Regionlarda elektron xidmətlərdən istifadənin artırılmasına dəstək
Son illər respublikamızda
əhaliyə göstərilən elektron xidmətlərin sayı artmaqdadır. Bu gün əhali həm
dövlət qurumlarının öz internet səhifələri, həm də «Elektron hökumət portalı»
vasitəsi ilə elektron xidmətlərə çıxış əldə edə bilir. Amma elektron
xidmətlərin sayının artırılması ilə yanaşı, göstərilən xidmətlərlə bağlı
əhalinin məlumatlandırılması da önəmlidir. Son
dövrlər Qeyri-Hökumət Təşkilatları da bu istiqamətdə görülən işlərə ictimai
dəstək verməkdədir.
Bu
istiqamətdə fəaliyyət göstərən təşkilatlardan olan Regional İnsan Hüquqları və
Media Mərkəzinin sədri Xalid Kazımov deyir ki, 2014-cü ildən başlayaraq
əhalinin elektron xidmətlərlə bağlı məlumatlılığını artırmaq istiqamətində iş
aparırlar: "Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin
göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni”
maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.
Təşkilatımız da bu istiqamətdə görülən işlərə ictimai dəstək verməyə çalışır.
Əvvəllər bu istiqamətdə fəaliyyətimizə yalnız Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək
verirdisə, bu il Avrasiya Əməkdaşlıq Fondu da bu fəaliyyətə dəstək verib.
Təşkilatın ekspertlərinin Avrasiya Əməkdaşlıq Fondu ilə əməkdaşlığı nəticəsində
elektron xidmətlərdən istifadədə çətinlik çəkən insanlara həm də birbaşa köməklik göstərməyə nail olduq. Bu
ölkəmizdə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində
aparılan işlərə əlavə dəstək olmaqla yanaşı, aztəminatlı ailələrə elektron
xidmətlərdən yararlanma imkanı verdi".
X.Kazımov deyir ki, ötən
müddətdə region sakinlərinin elektron xidmətlərlə bağlı məlumatlılığını
artırmaq məqsədi ilə həm televiziya verilişləri, həm də sosial çarx
hazırlanaraq yayımlanıb: "Avrasiya Əməkdaşlıq Fondu, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi və Açıq Hökumətin
Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə əməkdaşlıq
şəraitində maarifləndirmə xarakterli 4 televiziya verilişi və bir sosial çarx
hazırlanaraq yayımlanıb. Elektron xidmətlərin əhəmiyyəti, onlardan istifadə ilə
bağlı əhalinin məlumatlılığını artırmaq üçün hazırlanan verilişlərdə və sosial
çarxda elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüyü təqdir
edilir. Bundan başqa regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə
birbaşa köməklik göstərilib. Ölkəmizdə əhaliyə göstərilən elektron xidmətlər və
onlardan istifadə ilə bağlı məlumatların toplandığı buklet hazırlanaraq
Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Yevlax, Ağdaş, Tərtər və Ağcabədi rayonlarından olan 2700-dən çox sakinə
paylanılmaqla onlar bu sahədə məlumatlandırılıb. Həmin rayonlarda keçirilən məlumatlandırma sessiyasında isə 450-dən artıq region sakini iştirak edib. Məlumatlandırma
sessiyalarından sonra 123 nəfərə
"Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifrə verilməsi
həyata keçirilib. Bərdə və Ağdam rayonlarında təşkil olunan xidmət
mərkəzlərində elektron xidmətlərdən istifadə ilə bağlı 330 nəfər region sakininə köməklik göstərilib. Bütün bu işlərin
görülməsində əsas məqsədimiz ölkəmizin prioritet elan etdiyi elektron
xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək verməkdir".