Pxenyanda beynəlxalq film festivalı keçirilir

Pxenyanda beynəlxalq film festivalı keçirilir

Mədəniyyət
22 Sentyabr 2019, 16:00 150
Koreya Xalq Demokratik Respublikasında (KXDR) 17-ci Pxenyan beynəlxalq film festivalı keçirilir.
AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, yerli və xarici olmaqla ümumilikdə 400 filmin nümayiş etdiriləcəyi festival çərçivəsində müsabiqə də təşkil olunacaq. Yerli filmlərlə yanaşı, Çin, İtaliya, Rusiya, Belarus və İrandan olan filmlər müsabiqəyə təqdim edilib. Şimali Koreya, Rusiya, Çin, İsveç və Kubadan olan kino mütəxəssislərindən ibarət münsiflər heyəti müxtəlif nominasiyalarda qalibləri, o cümlədən ən yaxşı filmi seçəcəklər.
Pxenyan Beynəlxalq Kino Evində keçirilən festivalın açılış mərasimində KXDR-in Kino Sənayesi üzrə Dövlət Administrasiyasının rəhbəri Conq Yonq Nam deyib ki, müstəqillik, sülh və dostluq mövzusuna həsr olunan builki festival dünyada film istehsalçıları arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
"Pxenyan beynəlxalq film festivalı sosial tərəqqi və inkişafa stimul verə bilər. Festival KXDR-də film sənayesinin inkişafında vacib rol oynaya bilər. Bu, bütün dünyadan film istehsalçılarının dostcasına toplaşdığı bir səhnədir və qlobal film sənayesinin inkişafına stimul vermək üçün yaxşı imkandır”, - deyə Conq Yonq Nam bildirib.
Qeyd edək ki, 1987-ci ildən keçirilən Pxenyan film festivalı 2002-ci ildən bəri beynəlxalq status alaraq hər il təşkil olunur.