• cümə, 26 Aprel, 13:49
  • Baku Bakı 23°C

Qıpqırmızı pomidor, ətirli xiyar...

27.08.13 10:28 2811
Qıpqırmızı pomidor, ətirli xiyar...
Artıq uzun illərdir ki, dadlı meyvə-tərəvəz, dadlı qida üzünə həsrətik. Şəxsən mən 14 il əvvəl kənddən çıxıb həvəslə Bakıya gələndə düşünmürdüm ki, illər keçəcək, kəndin havasının, suyunun, tərəvəzinin, meyvəsinin, qatığının-südünün həsrətini çəkəcəyəm. Bu gün paytaxt bazarlarında təbii və dadlı məhsul tapmaq müşkülə çevrilib. Müxtəlif rayonların adı ilə satışa çıxarılan məhsulların dadı-tamı, demək olar ki, yox dərəcəsindədir.
Elə bir vəziyyət yaranıb ki, hamını “nə üçün meyvə-tərəvəzin, bostan məhsullarının ətri və dadı əvvəlki kimi deyil?” sualının cavabı maraqlandırır. Kartofun heç bir növü əvvəlki “Ağ çiçək” sortunu əvəz edə bilmir. Hələ qaratorpaq zonalarda becərilən kartofu demirik. Onların püresini hətta körpələr həvəslə yeyirdilər. Ən tərifli Bakı pomidorunun, Zirə xiyarının dadı belə, hələ də tamını unutmadığımız pomidorları, ətirli xiyarları əvəz edə bilmir. Vaxtilə bostan məhsulları ilə xəstələri müalicə edirdilər. İndi qarpızı ehtiyatla yeyirik... Bəs gündəlik qida olaraq yediyimiz çörək nədən əvvəllər olduğu kimi ətirli və necə deyələr, durumlu deyil?
Kənd təsərrüfatı elmləri namizədi Urfan Məmmədov deyir ki, uzun müddət becərilən çoxillik bitkilərin məhsullarının keyfiyyətini yoxlamaq üçün onların nümunələrini laboratoriya şəraitində təhlil etmək lazımdır. Mütəxəssisin sözlərinə görə, torpaqların gücdən düşməsi, həmçinin üzvi maddələrlə zəngin olmayan həmin torpaqlarda becərilən yem bitkilərinin tərkibi ətin-südün keyfiyyətində də özünü göstərir: “İndi senaj, silos, şulka-çiyid demək olar ki, yox dərəcəsindədir. Yem bitkilərinin əksəriyyəti az əkilir, o cümlədən yem çuğunduru heç əkilmir, qarışıq yem azdır, şirot hazırlanmır və s. Mal-qaraya əsasən saman, yonca, kəpək və təbii ot verilir. Bunlar o qədər də ucuz başa gələn yem növləri deyil. Nəticədə ətin qiyməti ilə bahəm, dadı da bizi qane etmir”.
Bəs keyfiyyətin artmasına necə nail olmalı? Təbiətin belə bir qanunu var: “Torpaqdan yaranan torpağa qaytarılmalıdır”. İndi dünyada bu qanuna yalnız meşə torpaqlarında riayət olunur. Ona görə də ən zəngin strukturlu torpaq meşədədir. U.Məmmədov bildirir ki, insanlar torpaqdan qəbul etdikləri nə varsa, onun hamısını üzvi tullantılar şəklində geri qaytarmalıdırlar: “Bunun üçün mətbəxdən qalan artıq ərzaq, mal-qaranın fermadan çıxan bərk və duru ifrazatı, ağac yonqarı - kəpək, payızda tökülən xəzəllər, üzüm cecəsi, pambıq qəzzəyi, hətta fabriklərdən atılan bütün üzvi tullantılar torpağa basdırılır və üstü kip örtülür. Bütün bunlar yazda çıxardılaraq kompost halında torpağa verilir. Belə sadə üsuldan, yəni, fekalın (gecə qızılı) quru qalığından istifadə edilirsə, 7-8 ay ərzində yaranan, 60 dərəcə istilikdə yetişdirilən bu kompost bitkiləri asan mənimsənilən qida maddələri ilə təmin edə bilir. Gecə qızılının qoxusunu azaltmaq üçün üzərinə kül, torf, yaxud xüsusi bakteriya növləri səpilir. Sübut olunub ki, kənd təsərrüfatı bitkilərinin heç biri üzvi maddələri, o cümlədən fekalı minerallaşmamış mənimsəmirlər”.
Biokonversiya üsulu ilə kompost istehsalından ABŞ, Almaniya, İngiltərə, Fransa, bir sıra ərəb ölkələrində, Hindistanda istifadə olunur. Abşeronda məişət tullantılarından enerji hasil olunursa, kənd təsərrüfatı rayonlarının yaxınlığında yerləşən Gəncə şəhərində kompost istehsalı müəssisəsi yaratmaq mümkündür. Hazırda yerli üzvi gübrə sayılan peyinin qıtlığı var. Kənardan mineral gübrə gətirilməsi isə ağır zəhmət tələb edir və bunun xərci də çoxdur. Ona görə də kompostun istehsalı vacibdir. Ekspertin sözlərinə görə, kompost torpağın su-fiziki xassələrini, aqrokimyəvi xüsusiyyətlərini yaxşılaşdırır, onu faydalı mikroorqanizmlərlə zənginləşdirir, qida elementlərinin bitkiyə daxil olmasını sürətləndirir, humusu artırır: “Kompost eləcə də torpağı yumşaq saxlayır, dənəvər edir, onun fermentlərinin fəaliyyətini yüksəldir, bioloji fəallığını artırır, bitki üçün lazım olan azot, fosfor, kalium və mikroelementlərlə zənginləşdirir, suyun, havanın, torpağın çirklənməsinin qarşısını alır”.
Yeri gəlmişkən qeyd edək ki, son illərdə taxıl sahələri bəzən yuxarı hissədən biçildiyindən küləşə şum aparılan zaman od vurub yandırırlar. Bu zaman torpağın üst qatında uzun illər yığılan humus yanır, bununla da azot itkisinə yol verilir. U.Məmmədov bildirir ki, küləşə, yaxud payızda tökülən xəzələ od vurmaq yolverilməzdir: “Məhsuldarlığın artırılmasında vacib vasitələrdən biri də üzvi gübrə ilə yanaşı, mineral gübrələrin tətbiqidir. Bir şərtlə ki hər bitkiyə uyğun azot, fosfor və kalium gübrələri düzgün norma və nisbətdə verilsin. Lakin buna heç də həmişə əməl edilmir.
İstər kompostun, istərsə də çürümüş peyinin normadan artıq səpilməsi məhsulun keyfiyyətini pisləşdirmir. Əksinə, əkin sahələri kompostla nə qədər çox təmin edilsə, məhsullarda nitratın çox toplanmasının qarşısı alınar, onun keyfiyyəti yüksələr. Sənaye üsulu ilə alınmış mineral gübrələrin, zərərverici və xəstəliklərə qarşı işlədilən preparatların tətbiqinin tarixi bir əsrdən qısadır. Ancaq ötən illər ərzində, eləcə də kənd təsərrüfatının kimyalaşdırılmasından sonra məhsuldarlıq artsa da, keyfiyyət göstəriciləri əvvəlki kimi yüksək deyil. Bunun da səbəbi var. Uzun illər istismar edilən əkin yerlərinin zaman-zaman kimyəvi maddələrlə çirklənməsi torpaqları gücdən salıb. Süni yaradılan qida məhsulu keyfiyyətinə görə heç vaxt təbii məhsullardan üstün olmur. Məsələn, İsraildə qeyri-standart məhsul yoxdur. Heyranedici dərəcədə meyvə-tərəvəz, bostan, çiyələk, kartof məhsullarına tamaşa etməkdən doymursan. Ancaq məhsulların əksəriyyətinin, o cümlədən çiyələyin, qarpızın, yemişin və s. dadı bizim torpaqların barından geri qalır. Yeyinti məhsullarının durumu da bizim məhsullarımız kimi deyil. Çünki səhra ölkələrində zəif qumsal torpaqlarda əsasən mineral gübrələrin hesabına bitki becərilirsə, ondan yüksək keyfiyyətli məhsul almaq olmur. Torpaqsız şəraitdə də (hidroponika və aeroponika) məhsul becərmək mümkündür. Azərbaycan 9 iqlimə və ona uyğun da torpaq şəraitinə malikdir. Odur ki, bundan səmərəli istifadə etməliyik. Torpağı qida maddələri ilə zənginləşdirməklə növbəli əkinə, həm də paxlalı bitkilərin əkininə də riayət olunmalıdır”.
Mütəxəssis onu da qeyd etdi ki, torpağın münbitliyini artıran məişət, kommunal, kənd təsərrüfatı və sənaye tullantıları əsasında hazırlanan, asan mənimsənilən kompostun tətbiqi ilə azlıq təşkil edən peyin və mineral gübrələrin xeyli hissəsini əvəz edə bilərik: “Bununla ətraf mühitin çirklənməsinin qarşısını da almış olarıq. Həm də bu yolla məhsul bolluğu yaratmaqla nemətlərin ətrini, dadını, tamını özünə qaytararıq”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər