AZE | RUS | ENG |

Neftin qiyməti payızda da 60-70 dollar arasında dəyişəcək

Neftin qiyməti payızda da 60-70 dollar arasında dəyişəcək
Ekspertlər qiymətlərə iqtisadi faktorlarla yanaşı, siyasi amillərin də təsir edəcəyini deyirlər

Dünya birjalarında neftin qiyməti artıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,59 dollar və ya 1,06% bahalaşaraq 56,22 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,10 dollar və ya 0,16% artaraq 63,36 dollar təşkil edib. Mütəxəssislərdən cari ilin ikinci yarısında qiymətlərin hansı aralıqda dəyişəcəyini soruşduq.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban qeyd etdi ki, hazırda neftin qiyməti 63 dollardan yuxarıdır. Ötən həftə qiymətlərdə müşahidə olunan enmələr Amerika bazarında real həcmlərin proqnozlardan daha çox olması ilə bağlı idi: "Hazırda yeni proqnozlar səsləndirilir və bu proqnozların əsasında qiymətlərdə artım müşahidə edilir. İlin birinci yarısında Brent markalı neftin qiyməti 65 dollardan yuxarı oldu. Bu, deyilən proqnozlardan daha nikbin nəticə kimi qiymətləndirilir. Çünki ilin sonunda cari ilin birinci yarısında qiymətlərin 60 dollardan aşağı olacağı proqnoz edilir. 65 dollar bazar iştirakçıları üçün ədalətli qiymət hesab olunur. Təbii ki, bu məsələdə OPEC və OPEC+ ölkələrin rəyini xüsusi qeyd etmək lazımdır. Yəni bazardan izafi neft həcmlərini azaldılması istiqamətində iyul ayının əvvəlində ciddi addım atıldı. Neft hasilatının azaldılmasına dair qərarın 9 ay müddətinə uzadılması qiymətlərin 65 dollar ətrafında qərarlaşmasına ciddi təsir göstərdi. Əgər tələb-təklif münasibətlərinə baxsaq, deyə bilərik ki, qiymətlər ilin ikinci yarısında da 60-65 dollar ətrafında dəyişəcək. Amma unutmaq lazım deyil ki, neftin qiyməti təkcə tələb-təklif əsasında formalaşmır. Qiymətlərə təsir edən bir sıra amillər var. Bu səbəblər içərisində ən əsası dünya iqtisadiyyatının artım tempidir. Amma hələlik qiymətlərin enməsi üçün ciddi səbəb yoxdur. Ona görə də ikinci yarımildə qiymətlər siyasi vəziyyətdən və pnevmatik faktorlardan asılı olaraq dəyişəcək”.   
 
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hazırda neftin qiymətini iqtisadi faktorlardan daha çox siyasi faktorlar formalaşdırır: "Hazırkı şərtlər daxilində tələb-təklif arasında fərq çox cüzidir. Nəzərə almaq lazımdır ki, ilin sonuna doğru iqtisadi aktivliyin daha da zəifləyəcəyinə dair proqnozlar səsləndirilir. Bu proqnozlar fonunda neftə olan tələb daha da azala bilər. Bu azalmanın son nəticədə qiymətlərə neqativ təsir göstərməsi təbiidir. Eyni zamanda, ABŞ-la Çin arasında ticarət müharibəsi də neftin qiymətinə təsir edir. Həmçinin, Avropa Birliyi iqtisadiyyatı ilə bağlı neqativ proqnozlar tələbi aşağı salan amillərdəndir. Amma hazırkı şərtlər daxilində siyasi faktorlar neftin qiymətini artıra bilər. Xüsusilə körfəzdə müşahidə edilən gərginlik, ABŞ-İran, İngiltərə-İran arasındakı narahatlıq körfəzdə risklərin hələ də davam etdiyini göstərir. Bu fakt qiymətləri artıran istiqamətdə təzyiq edir. Digər tərəfdən, neft istehsalının artması məsələsinə də diqqət etmək lazımdır. OPEC hasilatın tənzimlənməsi ilə bağlı sazişi 9 ay müddətinə uzadıb. Bu özü müsbət məqam kimi dəyərləndirilir və bazar üçün müsbət konyuktura formalaşdırır. Amma bəzi hallarda OPEC ölkələrinin öhdəliklərini yerinə yetirmədiyi də müşahidə edilir. Çünki OPEC daxilində siyasi fikir ayrılıqları mövcuddur. İran, Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələr arasında fikir ayrılıqları növbəti dövrlərdə qiymətin dinamikasına təsir göstərə bilər. ABŞ-ın neft hasilatında müşahidə edilən davamlı artım əsas təzyiqlərdən biridir. Bütün bu proseslərin fonunda ilin ikinci yarısı üçün qiymətlərin 60-70 dollar arasında dəyişəcəyi ehtimal olunur. Bir sıra beynəlxalq maliyyə institutları ilin sonunadək neftin qiymətini 70 dollar proqnoz edir”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev də hesab edir ki, ilin ikinci yarısında qiymətlərdə ciddi enmə və yaxud sıçrayış gözlənilmir: "Beynəlxalq Enerji Agentliyi ilin ikinci yarısı üçün neftə olan tələbatla bağlı proqnozunu açıqlayıb. Qeyd olunur ki, ilin ikinci yarısında neftə olan tələbat gündəlik 1,1 milyon barel artacaq. Bu elə də yüksək göstərici deyil. Körfəzdəki vəziyyət  ABŞ-la Çin, İran və Meksika arasındakı münasibətlər dünyanın iqtisadi göstəricilərinə öz təsirini göstərir. İqtisadi aktivlikdə geriləmə müşahidə edildiyinə görə tələbat da aşağı düşür. Ona görə də cari ilin ikinci yarısında qiymətlər 60-65 dollar ətrafında dəyişəcəyi gözlənilir. Hazırda neftin qiymətinin artacağına dair düşünmək yersizdir. Qiymətlərdə uzunmüddətli dalğalanmaların qarşısını almaq lazımdır. Ağır və yüngül neft balansı qorunmalı, dünyanın bütün enerji bazarlarında neft məhsullarının tarazlığı bərpa edilməlidir. Bu tarazlıq ABŞ və Çin tərəfindən tez-tez pozulur. Ona görə də OPEC və OPEC+ ölkələr yüngül və ağır neft balansını təmin etməlidir. Digər tərəfdən, neft məhsulları bazarlarına nəzarət edilməlidir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Qazaxıstan kimi dövlətlər xam neftlə yanaşı, dünyanın enerji bazarlarına müxtəlif markalı neft məhsulları da ixrac edirlər. Bu balansın qorunması həmin ölkələrin borcudur. İlin sonuna qədər neftə olan tələbatın aşağı olacağı gözlənilir. OPEC-in səyləri nəticəsində qiymətlər 60-65 dollar arasında dəyişəcək. Sentyabrda Vyana sazişinin iştirakçılarının növbəti görüşü keçiriləcək. Görüşdə qəbul edilən qərarlar qiymətlərə təsir edə bilər”. 
 
Şəbnəm
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967