AZE | RUS | ENG |


Normadan artıq yağan yağış fermerin dostudur, yoxsa...

Normadan artıq yağan yağış fermerin dostudur, yoxsa...
Ekspert deyir ki, qabaqlayıcı tədbirlərin olması çox vacibdir

Builki  payız adət etdiyimiz payızlardan olmadı. Birdən-birə  qızmar istilərdən çıxıb,  leysan yağmurlara tuş gəldik. Düzdür, mütəxəssislər  belə bir iqlim dəyişikliyinin əvvəllər də müşahidə edildiyini desə də, bu dəfə yağıntıların miqdarı normadan bir qədər yüksək olub. Belə ki, hələ avqust ayının sonlarında  sentyabr ayı üçün yağıntının miqdarının yüksək olacağı proqnoz edilsə də, sentyabr təkcə yağışla deyil hətta ilk  qarla  da yadda qaldı. Bəs görəsən yağntıların miqdarının bol olması aqrar sahəyə necə təsir edəcək? Bunun hansısa müsbət və mənfi tərəfləri varmı? 
 
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı-ekspert  Qadir Bayramlının sözlərinə görə, son günlər ərzində yağan aramsız yağışlar kənd təsərrüfatına böyük zərər vurur: "Kənd təsərrüfatı sənayedən fərqli olaraq iqlim şəraitilə daha çox bağlıdır. Yağıntının miqdarının normadan  çox olmasının təsiri ilk növbədə pambıqçılıq sahəsinə mənfi təsir göstərəcək. Çünki sentyabrın son həftəsinə olan məlumata görə, sahələrdən yığılan pambıq 40 min ton civarındadır. Yəni məhsulun böyük əksəriyyəti tarlalardadır. Əgər intensiv yağışlar yenə davam edərsə, bu sahədə  qarşıya qoyulan hədəfə çatmağımız bir az çətin olacaq. Digər tərəfdən,  qurumamış pambıqçılıq  sahələrində  texnikanın işləməsinə normal sahələrə nisbətən 30 faiz  artıq yanacaq sərf edilir ki, bu da maddi çətinlik yaradır. Yağmurlu şəraitdə texnikanın sahələrə aparılması çox çətin olduğundan məhsuldarlıq da aşağı düşür. Yağıntının təsiri özünü meyvə-tərəvəz sahəsində də göstərəcək. Çünki aşırı intensiv yağışlar həmçinin meyvə yığılmasını çətinləşdirir və  müəyyən qədər məhsul itkisinə gətirib çıxarır.  Bütün bunlar isə bazarlarda meyvə-tərəvəzin, göyərtinin qiymət artımına gətirib çıxara bilər. Bundan başqa, normadan artıq  yağan intensiv yağışlar torpağın münbit qatını yuyub aparır ki, bu da fermer üçün çox böyük itki hesab olunur. Yağışlar həm də eroziyanı gücləndirir. Ona görə də fermerlərin əvvəlcədən düşünülmüş qabaqlayıcı  tədbirlərinin olması çox vacibdir. Düzdür, yağışların payız ayında yağmasının  müsbət tərəfləri də var. Çünki bir çox sahələrdə taxıl və digər bitkilərdən sonra əkilən payızlıq yem bitkilərinin inkişafına kömək edir və örüşlərdə otlaqların canlanmasına səbəb olur. Bu da öz növbəsində heyvan saxlayan fermerlərin işinə yarayır. Amma bütün bu iqlim dəyişiklikləri Azərbaycanda sığortanın aktuallığını gündəmə gətirir. Fermer min bir zəhmətlə becərdiyi  məhsulunu  yığa bilmir. Ona görə də fermerə dəyən zərərin ödənilməsi üçün aqro-sığorta tətbiqi məsələsini vacib edir. Bu həm də fermerlərin öz işinə stimulu artırmış olar”.
 
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev "Kaspi”yə açıqlamasında bildirdi ki, intensiv yağışların meyvə-tərəvəz sahəsinə elə də ciddi ziyan vurmayacaq: "Çünki tərəvəz məhsullarının yığımı demək olar ki, başa çatıb. İstixana şəraitində yetişdirilən məhsullara isə yağıntının heç bir ziyanı yoxdur. Meyvəçiliyə gəldikdə isə sentyabr meyvənin yığılıb qurtardığı aydır. Ona görə də bu sahəyə ciddi mənfi təsir gözlənilmir. Əsas ziyan pambıqçılıq sahəsinə dəyə bilər. Çünki pambıq yığımı hələ ki, başa çatmayıb. Ümumilikdə yağışın yağması otlaqlar üçün, torpağın münbitliyi baxımından çox faydalıdır. Uzun müddət yağış yağmaması bir çox ərazilərdə, xüsusilə Aran zonasında torpağı şumlamaqda  çətinlik yaradırdı. Bu baxımdan, yağıntıların faydalı ola biləcəyini düşünürəm. Düzdür, bu qədər yağışın yağması normal deyil. Amma müəyyən müddət sonra belə dəyişmələr baş verə bilir. Pambıqçılıqla bağlı isə onu deyə bilərəm ki, məhsulun yetişən vaxtı yağan yağışlar onu məhv edir və yararsız hala salır. Bu da məhsuldarlığa təsir edən amillərdəndir. Amma ümumilikdə pambıq əksərən aran rayonlarında əkilir. Həmin rayonlara düşən yağıntının miqdarı isə o qədər də yüksək olmur. Yağıntılar daha çox dağlıq zonalara və Abşeron bölgəsinə düşdü”.
 
Şəbnəm Mehdizadə
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6835
GBP 1 İngilis funt sterlinqi 2.2601
TRY 1 Türk lirəsi 0.4672
KWD 1 Küveyt dinarı 5.6339
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0080
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7003