• şənbə, 27 Aprel, 07:28
  • Baku Bakı 12°C

Perspektiv vəd edən təklif

31.10.17 12:30 2202
Perspektiv vəd edən təklif
İran Astara şəhərində (İran) xüsusi iqtisadi zonanın (XİZ) yaradılması ilə bağlı Azərbaycanın təklifini alqışlayır. Bunu Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian deyib. Onun sözlərinə görə, xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanı bir sıra nəzarət mexanizmlərindən azad edəcək. Nazir deyib: "Bu, Azərbaycana imkan verəcək ki, İran Astarasına qoyulan investisiyalarından mənfəət əldə etsin". Qeyd edək ki, daha öncə Bakıda M.Karnasianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Astarada xüsusi iqtisadi zonanın yaradılmasını təklif edib. M.Karbasian bu təklifi nəzərdə saxlayacaqlarını təsdiqləyib. Qeyd edək ki, Azərbaycan daha öncə İran Astarasında dəmiryolu obyektlərinin inkişafına 60 milyon avro sərmayə qoymağa razılıq verib. Belə bir iqtisadi zonanın yaradılması hansı perspektivləri vəd edir?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovdeyir ki, xüsusi iqtisadi zonanın yaradılmasının iki ölkə üçün də böyük əhəmiyyəti var: "Son dövrlərdə Azərbaycanda böyük miqyaslı islahatlara start verilib. Bununla bağlı prezident ötən il "Yol Xəritəsi”ni təsdiq edib. Bu yol xəritələrində 11 sahə üzrə inkişaf istiqamətləri nəzərdə tutulub. Təkcə İranla Azərbaycan sərhədində deyil, ümumiyyətlə, bizimlə sərhəd olan digər ölkələrlə də belə azad iqtisadi zonaların yaradılması mühüm əhəmiyyət kəsb edir. Bizim həm dəniz, həm dəmiryolu, həm də hava limanı vasitəsilə digər ölkələrə çıxışımız var. Ona görə də hesab edirəm ki, digər ölkələrlə də belə zonaların yaradılması üçün hər cür şəraitimiz var. Bu iqtisadi zona İranla-Azərbaycan arasındakı münasibətlərə də sözsüz ki, müsbət təsir göstərəcək. Hazırda İranın Azərbaycanda maraqları daha çoxdur. İran tərəfi Azərbaycanda fabriklərin tikintisində yaxından iştirak edir. Hesab edirəm ki, bu zonanın sərhəd ərazisində yaradılması daha faydalıdır. Düzdür, azad iqtisadi zonanın hansı sahə ilə bağlı olacağı hələlik məlum deyil. Bu, sənaye, kənd təsərrüfatı və digər sahələri əhatə edə bilər. Belə bir iqtisadi zonanın yaradılması Azərbaycanda qeyri-neft sektorunun inkişafına və bütövlükdə ümumi iqtisadi inkişafa təkan verəcək. Hazırda İranla münasibətlərimiz çox yaxşıdır. İranla Azərbaycanın ticarət əməkdaşlığı yüksələn xətlə davam edir. Bildiyimiz kimi, İran Azərbaycanın Neftçala rayonunda, Pirallahıda zavod tikintisi ilə məşğuldur. Yəni ümumilikdə, son dövrlərdə İranla iqtisadi əlaqələrimiz geniş və hərtərəfli inkişaf edir. Bu baxımdan, sözügedən azad iqtisadi zonanın həm iqtisadi, həm də siyasi münasibətlərimizə müsbət təsir göstərəcəyini düşünürəm”.
İqtisadçı-alim Əli Əlirzayev bildirdi ki, azad iqtisadi zonanın yaradılması rəqabətliliyi gücləndirəcək: "Bu layihə hər iki ölkənin istehlakçılara istədiyi malı almaq imkanı yaradacaq. Əlbəttə, sözügedən zonanın inkişafı üçün müəyyən təşəbbüslər göstərilməlidir. Layihə çərçivəsində yeni texnologiyalardan istifadə ediləcək. Bu layihə həm də ölkəyə yeni investisiya axınını gücləndirə bilər. Azərbaycanla İran İslam Respublikası arasındakı siyasi və iqtisadi münasibətlərə də ciddi təsir göstərəcək. Bu mənada deyə bilərəm ki, həm siyasi, həm də iqtisadi münasibətlər daha da inkişaf etdiriləcək. Hər iki ölkə sərhəd qonşusudur. Burada dil yaxınlığı, müxtəlif qohumluq əlaqələri də rol oynayır. Bu amil iki ölkənin yaxınlaşmasına daha da təsir göstərir. Azad iqtisadi zonanın yaradılması həm də iki ölkə arasında gediş-gəlişə təsir göstərəcək. Viza rejiminin daha da yumşaldılması gözlənilir. Həm ticari, həm də işgüzarlıq baxımından faydalı olduğunu deyə bilərəm. Belə bir layihə turizmin inkişafına da təsirsiz ötüşməyəcək”.
Ekspertin sözlərinə görə, azad iqtisadi zona layihəsi çərçivəsində iki ölkə arasındakı yaxınlaşma turist axınına ciddi təsir edə bilər: "İqtisadi zona həm də vergilərdən azad olmaq deməkdir. Bu zonaya gətirilən və satılan mallar vergidən azad olduğu üçün ucuz qiymətə satılır. Bu isə daha çox müştərini özünə cəlb edir. Yəni belə desək, iqtisadi inkişaf üçün yeni bazar açılır. Burada həm də yeni istehsal prosesləri yaradıla bilər. İqtisadi zona həm də infrastrukturun inkişafına müsbət təsir göstərə bilər. Əlaqələr genişləndikcə əhalinin xidmət sferası da artır. Yeni iş yerlərinin açılması əlverişli mühit formalaşdıracaq və sərhəd zonasında yaşayan əhalinin həyat şəraitinə müsbət təsir göstərəcək. Həmçinin nəqliyyat, ictimai iaşə obyektlərinin sayının artmasına səbəb ola bilər. Düşünürəm ki, belə bir zonanın yaradılması hər iki sərhəd ölkəsinə müsbət təsir göstərəcək”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər