Pikassonun sevimli sovet filmi - Fotolar
Yarım
əsrdən də çox əvvəl sovet ekranında
Mixail Kalatozovun «Durnalar uçur» filmi nümayiş olundu. Bir-birini sevən,
ancaq müharibənin həmişəlik ayırdığı insanlar haqqında olan ekran əsəri dərhal
populyarlıq qazandı. Film hətta 1958-ci ildə Kann festivalında «Qızıl palma»
budağına layiq görüldü. Amma öz vətənində bütün partiya və sovet mətbuatı
«Durnaları» uğursuz dramaturgiyada günahlandırdı. Həm də ekran əsərini
"ideoloji dözümsüz” film adlandırdılar.
Bununla
belə, o dövrü kinematoqrafik baxımdan təsvir etmək və müharibəyə fərqli
bucaqdan baxmaq üçün digər bir ekran əsəri tapmaq da çətin idi. «Durnalar uçur»
forma və məzmun etibarı ilə novator film idi.
Şöhrətin tərs üzü
Dramaturq
Viktor Rozov 1944-cü ildə özünün «Əbədi yaşayanlar» pyesini yazsa da, əsər
xeyli müddət «rəfdə» yatıb qaldı. Əsəri çap etməkdən imtina etdilər. Bunun səbəbkarı
baş qəhrəman Veronika idi: o, müharibə iştirakçısının həyat yoldaşı kimi
sevgilisinə sədaqətini qoruyub saxlaya bilməmişdi. Yalnız pyesi 1957-ci ildə
«Teatr» jurnalında çap etdilər. Rejissor Mixail Kalatozov əsəri oxuyandan sonra
Viktor Rozova real həyat şəraitində teatrda səhnələşdirməyi təklif etdi. İş
prosesində isə kino üçün yeni epizodlar yarandı: Moskvanın bombardmanı,
Veronikanın valideynlərinin, Borisin ölümü, Sibir hospitalında yaralıların
qiyamı, dəmir yolu körpüsündə uşağın xilası, finalda qalib əsgərlərin görüşü və
s. Amma ssenarinin əsas xəttində öz çətin taleyinə, sınaqlara dözə bilməyən gənc
qızın hələ möhkəmlənməmiş qəlbi dururdu. Sonda o qız özündə mənəvi güc tapır. Şəxsiyyətin
əxlaqi dəyişməsi rejissoru və Rozovu cəlb edir.
«Durnalar
uçur» kinoromanında həyatına müharibənin amansızcasına soxulduğu, sədaqətlə xəyanəti
və ədəb qaydalarını sınaqdan keçirdiyi insanlardan danışılırdı. Hansı ki, sədaqəti
hər adam qorumağı bacarmırdı. Filmin mərkəzində də sevgililərin faciəvi məhəbbəti
dayanıb. Ancaq müharibə onların xoşbəxtliyini ömürlük əllərindən aldı. Ekran əsəri
müharibə illərinin ən dəhşətli filmi sayılsa da, həmin filmdə yalnız bir güllə
atılmışdı. "Açılmış yeganə güllə olmasaydı, nələr ola bilərdi...” - deyə ekran əsəri
müharibənin acısından bəhs edirdi.
Rejissor
Mixail Kalatozov və operator Sergey Urusevski sanki kinonun imkanlarını yenidən
açmışdılar. Axı müharibədən sonrakı dövrü xatırlatmaq üçün bir çox kinolentlər
teatr tamaşaları əsasında çəkilirdi. Operator və rejissor işi sanki yerli
kinematoqrafiya tarixinin dərsliyi idi.
Yaxşı-pis qəhrəman obrazı
Sovet
kinematoqrafiyası üçün baş qəhrəman Tatyana Samoylova zahiri görünüşcə ziddiyyətli
sayılsa da, obraz onun böyük uğuru idi. Onun üzü klassik gözəl tipinə uyğun gəlməsə
də, bu xarakterdə mənəvi güc gizlənmişdi. Kalatozovun assistenti bu aktrisanı
görür və onun namizədliyini Sergey Urusevskiyə təqdim edir. Eyni zamanda,
rejissoru da bu obraza inandırır. İlk dəfə olaraq sovet tamaşaçısına «yaxşı-pis
qəhrəman» obrazı təqdim olunur. Axı Veronika filmdə öz əxlaqı baxımından ideal
deyildi. O, cəbhəyə gedən ərinə xəyanət edir. Onun daxili aləmi etiraz
doğurmaqdansa, tamaşaçılar ona rəğbətlə yanaşırdılar. Onu xalq arasında sovetlərin
Bricit Bordosu adlandırırdılar. Onun tərəf-müqabili isə çəkiliş meydançasında
Veronikanı sevən Boris (Aleksey Batalov) idi. Aktyor vicdanlı, xeyirxah insan
obrazını mükəmməl oynayır. O, təkcə müharibənin milyonlarla ölən qəhrəmanlarını
canlandırmır, həmçinin əsl kişilik və cəsarət nümayiş etdirir.
Film haqqında maraqlı faktlar
Filmin
işçi adı «Sənin həyatın uğrunda” olub.Kalatozovun
filmi cavan aktyorlar - Tatyana Samoylova və Aleksey Batalova dünya şöhrəti
qazandırır. Ancaq filmin 1957-ci ildə SSRİ ekranlarına çıxışı bütün tənqidi rəyləri
qasırğa kimi darmadağın edir. Nikita Xruşşov filmə baxdıqdan sonra onu qəzəbli
tənqid atəşinə tutur, baş qəhrəman Veronikanı isə «fahişə» adlandırır. Sovet
kino tənqidçiləri aktyorları zəif dramaturgiyada və kinematoqrafik epizodların
effektivliyinin azlığında günahlandırırdılar.
Peşəkarları
isə film çox heyrətləndirmişdi. Kinorejissor Stanislav Rostoskiy o zaman «Hadisə
Penkovda baş vermişdi» filmini çəkirdi. O, montaj otağına gələrək «Bu vaxta qədər
nə çəkmişiksə, hamısını məhv etmək lazımdır. Daha filmləri belə çəkmək olmaz» -
demişdi.
Filmdə
iki gün ərzində operatorların assistenti qismində heç kimin tanımadığı,
Fransadan olan kino həvəskarı işləyib. O, Moskvaya turist qrupunun tərkibində gəlmişdi
və təsadüfən «Mosfilm»ə baş çəkmişdi. Nəticədə o, məşhur kinorejissor oldu. Onun
adı Klod Leluş idi.
Səhnələrin
çəkilişində, Borisin ölümü üçün Sergey Urusevski dairəvi operator relslərini
ilk dəfə bərpa etmişdi.
Veronika
rolunu əvvəlcə aktrisa Yelena Dobranravova oynamalı idi. Sonradan rejissorun
assistenti Tatyana Samoylovanı «Meksikalı» filmində gördü və bu haqda operator
Sergey Urusevskiyə danışdı. Aktrisa onu o qədər valeh etmişdi ki, Kalatozovdan
bu filmə baxmağı xahiş etmişdi.
Film
Kann festivalında göstəriləndən sonra SSRİ-də yalnız «İzvestiya» qəzetində film
haqqında adsız olaraq bir şəkil dərc olundu. Qəzetdə nə rejissor, nə də ssenari
müəllifi qeyd edildi. Sovet təbliğatına görə, «kişilər döyüşür, qadınlar gözləyir.
Qara zamanın universal fəlsəfəsi” - bu olmalı idi.
«Durnalar
uçur» Kann kinofestivalının əsas mükafatını – "Qızıl palma budağı”nı alan yeganə
tammetrajlı sovet filmi olaraq qaldı. «Durnalar uçur» yeganə sovet filmi idi
ki, Fransada kinoprokatın lideri sayılırdı. Filmə 5 milyon 401 min tamaşaçı
baxmışdı. «Durnalar uçur» ilk rus filmi idi ki, kassa çempionuna çevrilirdi. Hətta
Parisdə lider sayılan «Fantomas», «Babetta», «Ulduzlu döyüş» və «Axırıncı
tanqo» filmlərini də keçmişdi. Sovet film prokatında on illərlə prokatın
embleminə çevrilmiş film fəxri 366-cı yeri tutdu, qeyri-adi sevinclə qarşılanan
filmlə yanaşı, mətbuatda hansısa anlaşılmayan bir sükut da yarandı: bu cür
güclü film – heç nəyə dəyməyən bir qadın haqqında idi və «Aşpaz qadın» və
«Madam Vonqun sirri» kimi filmlərə uduzurdu.
Festivalda
filmin adı fransız dilinə «Quand passent les cighgns» - «Leyləklər uçanda» kimi
tərcümə olunur. Çünki filmin adı fransız dilinə tərcümədə ikinci mənada «fahişələr
oğurluq edir» mənasını verirdi.
«Durnalar
uçur» ispan rəssamı Pablo Pikassonun ən sevimli filmlərindən idi. Filmə baxan rəssam
etiraf edirdi ki, onu süjet yox, aktyor oyunu heyran edib: «Burada hər bir
epizod müstəqil, istedadlı əsərdir!»
Dünyanı
titrədən film əsas kassa filmi kimi Ginnesin Rekordlar kitabına düşdü. Bundan əlavə,
film Fransada ən yüksək texniki komissiyanın mükafatına, MKF-in fəxri diplomuna,
fəxri mükafatına, Meksikada beynəlxalq baxış diplomuna layiq görüldü.
Sovet
tarixində ilk dəfə idi ki, film bütün ziyalılar və xalq arasında belə sürətlə məşhurlaşırdı.
«Mənim Veroniçkam...”
Filmin
baş qəhrəmanı Veronika öz görünüşü, yerişi-duruşu, ədası, həyəcanı ilə Mixail
Kalatozovun əvvəlki filmlərindəki digər yetişkən, sağlam qadınlardan kəskin fərqlənirdi.
Hamı müharibəyə yollanıb – o isə elə hey atılıb-düşür, rəqs edir, durnalar, gəmiciklər
barədə mahnı oxuyurdu. Müharibənin sərt, soyuq, ac, ölümlə dolu qanunlarından cəmiyyət
arasında belə asanlıqla yayınmağın mümkünlüyünə inanmaq olmurdu. Doğmalar
arasında yad olduğunu anlamayan Veronika «öz qazanında qaynamırdı».
«Mənim
Veroniçkam... Bundan faciəli insan tanımırdım. Mən onun dərdinə şərik idim və
bunu qabarıq surətdə göstərir, onu daha maraqlı, səmimi etmək istəyirdim...» -
Tatyana Samoylova öz qəhrəmanı haqqında deyir: «Demək olar ki, artıq filmin tən
yarısı göstərilən zalda sakitlik idi və heç bir reaksiya görünmürdü. Biz
qoltuqlu kürsüdə sıxılıb oturmuşduq. "Doğrudanmı onlar heç nə başa düşmədilər?”
deyə düşünürdüm. Sonra mən ətrafa baxanda gördüm ki, hamı ağlayır – kişilər də,
qadınlar da. Sonda isə «Durnalar uçur» filmini hamı bəyəndi – tənqidçilər də,
sadə tamaşaçılar da. Məşhur rəssam Pikasso sarsılaraq "son yüz ildə buna bənzər
ekran əsəri olmayıb” dedi. Bu, filmə verilən böyük qiymət idi. Bu, dünya şöhrətli
bir sənətkarın qiyməti idi. Kann festivalı heç bir böyük batalyon səhnəsinin
olmadığı hərbi dramdan sarsılmışdı”.
Artıq
yarım əsrdən çoxdur ki, tamaşaçılar Tatyananın qəhrəmanı Veronikaya hərarətlə
baxırlar, amma az adam bilirdi ki, həmin vaxtlarda aktrisa ciddi xəstə idi. O,
vərəm idi. Yarım il ərzində çəkilişlər zamanı aktyorlar sutkada 16 saat işləyirdilər.
Samoylova huşunu itirib yıxılan günə qədər öz xəstəliyini gizlədə bildi. Onun
yaratdığı Veronika obrazı müsbət qəhrəman olmasa da, ona şəfqətlə baxmamaq
mümkün deyildi. Çəkilişlər zamanı hər üç saatdan bir aktrisaya iynə vurur və çəkilişi
dayandırmadan işləyirdilər.
«Durnalar
uçur» Kann kinofestivalının «Qızıl palma» budağına layiq görülən yeganə yerli
film olaraq qaldı. Elə təkcə filmin operatoru Sergey Urusevskinin işini görmək
kifayət idi. Hər dublun arxasında kəndirlə dirəyə qalxır və öz qəhrəmanlarının
pilləkəndə qaçmağını çəkirdi. Bu səhnəni təsadüfən «Mosfilm»də qonaq olan Klod
Leluş görüb heyrətlənmişdi.
"Durnalar
uçur”un çəkilişindən 60 il keçir. Film yenə də ekranların bəzəyidir. Rusiya mətbuatı
sovet düşüncəsinin üstündən xətt çəkərək, fəxrlə filmi "dünya xalqlarının sevimli
filmi” adlandırır.
Rusiya mətbuatından çevirdi:
Təranə Məhərrəmova