• şənbə, 27 Aprel, 05:13
  • Baku Bakı 14°C

Qulu dayının sığortasız evi...

29.08.13 09:39 1942
Qulu dayının sığortasız evi...
Kəndimizdə bir ev var, hər dəfə yağış yağanda o evdə yaşayanların həyatı təhlükə altına düşür. Torpaq qayalığın kənarında yerləşən ev köhnə tikilidir. Atam deyir ki, o, uşaq olandan həmin ev varmış, amma onda uçurumun kənarında yox, sal təpənin üzərindəymiş. Sonralar evin yerləşdiyi təpənin ətəyini qazıb torpağını daşıyıblar, bunun nəticəsində isə torpaq sürüşməsi başlayıb. Hər yağış yağanda təpənin ətəyi bir az sürüşüb gedir.
Dediyimiz kimi, ev köhnə tikilidir, artıq uçub-tökülmək üzrədir, amma evin sahibi olan Qulu dayı onu yeniləmək fikrində deyil: “Əvvəla, imkanım yoxdu, FHN-in rayon şöbəsinə müraciət etdim, heç bir nəticəsi olmadı. İkincisi də, onsuz da bu gün-sabah uçacaq, neynirəm ona xərc çəkim”. Qulu dayıdan evini sığorta etdirib-etdirmədiyini soruşmaq istədim, amma xatırladım ki, heç öz ata evim sığortalanmayıb, bunun söhbəti belə olmayıb, Qulu dayı hardan bilsin evini sığortalatmaq imkanının olduğunu. Regionlarda, kənd yerlərində sığortanın, xüsusilə də əmlak sığortasının inkişaf etməməsi bu cür hallarda vətəndaşları çıxılmaz duruma salan amillərdəndir.
Ümumilikdə götürəndə, Azərbaycanın maliyyə sistemində zəif inkişaf etmiş sahələrdən biri də sığorta bazarıdır. Sığorta bazarının həcmi ÜDM-nin təxminən 0,6%-ni təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 20%-dən yüksəkdir. Azərbaycanda sığorta sisteminin zəif inkişaf etməsinin səbəbi bir tərəfdən əhalinin məlumatlılıq səviyyəsinin aşağı olması, digər tərəfdən sığorta şirkətlərinin bir sıra hallarda öz öhdəliklərindən boyun qaçırmaq cəhdləri ilə bağlıdır.
Ötən il Azərbaycanda sığorta bazarının həcmi 343 milyon manat təşkil edib. Bunun təxminən 37%-i icbari sığorta bazarının payına düşüb. Halbuki bu göstərici 2011-ci ildə 24%, 2010-cu ildə isə 20% olub. 2011-ci ildə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi sığorta bazarının həcminin, o cümlədən icbari sığortanın payının artmasına gətirib çıxarıb. Əmlakın sığortası üzrə yığım son 2 ildə 46% artıb. Bu mənbədən yığım 2010-cu ildə 81,6 milyon manat olduğu halda 2012-ci ildə 118,7 milyon manata kimi yüksəlib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, 2012-ci ilə qədər vətəndaşlara məxsus evlərin sığortalanması yalnız könüllü formada həyata keçirilib: “Sonradan müvafiq qanunun qəbulu əmlakın icbari sığortasını nəzərdə tutub. Qanunvericiliyə görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir”.
Ekspert bildirir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir: “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tarifləri Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli, Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi” Qaydası əsasında hesablanır. Qaydaya görə, yaşayış evləri və mənzillər üçün sığorta tarifi 0,2 % müəyyən edilir.
Yaşayış evlərinə yerləşdiyi məkana uyğun olaraq differensial sığorta məbləği tətbiq edilir. Bakı şəhərində yerləşən evlər üçün bu məbləğ 25 min manat təşkil edir. Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən evlər üzrə sığorta məbləği 20 min manatdır. Digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği isə 15 min manata bərabərdir. Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus evlərin sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir”.
S.Əliyev qeyd edir ki, sığorta bazarının, o cümlədən əmlak sığortasının inkişaf etməməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Əvvəla, insanların bu sahədə məlumatlılığı aşağıdır. Əhalinin maliyyə savadsızlığı onlara sığortanın verdiyi üstünlüyü müəyyənləşdirməyə imkan vermir. İkincisi, əhalinin sosial vəziyyətinin aşağı olması da sığortanın inkişafına mane olan amillərdəndir. Üçüncüsü, sığorta şirkətlərinə olan inamsızlıqdır. Bir sıra hallarda sığorta şirkətlərinin işini düzgün qurmaması, öhdəliklərini tam yerinə yetirməmələri onlara qarşı inamsızlıq yaradır ki, bu da onların xidmətindən imtinaya səbəb olur.
Qanunvericilik daşınmaz əmlakın icbari sığortasını nəzərdə tutsa da, icbari sığortanın tətbiqi hələ də gözlənilən nəticəni vermir. Bunun əsas səbəbi “İcbari sığortalar haqqında” Qanunun lazımi qaydada tətbiq edilməmsi və daşınmaz əmlakın dövlət qeydiyyatında mövcud olan problemlərin həllini tapa bilməməsidir. Qanuna görə, dövlət qurumları və bələdiyyələr tərəfindən sökülməsi nəzərdə tutulan, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan və icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur. Təsəvvür edin ki, hazırda yüz minlərlə evin sənədi yoxdur. Bu evlərin bir hissəsi tikintisi başa çatmayan hesab olunur. Xüsusilə də MTK-lar tərəfindən tikilən və təhvil verilməyən binalar kifayət qədər çoxdur. Həmin evlər icbari sığortadan kənarda qalır. Evlərin bir hissəsi icazə verilməyən yerlərdə inşa edildiyindən belə evlər də qanunun tətbiq dairəsinə düşmürlər. Bunun üzərinə saylarının az olmasına rəğmən, sökülməsi nəzərdə tutulan və qəzalı vəziyyətdə olan evləri də gəlsək, bu halda böyük həcmdə evlərin sığortadan kənarda qaldığının şahidi olarıq”.
Ekspertin fikrincə, digər çatışmazlıq sığortalanan evin dəyəri ilə bağlıdır. Çünki mövcud qanunvericiliyə əsasən, bahalı evlə ucuz evlər arasında fərq qoyulmur: “Belə çıxır ki, məsələn, Bakı şəhərində sığorta hadisəsi baş vermiş 100 min manatlıq ev üçün ən yaxşı halda 25 min manat sığorta məbləği ödəniləcək. Bazar dəyərləri arasında ən azı 10 dəfə fərq olan evlərə eyni sığorta haqqının tətbiqi ədalət prinsipini pozmaqla yanaşı, dəymiş zərərin əvəzinin tələb olunan həddə ödənilməsini məhdudlaşdırır. Belə çıxır ki, bahalı ev sakinləri əlavə olaraq könüllü şəkildə evlərini sığortalamalıdır”.
S.Əliyevin sözlərinə görə, əksər ölkələrdə evlərin icbari sığortası geniş yayılmayıb: “Evlərin icbari sığortası, əsasən ipoteka kreditləşməsi zamanı tətbiq edilir. Dünya təcrübəsində icbari sığotanın tətbiqinin dəqiq meyarları mövcuddur. İcbari sığorta o zaman tətbiq edilir ki, sığorta şirkətləri az rentabelli olması səbəbindən konkret riskləri sığortalamaqda maraqlı deyillər, sığortanın dəyəri çox bahadır, sığorta şirkətləri sığortalanması nəzərdə tutuluan risklərin ağırlığını düzgün qiymətləndirmir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər