Novruzu turistlərin də bayramına çevirmək olar
Qarşıdan
Novruz bayramı gəlir. Milli-adət ənənələri, çeşidli atributları olan bu bayram
öz gəlişi ilə ölkəmizə böyük turist axını da gətirir. Son illər ərzində
dövlətin prioritet istiqamətlərindən biri hesab olunan turizm sahəsinə
göstərilən diqqət, turistlərin də ölkəmizə olan marağının artmasına səbəb olub. Hər il olduğu kimi bu il də
bayram günlərində ölkəmizə dünyanın müxtəlif ölkələrindən xeyli turistin gəlişi
gözlənilir. Bəs görəsən, Novruz bayramı ilə əlaqədar turistlər üçün xüsusi
proqram təşkil edilibmi? Ümumiyyətlə, bu il ölkəyə nə qədər turistin gələcəyi
ehtimal olunur? Onları qarşılamaq üçün hotellər və mehmanxanalarımızda kifayət
qədər yer varmı? Mövzu ilə bağlı rəsmi şəxslərin və ekspertlərin rəyini
öyrəndik.
200 minə yaxın turistin gəlişi
gözlənilir
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Vüqar Şıxməmmədovdeyir ki, hər
il mart ayında ölkəyə gələcək turistlərlə bağlı əvvəlcədən araşdırma aparılır
və müvafiq statistik rəqəmlərə əsasən növbəti
il üçün proqnozlar müəyyənləşdirilir: "Qeyd edim ki, artıq Azərbaycan üçün
turizm baxımından prioritet ölkələr müəyyənləşdirilib. Belə ki, proqnozlara
əsasən, Azərbaycana gələn turistlər qonşu ölkələrdən, İran Körfəzi, Avropa və Uzaq Şərqi Asiya ölkələrindən
olacaq. Bununla yanaşı, keçmiş MDB ölkələri, xüsusən Ukrayna, Belarus,
Qazaxıstan kimi ölkələr də bu siyahıya aid edilə bilər. Mart ayında, Novruz
ərəfəsində daha çox turistlərin İrandan və Rusiyadan gələcəyi gözlənilir.
Bildiyiniz kimi, Novruz bayramı ərəfəsində 9 qeyri-iş günü müəyyən edilib. Bu
çərçivədə turistlər üçün, eləcə də yerli sakinlər üçün Novruz şənliklərinin və
festivallarının keçirilməsi planlaşdırılır”.
Müsahibim
bəzi statistik rəqəmləri də qeyd etdi: "2015-ci ilin mart ayında prioritet hesab olunan 15 ölkədən Azərbaycana
gələn turistlərin sayı 157 min 485 nəfər təşkil edib. 2016-cı ildə bu rəqəm 6,4
faiz artaraq, 167 min 616 nəfər müəyyən edilib. 2017-ci ilin proqnozlarına
əsasən, təxminən bu rəqəmlərdə 15 faiz artım gözlənilir. Bu da 193 minə yaxın
turistin ölkəmizə gəlişi deməkdir. Ötən ilin mart ayında İrandan ölkəmizə 31
min 114 turist gəlib. Bu il rəqəmin də artacağı istisna edilmir. Təkcə İrandan
təqribən 47 minə yaxın turistin gələcəyi gözlənilir. Məlumdur ki, turistlər yerləşməsinə,
seçdiyi turizm məhsuluna və marşrutuna görə fərqlənir. Ötən illərə nəzər salsaq,
görərik ki, İrandan gələn turistlər mehmanxanalarla yanaşı, kirayə evlərdə də
qalıblar. Belə bir təcrübə artıq ölkəmizdə mövcuddur. İl ərzində ölkəyə gələn
turistləri mehmanxana infrastrukturu
qane edir. Dövlət başçısı tərəfindən
qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, ölkəyə turistlərin cəlb
olunması, sayının artırılması ilə bağlı Azərbaycan daxilində turizm infrastrukturunun
genişləndirilməsinə, həm də yeni turizm məhsulları yaradaraq, daha yaxşı
formada turistlərə xidmət göstərməyə çalışacağıq”.
"Hotellərin menecmentlik işindən
çox şey asılıdır”
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviriMüzəffər
Ağakərimov"Kaspi”yə bildirdi ki, Novruz
bayramının gəlişi ilə əlaqədar turizm şirkətləri müxtəlif proqramlar tərtib
edirlər: "Hesab edirəm ki, turistlər üçün belə proqramlar həm Bakı şəhərində,
həm də bölgələrdə hazırlanmalıdır. Bunun üçün müxtəlif nəqliyyat növləri, ekskursiyalar,
proqramlar təşkil edilə bilər. İçərişəhər, Abşeron yarımadası, Qobustan,
Atəşgah, Yanar dağ, Abşeron qalaları və digər tarixi abidələrə də ekskursiyalar
təşkil edilir. Bununla yanaşı hər il olduğu kimi bu il də turistlər üçün
müxtəlif əyləncəli proqramlar və mədəni tədbirlər keçiriləcək”.
M.Ağakərimov
deyir ki, bu il də dənizkənarı bulvarda
turistlərin ən çox olduğu yerlərdə əyləncəli tədbirlər təşkil olunacaq: "Bütün
bunlar daha çox turistin ölkəmizə cəlb edilməsi üçün nəzərdə tutulub. Milli
adət-ənənələrimizlə tanış olan turistlər öz ailəsi, yaxın dostları və qohumları
ilə yenidən buraya gəlmək istəyirlər. Artıq hotellərin və mehmanxanaların demək
olar ki, hamısı əvvəlcədən bronlaşdırılıb. Menecment işi yaxşı təşkil olunan
hotellərdə Novruz şənlikləri də
keçirilir və bayramın atributları, Novruz şirniyyatları gələn qonaqlara təqdim
olunur. Bütün bunlar hotellərin menecmentliyindən asılı olan bir şeydir.
Turistlər üçün elə bir ab-hava yaradılmalıdır ki, onlar üçün yad olan bu
bayramda doyunca əylənə bilsinlər”.
"Novruz xüsusi bir imkandır”
"Luna Travel” Turizm Agentliyinin direktoru,
hüquqşünasRəhman Quliyevdeyir
ki, əsas məqsədləri
həmişə olduğu kimi bu il də daha çox turistin ölkəmizə cəlb edilməsidir:
"Ölkəmizə gələn turistlərin böyük əksəriyyətini ərəb ölkələrindən gələnlər təşkil
edir. Bu baxımdan, hesab edirəm ki, Novruz xüsusi bir imkandır. Əgər bayramdan sonra turistlər Azərbaycandan yaxşı təəssüratla
ayrılarsa, ölkəsində, kollektivində, sosial şəbəkələrdə Azərbaycan haqqında
müsbət məqamlar paylaşacaqlar ki, bu da
bizim üçün çox vacibdir. Bu baxımdan da, biz əlimizdən gələni etməliyik
ki, turistlərin marağını cəlb edə bilək. Bu kontekstdən yanaşdıqda, milli
bayramımız olan Novruz yaxşı fürsət hesab oluna bilər. Çalışmalıyıq ki, bu il
də onlar üçün maraqlı tədbirlər həyata keçirək”.
Müsahibim
deyir ki, Novruz simvolları, kosa, keçəl, tonqal və milli şirniyyatlarımızı
daha da geniş təbliğ etməliyik: "Necə ki, dünyada Braziliya deyiləndə ağıla
karnaval gəlirsə, bizdə də Novruz elə olmalıdır. Novruzun daha çeşidli
adət-ənənələrini, oyunlarını daha rəngarəng təşkil edərək, turistlərin
yaddaşında qalmasına səbəb olmalıyıq. Xüsusilə turistlərin daha çox cəmləşdiyi
yerdə bayram atributlarını daha təntənəli şəkildə qeyd etməliyik. Həmçinin
milli musiqimiz də gələn qonaqlara təqdim olunmalıdır. Hesab edirəm ki, bu kimi
məsələlər təkcə hotellərdə deyil, həmçinin paytaxtın küçələrində də nəzərə alınmalıdır. Hotellərdə bayram
tədbirləri daha yüksək səviyyədə təşkil olunarsa, turistlərin daha çox marağını
çəkə bilər. Yaxşı olardı ki, onlar üçün nəzərdə tutulan xüsusi bayram
proqramları hazırlansın. Çünki elə turistlər var ki, onlar bayram ərəfəsində
hoteldən kənara çıxmırlar. Yerlərdə, rayonlarda müvafiq icra orqanları bu işin
təşkilinə öz dəstəyini verməlidir. Elə etməliyik ki, turist hər il Novruz
bayramını Azərbaycanda keçirmək istəsin və buraya gəldiyinə peşman olmasın. Bu
baxımdan, dünya təcrübəsindən də istifadə edilməlidir. Məsələn, qardaş ölkə
Türkiyədə sərhədin bu başından o biri başına kimi turistik zona hesab olunur və
turist qəbul edilir. Artıq Türkiyəyə gələn turistlər təkcə Antalya, Bodruma deyil, digər turistik
yerləri ziyarət etməyə də üstünlük verirlər. Bu canlı praktikadır və biz də
bundan yararlanmalıyıq. Təkcə bir-iki məkanla kifayətlənməməli, bütün
Azərbaycanı turistlər üçün maraqlı etməliyik. Novruz brendləşdirilməlidir ki,
hər il bu bayramda turistlər başqa ölkələrə deyil, məhz Azərbaycana gəlsin”.
Şəbnəm Mehdizadə