Naftalan, Duzdağ, Qalaaltı, İstisu
Termal turizm deyəndə ilk
növbədə Türkiyə, Rusiya, Çexiya, Macarıstan, İsveçrə, Almaniya, Sloveniya və s.
ölkələrin adı dillərdə dolaşan müalicəvi sanatoriyaları, termal su mənbələri
yada düşür. Dünyanın 50-dən çox ölkəsində rast gəlinən termal sulardan
yararlanmaq üçün insanlar ayrı-ayrı qitələrdən bu yerlərə üz tuturlar. Statistikaya
inansaq, hər il termal turizm məqsədi
ilə Almaniya və Macarıstana 10 milyon, İsveçrəyə 800 min, İspaniyaya 500 min,
Rusiyaya 8 milyon, Fransaya 1 milyona yaxın, Yaponiyanın Beppu şəhərinə 12-13
milyon nəfər səyahət edir.
O cümlədən,
azərbaycanlılar da termal obyektlərdən istifadə edən turistlər sırasında öncüllük
təşkil edir. Hələ sovet dövründən Kislovodsk, Yessentuki, Yalta, Soçi kimi
şəhərlərə demək olar ki, sağlamlığının qayğısına qalan hər bir azərbaycanlı yol
alıb. Son dövrlər isə bu sıyahıya Türkiyənin termal şəhərləri, o cümlədən bir
çox Avropa ölkələrinin bu tip müalicəvi mərkəzləri əlavə edilib. Bizim insanlar
üçün qonşu Türkiyə termal obyektlər baxımından ən çox üz tutulan ölkələrdəndir.
Ancaq sağlamlıq turizminə üstünlük verən insanlarımız çox vaxt münbit coğrafi
şəraitə və iqlimə malik ölkəmizdə eyni müalicəvi əhəmiyyəti və az qala əl
uzadılsa çatacaq qədər məsafəsi olan termal obyektlərdən xəbərsizdirlər. Azərbaycan
vətəndaşları Abşeron yarımadası, Böyük
Qafqaz, Xəzəryanı-Quba, Kür çökəkliyi, Kiçik Qafqaz, Lənkəran dağətəyi
düzənliyi, Cəlilabad, Şamaxı-Qobustan, Acınohur, Kür, İori çayları və Naxçıvan
hidrotermik rayonlarında yer alan termal ocaqlardan, onların xidmətinin hansı
səviyyədə olmasından bixəbər halda müalicəni xaricdə axtarırlar. Çoxları bilmir
ki, Qalaaltı termal su mənbələri dünyada məşhur
təbii müalicə vasitəsi sayılır. Bu termal mənbələrdən qaraciyər, öd yolları
iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji
xəstəliklərin müalicəsində istifadə edilir.Böyük Qafqazın ətəklərində,dənizsəviyyəsindən 700 metr
yüksəklikdə yerləşən "Qalaaltı” sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir.
Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır.
Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu”, yəni neftli su deyirlər.
"Naftsu” kəskin qoxusu və dadı ilə seçilir.
Eləcə də
Naxçıvanda fəaliyyət göstərən Darıdağ Arsenli Su Müalicəxanası bir çox
xəstəliklərin sağalmasında mühüm əhəmiyyətə malikdir.Burada 32 kəşfiyyat quyusu və 5
bulaqdan ibarət olan arsenli su Darıdağ suyu, karbonqazlı,
mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. O
cümlədən, cənub bölgəsində - Lənkəran,
Masallı və Astarada isti su mənbələri var. Revmatizm, oynaq ağrıları,
böyrək, qaraciyər, sonsuzluq, göbələk və s. kimi xəstəliklərin müalicəsində
faydalı sayılan bu ocaqlara daha çox bölgə əhalisi tərəfindən üz tutulur. Çox
vaxt da infrastrukturun yoxluğu, xidmət səviyyəsinin aşağı olması üzündən
insanlar dərdlərinin dərmanını başqa ölkələrdə axtarmalı olurlar. O cümlədən,
bu termal obyektlərə xarici ölkələrdən turist cəlb edilməsi vacib
amillərdəndir. Belə ki, ölkəmizdə
termal suların olduğu müalicə ocaqları fəaliyyət göstərsə də, onların çoxu
beynəlxalq səviyyədə tanınmayıb. Bu amilin həm turizmin, həm də ölkə
iqtisadiyyatının inkişafına səbəb ola bilmə əhəmiyyətini isə xüsusən hazırkı
dönəmdə dəyərləndirməyə ehtiyac var.
İmkanları təbliğ və təqdim etmək
Son illər ölkədə sahənin inkişafına hesablanan
addımların atılması, o cümlədən Termal və Sağlamlıq Turizm Assosiasiyasının
yaradılması bu istiqamətdə inkişafa səbəb olmaq, təbliğat aparmaq məqsədi
daşısa da, hələlik ciddi irəliləyişdən danışmaq olmaz. Ekspertlər termal
turizminin inkişafı istiqamətində çox işlərin görülməsinə ehtiyac olduğunu
desələr də, Mədəniyyət və Turizm
Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar
Şıxməmmədov ölkədə nəinki sağlamlıq turizminin imkanlarının kifayət qədər
geniş olduğunu, həmçinin turizmin bu sahəsinin artıq tanındığını deyir: "Xüsusən
sovetlər dönəmində ölkəmizdə turizm imkanlarından geniş istifadə olunub. O
zaman ittifaq daxilində çoxsaylı turist səfərləri Azərbaycana təşkil olunub. Bu
ənənənin davamı olaraq müstəqillik dönəmində, xüsusən son illərdə ölkədə sağlamlıq
turizminin infrastrukturu inkişaf etməkdədir”. Ölkə başçısının təsdiq etdiyi ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair strateji yol xəritəsində də sağlamlıq
turizminin imkanlarının inkişaf etdirilməsi və prioritet istiqamətlər üzrə
təbliğ olunmasının qarşıya məqsəd kimi qoyulduğunu deyən nazirlik rəsmisi bu
istiqamətdə müəyyən işlərin görüldüyünü deyir. Xüsusən Naftalan, Qalaaltı,
Duzdağ və Qəbələdəki termal mərkəzlər, həmçinin ölkənin müxtəlif regionlarında
istisu mənbələrinin tanıdılması istiqamətində addımlar atılır. Hal-hazırda
Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə bu sahədə müvafiq
işlər aparır. Eyni zamanda, sağlamlıq turizminin mənbələrinin Avropada və
dünyanın müxtəlif ölkələrində yerləşən assosiasiyalarla iş birliyində çalışaraq
onların sertifikatlarının alınması, təbliğatı və tanıdılması istiqamətində
işlər aparılır. Nazirlik rəsmisinin dediyinə görə, qurumun "Qalaaltı”nın Avropa
Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi ilə bağlı uzun müddətdən
bəri apardığı iş müsbət nəticəsini verib. "Qalaaltı” Assosiasiyaya üzv seçilərək
qurumun beynəlxalq mədəni turizm marşrutuna qoşulub: "Bu üzvlük çərçivəsində
onların bizim təbliğat maşınında, Ümumdünya Turizm Təşkilatının bayrağı altında
keçirilən bütün sərgilərdə yayımlanan rəsmi kataloqlarda "Qalaalt”ı da artıq öz
yerini tapıb. 2018-ci ildə həmin təşkilatın baş konfransının məhz Qalaaltıda
keçirilməsi nəzərdə tutulub”. Nazirlik rəsmisi həmçinin Naftalan sanatoriyasının,
burada yerləşən otellərin dünyaya tanıdılması istiqamətində müvafiq işlər
aparıldığını deyir: "Bütün bu termal imkanlar MDB ölkələrində məşhurdur.
Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və s. ölkələrdən bu sanatoriyalara,
xüsusən Duzdağa çoxlu turist səfərləri təşkil edilir. Azərbaycan hər bir
ölkənin turistinə turizm imkanı təqdim etməyə malikdir. Bunun üçün də prioritet
istiqamətlər gələn turistlərə həm imkanları təbliğ etmək, həm də təqdim
etməkdir».
Yalnız
infrastruktur yaradılandan sonra
Turizm
Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə
bu sahədə problemlərin mövcudluğunu gizlətmir: "Termal turizm sahəsini inkişaf
etdirmək üçün infrastruktur yaradılmalıdır. Yəni həmin mineral su mənbələrinin
yanında otellər, yollar qurulmalı, kommunal xidmətləri təmin edən amillər
formalaşmalıdır. O cümlədən, Masallıda, Lənkəranda istisu mənbələri var. Ancaq
həmin ərazilərdə o səviyyədə infrastruktur yaradılmayıb ki, turistləri cəlb
etsin. Yalnız infrastruktur yaradılandan sonra ölkəmizdə bu sahənin
inkişafından danışmaq, həmçinin həm MDB ölkələri arasında, həm də beynəlxalq
səviyyədə öz termal turizmimizi təklif edə bilərik»
Ölkəmizdə müalicə məqsədilə turistlərin ən çox
Naftalan sanatoriyasına üz tutduqlarını deyən ekspert həmçinin "Qalaaltı Hotel & SPA” kompleksinin son illər xeyli tanındığını
bildirir: "Naxçıvandakı Duzdağ da bu baxımdan turistlərin diqqətini cəlb
edir. Azərbaycanın təbiəti, coğrafi şəraiti, mineral suları ölkəmizdə sağlamlıq
turizmini inkişaf etdirmək üçün geniş imkanlar açır”. İnsanların çoxunun
Karlovı Varı, Mineralnıye vodı, Truskaves kimi müalicə mərkəzlərinə getməsinə
isə ekspert həmin ərazilərdəki su mənbələrinin bizim ölkəmizdən fərqli olması
ilə izah edir: «Elə termal məkanlar var ki, bizim ölkəmizdə yoxdur. Ancaq biz
ölkəmizdə həmin ərazilərdə olmayan su mənbələri üçün infrastruktur yaradılarsa
o ölkələrin turistini qəbul edə bilərik”. Ölkəmizdə İstisu, Kükürd su
mənbələri, palçıq vannalarının olduğunu deyən M.Ağakərimov bu mənbələrdən geniş
istifadənin vacibliyini bildirir: "Bu, həm turizm sektorunun, həm də ölkə
iqtisadiyyatının inkişafına dəstək olar. Sadəcə, bu sahələrin hamısına lazımi
investisiya qoyulmalıdır. Həmçinin sonra bu yerlərin necə gəlir gətirəcəyi
barədə biznes planlar hazırlanmalıdır ki, həm xarici, həm də yerli investorları
cəlb etmək olsun. Çox təəssüf ki, Azərbaycan kimi təbiəti zəngin bir ölkədə biz
bu potensialın çox cüzi hissəsindən istifadə edirik. Bu sahədə çoxlu işlər
görülməlidir. Bu sektorun inkişafı həm ölkəmizi tanıdar, həm də büdcəmizə xeyir
gətirər».
Turizmin inkişafının həm də reklamdan asılı
olduğunu nəzərə alsaq, bu sahədə problemlərin olduğu da istisna deyil. Belə ki,
bizdə bu sahəyə o qədər də diqqət yetirilmir. Olsa-olsa turizm şirkətlərinin
pul qazanmağa hesablanan elanları ilə rastlaşmaq olur. Məsələn, Qalaaltı,
Masallı, Lənkəran və ya Naxçıvandakı Duzdağı reklam edən broşürlərə,
videoçarxlara və ya bukletlərə rast gəlinmir. Üstəlik ölkəmizə səfər edən
turistlərə bu müalicə mərkəzləri haqqında məlumat verilməlidir ki, onlar termal
müalicə ocaqlarının yolunu tanısınlar. Yəni təkcə paytaxtın və ya
rayonlarımızın tarixi məkanlarına səfər etməklə, qədim ənənələrimizlə, milli
mətbəximizlə tanış olmaqla bərabər turizmin müalicəvi sahəsinin də mövcud
olduğundan xəbərdar olsunlar. Amma bir şərtlə - infrastruktur turistlərin
tələblərinə cavab verəndən sonra...
Təranə
Məhərrəmova