• cümə, 26 Aprel, 18:42
  • Baku Bakı 22°C

“Pul kisələrinin müharibəsi”

08.03.17 09:00 760
“Pul kisələrinin müharibəsi”
Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkisi ərəfəsində namizədlər arasında qan tökülməsilə nəticələnən toqquşmalar səngimir. Ermənistan mediası yazır ki, müxtəlif sistemlərdən verilmiş namizədlərin arasında, hətta bəzən eyni partiyadan olmalarına baxmayaraq, sözün əsl mənasında əlbəyaxa mübarizə başlanıb. Martın 4-də hakim partiyanın Artaşat şəhərindəki qərargahında baş vermiş dava-dalaşda odlu silaha əl atılıb. Ölkənin başqa regionlarında da "seçki toqquşmaları” baş verib. Fevral ayının sonlarında Masis şəhərində hakim Respublika Partiyasının ərazi siyahısı üzrə iki namizədi – Araik Qriqoryan və Murad Muradyan arasında dava olub. Bundan bir neçə gün sonra Daşnaksutyun partiyasının üzvü Geqam Manukyan iddia edib ki, hakim partiyanın namizədi Bazmaser Arakelyan Parpi kəndindəki evində bir neçə tərəfdarının iştirakı ilə həmkəndlisini qəddarcasına döydürüb. Guya səbəb həmin adamın daşnaklara səs vermək niyyəti olub. Daha bir xəbərə görə, martın 1-də Ararat vilayətinin Sayat Nova kəndində Firavan Ermənistan Partiyasının fəalı Abram Adamyan bıçaqlanıb. Hadisənin hakim partiyanın üzvü tərəfindən törədildiyi iddia edilir. Yeni sistemə görə, partiya və bloklar ümumi namizədlərinin (proporsional) siyahısından başqa, hər seçki dairəsi üzrə (seçicilərin sayından asılı olaraq) azı 5 namizədinin siyahısını da təqdim edir. Yeni Seçki Məcəlləsinə əsasən, ölkə 14 seçki dairəsinə bölünüb – yəni, hər partiya 1 ümumi siyahıdan başqa, 14 siyahı da tərtib etməlidir. Partiyanın ümumi siyahısına salınan namizəd seçki dairəsi üzrə siyahıya da daxil edilə bilər.
Maraqlıdır ki, Ermənistan Respublikaçılar Partiyasının lideri, prezident Serj Sarkisyan seçki kampaniyasının ilk günündə demişdi ki, Ermənistan regionun ən effektiv və sürətlə inkişaf edən dövləti olacaq. "Opponent və rəqiblərimizə hörmət etməklə yanaşaı biz respublikaçılar inanırıq ki, qalib gələcəyik. Qalib gələcəyik, çünki ölkəmizin gələcəyinə, xalqımızın böyük potensialına inanırıq”. Lakin baş verənlər onun dediklərinin puç edir. Görünür, Ermənistan prezidenti indi baş verənləri demək istəyirmiş. İndi isə durum o qədər gərgindir ki, keçmiş prezident Robert Köçəryan hakimiyyətə qarşı açıq bəyanatla çıxış edib. O, qarşıdan gələn parlament seçkilərinin "reytinq siyahıları” prinsipi ilə keçirilməsi qərarını kəskin tənqid edib. Əslən qarabağlı olan keçmiş prezidentin fikrincə, Ermənistanda yenicə qəbul olunmuş seçki qaydaları seçkini "nadanlıq atmosferində pul kisələrinin müharibəsinə” çevirəcək. Köçəryanın qənaətinə görə, bir çox seçicinin ağır sosial vəziyyəti nəzərə alınarsa, onlar puldan imtinaya özlərində qüvvə tapmayacaq və "bu səs hərracında” iştirak edəcəklər. Robert Köçəryan deyib ki, 2015-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklər Ermənistanın gələcəyinə uzunmüddətli mənfi sonuclar yaradacaq: "Doğrusu, son günlər mən nə isə yazıb, heç olmasa ən aktual sualları cavablandırmaq fikrində olmuşam. Lakin mövcud gerçəkliklərə tam bələd olaraq, nə bugünkü siyasi prosesləri şərh etmək həvəsindəyəm, nə də, ələlxüsus, onlarda iştirak etmək”. O, yeni Seçki Məcəlləsinin, xüsusilə, partiyaların seçkilərdə məhəlli siyahıları üzrə iştirakının "seçki sisteminə xas olan ən neqativ təzahürlərin kartalizatoru”na çevriləcəyini bildirib.
"Əslində, şübhə yox ki, majoritar seçkilər məntiqi proporsional üzərində üstünlük təşkil edəcəkdir. Partiyalararası rəqabət fərdlər arasında mübarizə sayəsində arxa plana atılıb və bu, parlament modeli şəraitində seçkiqabağı mübarizənin üstünlüklərini heçə çıxarır”, - deyə o bildirib. Köçəryan bu seçkilərdə ideoloji mübarizənin heç bir əhəmiyyəti olmayacağını qeyd edib. Lakin hakim Respublika Partiyasının mətbuat katibi və Milli Məclisin sədr müavini Eduard Şarmazanov "Azatutyun” radiosuna deyib ki, keçmiş prezidentin mövqeyi respublikaçıların mövqeyinə qətiyyən təsir göstərməyəcək. O söyləyib ki, yeni Seçki Məcəlləsi iqtidar və müxalifətin müzakirələrinin məhsulu kimi ortaya çıxıb və demokratik seçkilərin keçirilməsinə əlverişli şərait yaradır. Lakin bu sistemi həm Ermənistan hakimiyyətinə yaxın dairələrdən, həm də müxalifətdən tənqid edənlər az deyil. Bir sıra təhlilçilərin fikrincə, hazırkı prezident 2018-ci ildən sonra da hakimiyyətdə baş nazir kimi qalmaqdan ötrü "idarəedilən xaos” yaratmaq istəyir, lakin ən təhlükəlisi bu xaosun idarə altından çıxmaq ehtimalıdır. 7or.am saytının yazdığına görə, Serj Sarkisyan yeni seçki qaydalarına getməklə "Ermənistanın ideoloji bütövlüyünü” təhlükə altına salıb. Məqalədə deyilir ki, yeni sistemin həm majoritar, həm də proporsional sistemlərdən ibarət olduğu deyilsə də, əslində, söhbət tam şəkildə majoritar sistemə keçilməsindən gedir. Əgər əvvəllər Ermənistanda 41 majoritar mandat vardısa, indi onun yerini 164 "reytinqli” namizəd tutacaq. Tənqidçilərin fikrincə, Sarkisyan öz partiyasının mövqelərini proporsional səsvermə ilə yanaşı, reytinq səsverməsi ilə də möhkəmlətməyə çalışır. Lakin opponentlər bunu da qeyd edirlər ki, yeni sistem onun rejissorunu, yəni bu halda Sarkisyanı məğlub vəziyyətinə sala bilər.
Müstəqil ekspertlərin fikrincə, Ermənistanda yeni seçki sisteminə keçilməsi hakimiyyətin öz daxilindəki dərin ixtilaflardan xəbər verir.
Xatırladaq ki, 2015-ci ildə qəbul edilmiş Konstitusiya islahatına görə, 2018-ci ildə hazırkı prezidentin səlahiyyət müddətinin başa çatmasından sonra ölkənin parlament idarəçilik formasına keçməsi nəzərdə tutulub. Parlament seçkilərinə doqquz siyasi qüvvə qatılır. Onların arasında beş partiya və dörd siyasi blok var: Ermənistan Respublikaçılar Partiyası, Kommunist Partiyası, Daşnaktsutyun, "Azad demokratlar” partiyası, "Erməni dirçəlişi” partiyası, "Yelk” ("Çıxış”), "Konqres - Ermənistan Milli Partiyası”, "Ohanyan - Raffi – Oskanyan” və "Tsarukyan” blokları. Seçkilərdə keçmiş prezident Levon Ter Petrosyanın rəhbərlik etdiyi "Konqres - Ermənistan Milli Partiyası” blokunun qalib gələcəyini ehtimal edilsə də, mövcud hakimiyyətin buna imkan verməyəcəyi vurğulanır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər