Qocalan avtomobil parkını necə cavanlaşdırmalı?
Ekspertlərin fikrincə, bu problemi nizamlamaq üçün gömrük sahəsində güzəştlər edilməli, aşağı faizlə kredit verilməlidir
Oktyabrın 31-də Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
mətbuat konfransı keçirib. Nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat
verən Muxtar Babayev, qlobal ekoloji problemlərin ətraf mühitə mənfi
təsirlərini azaltmağın prioritet məsələ olduğunu bildirib. Qeyd edib ki,
havanın çirklənməsinin əsas səbəbkarları böyük müəssisələr və nəqliyyat
sektorudur. Atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə
ölkənin böyük şəhərlərindəki 500-ə yaxın iri ictimai-iaşə obyektində
təmizləyici qurğuların quraşdırılması təmin olunub. Hazırda istismar olunan 1
milyon 402 mindən çox nəqliyyat vasitəsindən 35 faizi 10 il, 23 faizi 20 il,
19,1 faizi 30 ildən əvvəl istehsal olunmuş avtomobillərdir. 2016-cı illə
müqayisədə 2018-ci ildə avtomobil idxalı beş dəfədən çox artıb. Nəqliyyat
sektorunun ətraf mühitə zərərli təsirlərinin azaldılması üçün avtomobil
parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən
istifadənin genişləndirilməsini təşviq
edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli
ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil
istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik
baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən
çıxarılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin
utilizasiyası proqramı hazırlanıb.
Maraqlıdır, nəqliyyat sektorunun ətraf mühitə zərərli təsirlərinin
azaldılması, avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz
nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini stimullaşdırmaq üçün
hansı addımlar atılmalıdır?
Avtomobil bazarı üzrə ekspert
Eldəniz Cəfərov bildirdi ki, sırf
elektriklə çalışan avtomobillər üçün infrastruktur yoxdur: "İlk növbədə ekoloji
təmiz nəqliyyat vasitələrinin gömrük rüsumları azaldılmalı, mühərrik həcminə görə
təyin edilmiş aksiz vergisi ləğv edilməlidir. Bu ilin əvvəlində elektromobillilərə
tətbiq olunan bəzi rüsumlar aradan qaldırıldı. Hazırda rüsum 15% təşkil edir. Bu,
təqdirəlayiq addımdır. Lakin bu addım, vəziyyəti o qədər də dəyişmir, çünki
ölkəmizdə sırf elektriklə çalışan avtomobillər üçün infrastruktur yoxdur.
Hibridlər də ekoloji təmiz nəqliyyat vasitəsi sayılır. İnsanlar daha çox hibrid
maşınlara üstünlük verir. Bu səbəbdən də, gözləyirik ki, tezliklə bu maşınların
gömrük rüsumu və aksiz vergisi azaldılacaq. Stimullaşdırmanın digər növü təzə maşın
alarkən avto-kreditlərin verilməsini sadələşdirmək, tələb olunan ilkin ödənişin
faizini və illik faizi azaltmaq olar. Hazırda banklar ilkin olaraq maşının
qiymətinin 40%-ni, illik isə 16% -lə təklif edirlər. Bu, yüksək rəqəmdir. İlkin
ödəniş 20%, illik isə 9-10% olsa, vətəndaşlara sərf edər. Bu zaman hər kəs təzə
maşın alar və beləliklə, köhnə maşınlar dövriyyədən çıxar”.
Avtomobil məsələləri üzrə ekspert Eyyub Əliyev qeyd
etdi ki, bank sektorunu da bu işə
cəlb edib, daha ucuz ilkin ödəniş və faizlə kredit verilməsini təmin etmək
mümkündür: "İlk olaraq köhnə, 30 ildən çoxdur ki, istifadə edilən maşın
sahibləri siyahıya alınmalıdır. Utilizasiya işi ilk olaraq onlardan
başlamalıdır. Onlara hər hansı kredit güzəştləri olmalıdır ki, köhnə, ekoloji
baxımdan zərərli avtomobillərin yerinə təzəsini ala bilsinlər. Məsələn, hazırda
ölkəmizdə avtomobil istehsalı ilə məşğul olan "Xəzər” avtomobil zavodu var.
Onunla dövlət arasında bir müqavilə olsa, güzəştli avtomobil satışı həyata
keçirilsə, köhnə avtomobilləri yeniləmək olar. Şərt o deyil ki, bu gün hamı
hibrid və ya elektromobil maşın sürsün. Çünki onlar elə də ucuz avtomobil
deyil. Amma hər kəsdə yenisi olsa, yaxşı olar. Bəzi yeni model avtomobillər var
ki, onlar ekoloji cəhətdən köhnələr kimi zərərli deyil. Onlardan istifadə
edilməsi məsləhət olunandır. Həmçinin bank sektorunu da bu işə cəlb edib daha
ucuz ilkin ödəniş və faizlə kredit verilməsini təmin etmək mümkündür. Və ya
vətəndaşdan köhnə avtomobili alınsın, yenisini ilkin ödənişsiz, aşağı faizlə
kreditə versinlər. Hazırda ölkəmizdə müəyyən şərtlərlə evlərin satışı həyata
keçirilir, əslində, həmin şərtlərlə vətəndaşları köhnə avtomobillərini də
yeniləməyə stimullaşdırmaq olar”.
Nəqliyyat məsələləri üzrə ekspert Hüseyn Abdullayevməsələni həllini ilk olaraq texniki baxışda görür:
"Avtomobillərin utilizasiyası üçün ilk növbədə texniki baxış məsələsi tam
effektiv həyata keçirilməlidir. Çünki texniki baxış nəticəsində avtomobil
sahibinə onun maşının ekologiya üçün nə dərəcədə zərərli olduğu deyilir.
Ümumiyyətlə, maşın texniki baxışdan keçərkən birmənalı şəkildə bildirilməlidir
ki, bu avtomobil istifadəyə yararsızdır. Hətta, bəzi meyarlara uyğun olmadığını
deyib, onu qeydiyyatdan çıxarmalıdırlar. Düzdür, bu, bir az çətin məsələdir,
çünki insanların, xüsusilə də kənd yerlərində həmin köhnə maşınla çörək pulu
qazananların narazılığına səbəb olacaq. Çünki nə qədər güzəşt edilsə də,
onların təzə maşın almaq imkanı yoxdur”.
Ekspertin
sözlərin sözlərinə görə, bu istiqamətdə problemlərin həlli gömrük rüsumunda
ediləcək güzəştlə bitmir: "Ekoloji cəhətdən təmiz avtomobillərin istifadəsini
stimullaşdırmaq üçün gömrük sahəsində müəyyən güzəştlər etmək lazımdır. Çünki
hazırda elektromobil maşınların idxalı elə də ucuz deyil. Yəni dövlət
tərəfindən bu sahədə hələ ki, stimullaşdırıcı heç bir addım atılmır. Məsələn,
bu istiqamətdə Norveç təcrübəsini misal çəkmək olar. Orada bu maşınlara gömrük
rüsumları tətbiq edilmir, şəhərdə pulsuz parklama, şarj yerləri təklif olunur.
Buna görə də, orada avtomobillərin böyük bir hissəsi elektromobildir. Tutaq ki,
bizdə gömrük rüsumuna güzəşt edildi, amma şəhərdə həmin maşınları şarj etmək
üçün yer olmasa, görülən işlər effektiv olmaz. Ona görə, hərtərəfli şəkildə,
düşünülmüş stimullaşdırıcı addımlar atılmalıdır”.
Günel
Azadə