AZE | RUS | ENG |

Paşinyan repressiiv addımlara start verdi

Paşinyan repressiiv addımlara start verdi
“Bir nəfərin avantürası üzündən dövlətçiliyi itirə və fövqəldövlətlərin əlində xırda pula çevrilə bilərik”

Eks-prezident Robert Koçaryanı azadlığa buraxan hakim heyətinə qarşı "inqilabçı” baş nazir Nikol Paşinyanın hücuma keçəcəyi barədə proqnozlar özünü doğruldub. Erməni mediasının yazdığı xəbərlərə görə, Robert Koçaryanı zaminə buraxan məhkəmənin hakimi David Qriqoryanın kabinetində axtarış aparılıb və qapısı möhürlənib. "Sputnik Armeniya” xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan məlumatı təsdiqləyib. O, məsələ ilə bağlı əlavə məlumat vermədən deyib: "Axtarış bizim nəzarətimizdə olan iş çərçivəsində aparılıb”. Qeyd edək ki, mayın 20-də Yerevan məhkəməsinin hakimi David Qriqoryan Koçaryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi.
 
İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib. Beləliklə, reallıq belədir ki, bu gün "müstəqil Ermənistan”da məhkəmə orqanları, hakimlərə təzyiqlər görünməmiş həddə çatıb. İlk dəfə Koçaryan azadlığa çıxanda çoxları bu qərarın arxasında Rusiyanın təzyiqlərinin olduğu qənaətində idi. Baş nazir də məhkəmənin qərarından sonra hakimlərə təzyiqlərə yol vermiş, hətta məhkəmə binasını da ələ keçirmək tapşırığını vermişdi. Ardınca da, qərbyönümlü imicinə son qoyan Nikol, bütün siyasətini moskvayönümlü etməyə start verdi. Baş nazir gözəl başa düşürdü ki, Rusiya onu devirməyə və yerinə Koçaryanı təyin etməyə çalışır. Bu səbəbdən də Kremllə münasibətlərini normallaşdırmağa üstünlük verdi. Görünür, elə bu səbəbdəndir ki, ikinci dəfə Koçaryanı həbs edəndə Moskvadan hər hansı bir narazılıq daxil olmadı. Udan hər iki tərəf oldu - Moskva istəyinə çatdı, Paşinyan da ciddi rəqibini zərərsizləşdirdi. Paşinyan üçün Koçaryanın həbsi həmdə ona görə zəruri idi ki, onun hakimiyyətinə qarşı sərt çıxışlara son qoysun. Koçaryan dəfələrlə bəyan edib ki, indiki hakimiyyət o qədər vədlər verib, amma heç biri yerinə yetirilməyib. 

Bəlli olduğu kimi, Koçaryana qarşı əsas ittihamlardan biri 2008-ci ilin mart hadisələri ilə bağlıdır. Ermənistan xüsusi xidmət orqanları bu günlərdə 2008-ci ilin martında baş verən aksiyaların dağıdılmasına ordunun da cəlb edildiyi ilə bağlı faktları təsdiqləyib. 

Xatırladaq ki, xüsusi istintaq qrupu Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ilə də bağlı ittiham irəli sürüb. Noyabrın 15-də Ermənistanın Kassasiya Məhkəməsi baş prokurorun, Apelyasiya Məhkəməsi tərəfindən Koçaryanın həbsinin ləğvi barədə çıxardığı qərardan verdiyi şikayəti qismən təmin edib və işi təkrar istintaqa göndərib. Ermənistan xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçatryan yerli kanallardan birinə verdiyi açıqlamasında bunu doğru hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Robert Koçaryan 10 il əvvəl baş verən dövlət terrorunun iştirakçılarındandır. Məhz onun tapşırığı ilə dinc aksiyaların dağıdılmasına ordu da cəlb olunub. İstintaqda buna dair dəlillər var. 1 mart hadisələri ilə bağlı qaldırılan cinayət işi üzrə araşdırmalar davam etdiyindən, ictimaiyyətə tam açıqlama verilmir. 

"Bir nəfərin avantürası üzündən dövlətçiliyi itirə və fövqəldövlətlərin əlində xırda pula çevrilə bilərik. Siyasi iradə nümayiş etdirməli, zorla ələ keçirilən hakimiyyəti azad etməli və konstitusiya quruluşunu bərpa etməliyk”. Bu sözləri siyasi şərhçi Menua Arutunyan bəyan edib. "livenews.am”in efirində o bildirib ki, Ermənistanda hakimiyyət konstitusiya quruluşunun ləğvi ilə zorla ələ keçirilib: "Nikol Paşinyan Qərbə, ölkədə baş verənləri məxməri inqilab kimi yeritməyə çalışır. Qərbi isə baş verənlər narahat belə eləmir”. Onun sözlərinə görə, Qərb mütəmadi olaraq Paşinyana mesaj göndərir ki, ondan demokratik deyil, anti-Rusiya proseslər gözləyir. "Buna qədər isə bir qəpik də vəsait verməyəcək. Yəni, Qərb Paşinyandan Ermənistanda anti-Rusiya əhval-ruhiyyəni qaldırmağı gözləyir. Hər dəfə də Paşinyan Rusiya ilə münasibətləri normallaşdırmağa cəhd edəndə, o zaman Ermənistanı ciddi təhlükə altına alır. Bu səbəbdən bir tərəfdən Qərb, digər tərəfdən də Rusiya Ermənistana etibar etməməyə başlayıb. Belə bir vəziyyətdə də Nikol ya hakimiyyətdən imtina etməlidir, ya da öz hakimiyyətini qorumaq üçün ölkəni təhlükə altına salmalıdır”, - deyə siyasi ekspert vurğulayıb. Ekspert belə bir durumda "Sasna Çrer” qruplaşmasının  Nikolun inqilab ideyalarını satması barədə bəyanatını da təsadüfi saymır: "Hərəkat yaydığı bəyanatda bildirib ki, Paşinyan Kremlə işləməkdə davam edir, Ermənistanı Rusiyadan ayırmır. Bu o deməkdir ki, Qərb Paşinyana etibar etməməklə, öz təsir rıçaqlarını ictimai təşkilatlar hesabına işə salır. Konkret olaraq, anti-Rusiya mövqeli "1in.am”, "Azatutyun” və s. media qurumlarından söhbət gedir. Bu səbəbdən də Paşinyanın hakimiyyətdə qalması üçün başlıca vəzifəsi həm Rusiya, həm də Qərbə xoş gəlməkdir”. Lakin Arutunyan əmindir ki, bu da Paşinyanda alınmayacaq. 

Ən son məlumatlara görə, Nikol Paşinyanın, xarici ölkələrdə fəaliyyət göstərən erməni səfirləri XİN-nin binasında qapalı iclasa topladığı barədə xəbərlər yayılıb. Bu haqda məlumatı erməni mətbuatı yayıb. Görüşün detalları və keçirilmə səbəbi gizli saxlanılır. Media nümayəndələrinin əldə etdiyi məlumata görə, görüşə müdafiə naziri də dəvətlidir. Ardınca da baş nazir Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə göndərib. Qriqoryan Qarabağda separatçıların lideri Bako Saakyanla görüşüb. Görüş zamanı əsasən təhlükəsizlik sferasındakı məsələlərin müzakirə edildiyi bildirilib.  Qriqoryan-Saakyan görüşündə "dqr”in "təhlükəsizlik şurası”nın katibi Arşavir Qaramyan da iştirak edib. 

Paşinyandan növbəti avantürist addım AES tikintisi ilə bağlıdır. O, ölkəni bürüyün enerji qəzaları və problemlərdən çıxış yolunu yeni atom elektrik stansiyasının (AES) tikintisində görür. Məlumata görə, Rusiyanın bu layihədə mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır. RİA Novosti xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib. O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir. T.Avinyanın sözlərinə görə, Ermənistanda "Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək: "Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”. Qeyd edək ki, "Metsamor” AES hazırda region üçün ciddi təhlükə mənbəyidir. 
 
Azər NURİYEV
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982