• cümə, 26 Aprel, 22:52
  • Baku Bakı 22°C

Nazirlik: Marketlərdə ƏDV ilə bağlı diferensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının tərəfdarıyıq

27.04.16 16:18 1423
Nazirlik: Marketlərdə ƏDV ilə bağlı diferensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının tərəfdarıyıq
Vergilər Nazirliyi ticarət şəbəkələrinin (supermarket) ƏDV üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib. "APA-Economics”in məlumatına görə, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib ki, Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20%-dir və müqayisədə Azərbaycandakı 18% yüksək dərəcə deyil.
ƏDV-nin diferensiallaşdırılmasına gəlincə, S. Musayeva qeyd edib ki, nazirlik pərakəndə ticarətdə ƏDV ilə bağlı diferensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının tərəfdarıdır: "Bu, həm ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına, həm də ticarət və xidmət obyektlərinin dövriyyəsinin tam şəffaflaşmasına stimul yarada bilər”. Nazirlikdən o da bildirilib ki, Azərbaycanda vergilərlə bağlı bütün dəyişikliklər ali qanunvericilik hakimiyyəti olan Milli Məclisdə müvafiq qanunların qəbul edilməsindən və onların ölkə başçısı tərəfindən imzalanmasından sonra həyata keçirilir: "Vergi Məcəlləsinə dəyişikliklər olunması zərurəti yarandıqda, müvafiq qanun layihələri hazırlanaraq, Milli Məclisə təqdim edilir. Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən indiyə kimi bütün tədiyyə növləri üzrə vergi dərəcələri yalnız azaldılıb, məsələn, mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ə endirilib”. ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı yaranan problemlərə gəldikdə, Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov bildirib ki, vergi nəzarəti tədbirlərində aşkar edilən əsas problemlərdən biri ƏDV ödəyicilərinin bir çox hallarda aparılan əməliyyatlara dair ilkin uçot sənədlərinə malik olmaması, yaxud müvafiq qaydada tərtib edilməyən sənədlərlə işləmələri ilə bağlıdır: "Belə ki, malların dəyəri nağd qaydada ödənilir və malın kimdən alındığını müəyyən etmək mümkün olmur. ƏDV ödəyiciləri gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı olan ilkin sənədlərlə təsdiq edilən xərcləri (təqdim etdikləri malların alış qiyməti, əməkhaqqı, kommunal, icbari ödənişlər və s.) çıxdıqdan sonra qalan məbləğin 20%-i həcmində mənfəət (gəlir) vergisi ödəyirlər. Eyni zamanda, ƏDV-nin ödəyicisi olduğu tarixdən həmin şəxslər təqdim etdikləri malların dəyərindən 18% dərəcəsi ilə ƏDV hesablamalı və ƏDV ödəyicisindən ƏDV ödəməklə aldığı mallara görə ödədiyi ƏDV məbləğlərini müəyyən olunmuş şərtlər daxilində əvəzləşdirməlidirlər. Yəni, alınmış mallara görə elektron vergi hesab-fakturası təqdim edilməli, alınmış malların dəyərini satıcının bank hesabına, malların dəyərinə hesablanmış ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına köçürməlidir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir və bu problemi yaradanların özləri sonradan şikayətlənməyə başlayırlar”. Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.
banner

Oxşar Xəbərlər