluq çənlərdə bu portveynin hazırlanması portvenizasiya prosesinin daha yaxşı getməsinə və portveyn ətrinin əmələ gəlməsinə səbəb olurdu ki, bu da insanlar tərəfindən çox sevilirdi”.

V.Mikailov deyir ki, o vaxt insanlar portveyn tipli şərablara maraq göstərirdilər deyə, o qədər sevilirdi. İndi isə insanların bu istiqamətdə də maraq dairəsi dəyişib: "İndi bu şərab əvvəlki qədər əhəmiyyətli deyil. Məsələn, bu şərab 2007-ci ildən Qəbələdə, "Aqroinvest” şərab zavodunda istehsal olunurdu. Lakin bir o qədər tələbat olmadı. Sovet dövründə insanlar portveyn tipli şərablara meyl göstərirdilər, indi  isə təbii şərablara yəni, spirt vurulmayan, süfrə şərablarına daha çox meyllidirlər. O vaxt portveyn tipli şərablar başqa ölkələrdə də hazırlanırdı. Amma onlar bizim kimi orijinal hazırlamırdılar. Orijinal şərabın qiyməti sovet vətəndaşlarının cibinə uyğun olduğu üçün daha çox təşəkkül tapdı və satıldı. Ümumilikdə, "Ağdam” Azərbaycanın ən zəif şərabı olub. İçilməsinin səbəbləri var idi. Rusiyada tələbələr arasında əsasən bu şərab populyar idi. Çünki qiyməti müvafiq idi və insanı daha tez kefləndirirdi”.
 
""Ağdam”ın dövrü keçib?
 
V.Mikailovun sözlərinə görə, artıq portveyn şərabları ruslar tərəfindən də az içilir. Yeni nəsil ruslar Fransa, İtaliya, İspaniyanın süfrə şərablarına öyrəşiblər: "Əvvəllər restoranlarda rusların süfrəsində ya "Ağdam” olaradı, ya "Vodka” və bir tikə çörək. İndi isə fransız, italyan şərabları içirlər. "Ağdam”ın dövrü keçdi”.
V.Mikailov qeyd etdi ki, 1995-ci ildən sonra bu şərabın istehsalı yox dərəcəsində olub: "Müəyyən qədər istehsal edilsə də, daxili tələbat səviyyəsində olub. "Ağdam” portveyni 2 və 3 nömrəli Ağsu şərab zavodlarında istehsal olunub. 1995-ci ildən sonra demək olar ki, istehsalı dayanıb. 2000-ci illərdə "ALKO LTD” çox az - daxili bazar üçün istehsal edib. Amma geniş şəkildə istehsal sonradan olmayıb”.

V.Mikailov bildirdi ki, bu gün "Ağdam” portveynini yox, başqa şərablarla dünya bazarına çıxa bilərik: "Son vaxtlar aborigen sortlar daha geniş yayılıb. Azərbaycanın xaricə çıxmaq üçün ən yaxşı şərabları nar şərablarıdır. Çünki onların rəqibi yoxdur. Yeganə rəqib İsrailin bir şərabıdır, amma bizim narlarda olan ətrin onlarınkında olmaması Azərbaycan şərablarını xarici bazarlarda rəqibsiz hala gətirib. İsrailin ölkəmizdəki səfiri "Az-Granata”nın qonağı olanda özü dedi ki, hazırda burda istehsal edilən nar şərabı İsrailin şərabını üstələyir. Qazlaşdırılmış şərablar var, onlara "oynaq şərablar” deyilir. Həmin şərablar da dünyada yeganə olaraq bizdədir. Düzdür, bizdən qabaq da belə şərablar hazırlanıb, lakin onlar konsentratlardan düzəldilib”.
 
"Ağstafa”, "Alabaşlı” da olub 
 
Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahovbildirdi ki, "Ağdam” portveyni Azərbaycanın tarixən məşhur olan şərablarından biri olub: "Ağdam şərabının spirti 19 dərəcə, şəkərliliyi 8 faizdir. Hər bir şərab növünün şəkərə və spirtə görə normativ sənədlərlə tənzimlənən kondisiyaları mövcuddur. "Ağdam” şərabının təsdiq olunmuş texniki şərtlərinin tələbinə əsasən, qəbul olunmuş spirtə görə kondisiyası 19 faiz, şəkərə görə kondisiyası 8 q/sm3 onun keyfiyyət göstəricisinin təminatıdır.

Azərbaycanda "Ağdam” portveyni ilə yanaşı "Ağstafa” markalı portveyni, "Alabaşlı” ağ markalı portveyni, birillik ağ "777” portveyni də istehsal olunub. Amma buna baxmayaraq, "Ağdam” portveyni ən populyar idi və bazarda öz yerini möhkəmlətmişdi. Rusiya prezidenti Vladimir Putin öz çıxışında demişdi ki, tələbə vaxtı içdiyim "Ağdam” şərabının dadı hələ də yadımdadır. 70-80-ci illərdə Azərbaycanda istehsal olunan şərabların həcminə görə, bu şərab həmişə 1 və 2-ci yerlərdə olurdu. Qiyməti isə normal idi”.
 
"Bazarda tələb bir az dəyişib”

T.Pənahov deyir ki, şərabın adının köhnəsi-təzəsi olmur. Belə ki, yüz illərdir istehsal olunub, bazara çıxarılan şərab brendləri var. Şərab yalnız istehsal tarixi ilə bağlı köhnə-təzə ola bilər. Onun sözlərinə görə, bu gün bazarda tələb bir az dəyişib: "Bu gün portveyn tipli şərablara yüksək tələbat da yoxdur. Amma sifariş olarsa, lazım olan miqdarda istehsal etmək olar. "Ağdam” portveyn şərabı əvvəllər əsasən Rusiyaya satılırdı. Amma indi hansı səbəblərdənsə bu şərabın ixracı çox aşağı düşüb. Digər tərəfdən, burada qiymət məsələsi də öz rolunu oynayır. Qiyməti ucuz olan şərablara əhalinin meyli artıb. "Ağdam”ın hazırlanmasında istifadə olunan spirtin qiyməti də bahadır. Spirtin bahalığı bu şərabın da qiymətinə təsir edir. Həm də bu gün bazarda əsasən süfrə şərablarına üstünlük verirlər. Düzdür, danışanda çox adam "Ağdam” şərabını tərifləyir, istehsal olunmasını arzulayır, amma reallığa gələndə, qiyməti aşağı olan süfrə şərabları daha çox satılır”.

T.Pənahovun sözlərinə görə, hazırda bu şərabın istehsal olunub-olunmadığı ilə bağlı qəti fikir söyləmək çətindir: Xronoloji ardıcıllıq belədir ki, 1990-cı ilə qədər bu şərab böyük həcmdə istehsal olunub, sonrakı illərdə isə istehsal kəskin şəkildə azalıb. Konkret olaraq, bu gün həmin şərabın istehsal olunması barədə dəqiq məlumat yoxdur. Bəzi şirkətlərdə az miqdarda bu gün də "Ağdam” şərabı istehsal olunur. Amma bu, çox azdır”.
 
"İşlər müasir dövrün tələblərinə uyğun olaraq aparılmalıdır”

T.Pənahov onu da bildirdi ki, "Ağdam” və ya digər şərablarımızın istehsalının genişləndirilməsi, dünya bazarlarına yol açması üçün müəyyən işlər və tədbirlərin görülməsinə ehtiyac var: "Rusiya ərazisində əvvəllər Azərbaycanın şərab zavodları fəaliyyət göstərib. Bu zavodlar Azərbaycanın vəsaiti hesabına tikilib. Həmin zavodları bərpa etmək, müştərək müəssisə kimi, indiki bazar iqtisadiyyatına uyğun şəkildə fəaliyyətini bərpa etmək olar. O vaxt tələbat başqa idi, indi isə başqa. İşlər müasir dövrün tələblərinə uyğun olaraq aparılmalıdır. Beynəlxalq təşkilatlarla, dünya bazarları ilə daim işləməliyik. Şərablara və digər alkoqollu içkilərə keyfiyyət sertifikatlarının verilməsinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun səlahiyyətində olmasını məqsədəuyğun hesab edirəm. Ona görə ki, bir çox dünya ölkələrinin təcrübəsindən bu, belədir. Müəssisələr xaricə şərab göndərmək istədikdə Bakıya gəlib, bir neçə təşkilatın qapısını döyməli olurlar. İnstitutumuzun regionallarda fəaliyyət göstərən laboratoriyalarından bu məqsədlə istifadə olunması məqsədəuyğun olardı.

İxracla bağlı MDB dövlətləri üzrə koordinasiya mərkəzi yaradıla və orada şərabların satışı məsələsi həll oluna bilər. Şərabın keyfiyyətinin gömrük məntəqələrində yoxlanması məsələsini də effektiv üsul hesab etmirəm. Gömrük komitəsinin laboratoriyasında çalışan mütəxəssislərin şərabın orqanoleptik göstəricilərinin qiymətləndirilməsini peşəkarlıq baxımından müsbət qiymətləndirmirəm. Gömrük təşkilatı şərabın keyfiyyətini müvafiq laboratoriyalar tərəfindən verilən sertifikat əsasında sənədləşdirən bir təşkilatdır. Azərbaycanın nüfuzlu alim və mütəxəssisləri beynəlxalq sərgi və dequstasiyalara getməlidirlər. Azərbaycanlı mütəxəssislərin beynəlxalq tədbirlərə qatılması ən azından şərablarımızın tanıdılması istiqamətində irəliyə doğru atılmış addım ola bilər. Beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın qabaqcıl elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması vacibdir”.
 
"Tələb yaratmağı bacarmırlarsa, demək ki, marketinq işi görülmür”

Marketoloq Seymur Quliyev bizimlə söhbətində bildirdi ki, marketinq işi düzgün qurulsa, indi də həmin məhsulun bazarda alıcısını tapmaq mümkündür: "Məhsulu istehsal etməklə iş bitmir. Birincisi, əvvəlki məşhurluğun səbəblərini araşdırıb tapmaq lazımdır. Sonra o səbəbləri daha da müasirləşdirib, yenidən bazara çıxarsınlar. Məhsul müştəriyə ənənəvi dad, müasir brend olaraq təqdim edilməlidir. İnsanlarda nostalji hisslər yaradıb, məhsulu müasir formada, ənənəvi dadda bazara çıxarmaq olar. Hər şey mümkündür. Necə ki, illər sonra köhnə dəb geyimlər yenidən aktuallaşır, bunu da etmək olar. Sadəcə, bacarıq tələb olunur. Azərbaycanda içki sektorunda olanlar müasir tələblər haqqında o qədər də məlumatlı deyillər, müasir istehlakçıları o qədər də tanımırlar. Ona görə ən asan yolla  gedib, belə bir bəhanə edirlər ki, tələb yoxdur. Əgər tələb yaratmağı bacarmırlarsa, demək ki, marketinq adında nə isə iş görülmür”.
 
Aygün Asimqızı
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022