• çərşənbə axşamı, 19 mart, 14:44
  • Baku Bakı 8°C

Qarşısı alınan “axın”

22.01.21 17:45 1835
Qarşısı alınan “axın”
ABŞ-ın yeni hökumətinin də "Şimal Axını-2” layihəsinə qarşı çıxacağı gözlənilir
Rusiyanın başıbəlalı "Şimal Axını-2” layihəsi ətrafında qalmaqal səngimir. Layihənin reallaşmasına qarşı çıxan Birləşmiş Ştatlar və Avropanın bir sıra ölkələri bu istiqamətdə səy göstərir. Donald Tramp administrasiyasının ardınca yeni prezident Co Baydenin də bu kəmərə qarşı çıxacağı şəksizdir. Qərb mediasının yazdığına görə, Dövlət Departamenti layihəyə qarşı təzyiqi davam etdirəcək. Departament yanvarın 19-da ilk dəfə sanksiya hədələrindən birbaşa sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb. Buna müvafiq olaraq Rusiyanın "Fortuna” və onun sahibi "KVT-Rus” şirkətləri sanksiyalar siyahısına düşüb. Məhz bu şirkət Danimarka sularında dənizin dibi ilə boru xəttini çəkməli idi. Amerika məmurları Avropa şirkətləri ilə əlaqəyə girərək, "Şimal Axını-2” layihəsində işləyənləri, nə qədər gec deyil, konsorsiumu tərk etməyi xahiş edir. Danimarkanın "Jyllands-Posten” qəzeti yazır ki, ölkənin Xarici İşlər Nazirliyi onların da şirkətlərinə belə hədələr gəldiyini bəyan edib. Artıq bir ildir ki, qaz kəmərinin inşası məsələsi yerindən tərpənmir. Baltik dənizinin dibində ilişib qalıb. İşlərin tezliklə bərpa olunacağı vurğulansa da, ABŞ-da hesab edirlər ki, bu layihə heç bir vaxt reallaşa bilməz. Amerikalılar uzun illərdir ki, buna qarşı çıxır, son aylar isə ABŞ administrasiyası daha aktiv şəkildə layihədə iştirak edən Avropa şirkətlərini hədələməyə başlayıb. İki il bundan öncə ABŞ "Şimal Axını-2” layihəsində boru xətti çəkən şirkətlərə qarşı sanksiyalar tətbiq etdi və nəticədə İsveçrənin "Allseas” şirkəti layihədən çıxdığını bəyan etdi. O zaman "Qazprom” digər bir şirkətin axtarışına çıxdı və onu tapdı. Belə bir durumda da, Amerika qanunvericiləri 2020-ci ilin sonunda sanksiyaları genişləndirmək qərarına gəldilər. Bura vəsaitlərin cəlb edilməsinə sanksiyaların tətbiqi daxildir. Artıq bu "silahı” "Şimal Axını-2”-nin məsələn, sığortası və sertifikasiyası ilə məşğul olan Avropa şirkətlərinə qarşı da tətbiq etmək olar. "Reuters”in ABŞ hökumətindəki mənbəsi bildirir ki, onlar, şirkətləri layihədən çıxmağa çağırıblar.

Bayden layihəyə mənfi mövqeyi ilə seçilir

Artıq keçmiş prezident olan Donald Tramp dəfələrlə boru xəttini və ona razılıq verən Avropa İttifaqını tənqid edib. Hələ ki, Baydenin hansı mövqe tutduğu bəlli olmasa da, Barak Obamanın prezidentliyi dövründə vitse-prezident olarkən layihəyə qarşı sərt fikirlər səsləndirib. ABŞ rəsmən öz mövqeyini onunla əlaqələndirir ki, layihə Avropanı Rusiya qazından asılı vəziyyətə salacaq. Lakin ABŞ-ın əsas hədəfi başqadır. Onun məramı Avropanı özünün sıxılmış qazı ilə təchiz etməkdir. Bayden 2016-cı ildə Stokholma səfəri ərəfəsində bu layihəyə qarşı çıxmışdı. Bildirmişdi ki, bu layihə hesabına Ukrayna tranzit ölkə funksiyasını itirir. Bu səbəbdən də o zaman vitse-prezident olan Bayden çıxış yolunu ABŞ sıxılmış qazının Avropaya çatdırılmasında gördüyünü bildirmişdi. Bayden İsveçə səfəri zamanı bu ölkəyə, "Şimal Axını-2” layihəsindən əl çəkmək üçün təzyiq də etmişdi. Çox güman ki, yeni administrasiya da "Şimal Axını-2” layihəsini Rusiyanın Ukraynaya qarşı aqressiyasının davamı kimi nəzərdən keçirəcək.

Avropalılar incikdirlər

ABŞ-ın Avropa şirkətlərinə qarşı hədələrinin motivlərinə baxmayaraq, qitə ölkələrində Vaşinqtona qarşı ciddi narazılıq mövcuddur. Avropa Komissiyası Avropanın suverenliyini möhkəmləndirmək üçün yaxın vaxtlarda bu tip sanksiyalara cavab vermək üçün təkliflərlə çıxış etmək niyyətindədir. Amma ABŞ-ın qərarını dəstəkləyənlər də var. Danimarka xarici işlər naziri Yeppe Kofod ABŞ-ın "Şimal Axını-2” layihəsinə qarşı mübarizəsini tam dəstəklədiyini və illər uzunu bunu bəyan etdiyini vurğulayıb: "Aİ Rusiya qazından asılılığını azaltmalıdır, daha da dərinləşdirməli deyil. Layihənin bir hissəsi Danimarka sularında yalnız ona görə həyata keçirilir ki, bununla bağlı üzərinə öhdəlik götürüb. Dəniz hüququ öhdəliyi boru xəttinin onun ərazisindən keçilməsini nəzərdə tutur. Lakin bu, bizim xahiş etdiyimiz və siyasi nöqteyi-nəzərindən dəstəklədiyimiz layihə deyil”.
Almaniya hökuməti isə ABŞ-ın hücumlarına qarşı çıxır. "Tərəfdaşlar arasında sanksiyalar çox səhv addımdır. Hər halda bu bizim suveren hüququmuzdur - kimdən enerji almaq bizim hüququmuzdur”, - deyə Almaniya xarici işlər naziri Hayko Maas Moskvaya bu yaxınlarda etdiyi səfər öncəsi bildirib. İnşa işlərinin qrafikinə görə, Danimarka sularında boruları "Fortuna” gəmisi həyata keçirəcək. Hazırlıq işlərinə bir həftə sərf olunacaq, boruların qurulması isə yanvarın sonlarından başlayıb, mayın sonlarına kimi davam edəcək. Sonra isə sonuncu borular alman sularına salınacaq. Almaniyanın "Uniper” enerji konserninin mətbuat xidməti də bəyan edib ki, "Şimal Axını-2” vaxtında başa çatacaq. Rusiyanın tərəfdaşı inanmır ki, 950 mln. avro sərf etdiyi layihə uğursuz olsun. Əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyaların onlara aidiyyəti yoxdur. Öz optimizmini isə ABŞ administrasiyasındakı dəyişikliklərlə əlaqələndirir. Onların qənaətincə, təzələr Avropanın arqumentlərini dinləməyə hazırdır. Lakin bu gözləntilər Birləşmiş Ştatlar prezidentinin yeni dövlət katibi olacaq Entoni Blinkenin söylədikləri ilə üst-üstə düşmür. O bildirib ki, "Şimal Axını-2” layihəsinə təzyiqlər göstərməkdə davam edəcək, tərəfdaşlarını bu layihəni "dəfn” etməyə razı sala biləcəklər. Hətta bildirib ki, əvvəlki administrasiyanın tətbiq etdiyi sanksiya alətlərini yeniləmək lazımdır.

"Qazprom” ümidlidir

"Qazprom”a gəldikdə, Rusiyanın qaz nəhəngi, siyasi vəziyyət kəskin dəyişərsə, layihənin dayandırılması və yaxud tam şəkildə ləğvini istisna etmir. Bu barədə şirkətin yaydığı son məlumatda bildirilir. "Qazprom”da qeyd ediblər ki, "Türk Axını” və "Şimal Axını-2” kimi beynəlxalq layihələrin reallaşdırılması problemlərlə, risklərlə üzləşir və bundan sonra da belə olacaq. Bütün bunlar regionda siyasi vəziyyətin dəyişməsindən asılı ola bilər. Bu da ölkələr arasında gərginliyi artırır, tərəfdaşlar və nizamlayıcıların mövqelərin dəyişməsinə gətirib çıxarır. Bu səbəbdən də layihənin reallaşması mümkünsüz və yaxud məqsədəuyğun hesab olunmur. Rusiyalı ekspertlər hesab edirlər ki, "Qazprom”un bəyanatı Rusiyanın müasir xarici siyasətindən irəli gəlir. "Nuy Terk servises” şirkətlər qrupunun vitse-prezidenti Valeri Bessel hesab edir ki, Rusiya heç kimdən dialoq tələb etmir və dialoqa, qarşı tərəfin maraqlı olacağı təqdirdə gedir: "Avropanın qazı yoxdur və bizim qazımız olmadan isə onu ağır enerji böhranı gözləyə bilər. Almaniya özünün 8 atom reaktorlarını işə sala və kömür enerjisindən asılılığı azaldarsa, o zaman onun bizim ucuz qazdan savayı digər ucuz enerji mənbələri qalmayacaq. Amerikanın sıxılmış qazı çox bahadır və onun tankerlərlə daşınması etibarsızdır. Nəzərə alaq ki, Almaniya dünyanın iqtisadi cəhətdən beşinci, Avropanın isə birinci ölkəsi olmaq statusunu qoruyub saxlamağa çalışır. Bu səbəbdən də "Şimal Axını-2” layihəsini dəstəkləməyə məcburdur. Almanlar rasional xalqdır və öz başlarına atəş aşmaq istəməzlər. Bu səbəbdən də "Qazprom”un bəyanatını Berlinə qarşı daha aktiv olmaq çağırışı, siyasətdə subyektivlik qazanmaq, boru xəttini işə salmaqda ABŞ-la mübarizə aparmağa çağırış kimi qiymətləndirmək olar”. Beləliklə,"Qazprom” avropalı tərəfdaşlarına çatdırmaq istəyir ki, qazı zorla onlara sırımaq istəmir və əgər Berlin layihəyə dəstək verməkdən imtina edərsə, qarşı tərəf hər hansı bir səy göstərmək istəməyəcək.

Sanksiyanın ciddi nəticələri ola bilər

Onu da qeyd edək ki, Avropaya qaz nəqli sxemi özlüyündə çox mürəkkəb bir biznes şəbəkəni və çoxsaylı ölkələri birləşdirir. Avropanın 14 ölkəsi öz ehtiyacını Rusiya hesabına ödəyir. Gəlirlər "Qazpromeksport”a, praktikada isə Rusiya dövlətinə çatır. Bütövlükdə biznes üçün geniş imkanlar var - əgər kimsə buna mane olmazsa. "Qazprom” dünyada qaz tədarükünün 15, qaz ehtiyatının isə 17 faizinə sahibdir. "Şimal Axını-2”nin hesablamalarına görə, Avropa İttifaqı ölkələri 2035-ci ilə kimi qaz idxalını ildə 120 mlrd. kub metrə çatdıra bilərlər. Əgər ikinci xətt işə düşərsə, o zaman "Şimal Axını-2” layihəsinin gücü il ərzində 55 mlrd. kub metrə çata bilər. Bütövlükdə hər iki xətt Avropaya iki dəfə çox – 110 mlrd. kub metr qaz çatdıra bilər. Rusiya və Vladimir Putin üçün Amerika sanksiyaları ağrılı bir qərar olub. Avropanın qaz sövdələşmələrindən gələn gəlir Rusiya iqtisadiyyatı üçün zəruridir. Əgər qaz vintillərini, rıçaqları bağlasalar, o zaman hakimiyyətə xalqı dolandırmaq çətin ola bilər. "Qazprom” ABŞ-ın sanksiya siyahısına 2014-cü ildə Krımın işğalından sonra düşüb. Lakin 2019-cu il qanunvericiliyi daha ağır idi. "Şimal Axını-2” layihəsinin mətbuat katibi Yens Müller hesab edir ki, sanksiya təhlükəsi ciddi nəticələrə gətirib çıxara bilər. Bu, 120-yə yaxın şirkətə toxuna, investisiyaları azalda və enerji sektoruna 12 mlrd. avro ziyan vura bilər. Keçmiş dövlət katibi Mayk Pompeo layihənin iştirakçı şirkətlərinə dərhal oradan çıxmağa və mövcud vəziyyətlə barışmağa çağırıb.
Beləliklə, bütün bunlardan bu nəticəyə gəlmək olar ki, "Qazprom”, daha dəqiq ifadə etsək, Rusiyanı layihəni reallaşdırmaq istiqamətində ciddi sınaqlar gözləyir. Hər şey yeni ABŞ administrasiyasının atacağı və tutacağı mövqedən asılı olacaq. Nəzərə alaq ki, yeni ABŞ administrasiyası Avropa ilə münasibətləri yaxşılaşdırmağa, gücləndirməyə çalışır. O zaman Rusiyanın ümidləri bir qədər artmış olur. Hər halda, proseslərin normal axarda gedəcəyini gözləməyə dəyməz. Əgər bu reallaşarsa, sözsüz ki, Rusiya müəyyən güzəştlərə getməli olacaq. Söhbət də ilk növbədə, Ukraynaya qarşı aparılan aqressiyaya son qoyulmasından gedə bilər. Necə deyərlər, yaşayarıq görərik.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər