Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?
Orta ümumtəhsil məktəblərində, xüsusən də ibtidai
siniflərdə oxuyan şagirdlər üçün sinif müəllimləri çox vaxt kulta çevrilir. Uşaqlar
müəllimə o qədər alışırlar ki, nəinki onun tədris metodunu sevir, hətta jestlərini,
mimikasını, hərəkətlərini əzbərləyir, özlərini ona oxşatmağa çalışırlar.
İbtidai sinif pilləsində bəzən müəllimin məktəbdən ayrılıb sinfi yarıda
buraxması, az hallarda olsa belə sinif müəlliminin dəyişdirilməsi və s. bu kimi
hallar şagirdlər tərəfindən ruh düşkünlüyü ilə qarşılansa da, valideynlər bu məqama
daha narazı yanaşırlar. "Sinif müəllimlərinin yarı pillədə dəyişdirilməsi nə qədər
dogrudur? Bu, uşaqların fənləri mənimsəməsinə mane olacaq”- deyə məktəb rəhbərliyinə,
öz aralarında bir-birlərinə və ya digər şəxslərə sual ünvanlayırlar. Onlar
övladlarının üz-gözünün öyrəşdiyi və dilini bildikləri müəllimlərinin dəyişməsinin,
həmçinin onların tədris metodunun əvəzlənməsinin heç vəchlə tərəfdarı deyillər.
"İbtidai sinifdə sinif müəlliminin dəyişdirilməsi
halı baş verərsə, bu, gerçəkdən tədris prosesinə necə təsir edir? Ən mühümü,
prosesin uşağın psixologiyasında qoyacağı iz keçicidirmi? Yoxsa şagird ibtidai
sinif pilləsində yalnız eyni müəlllimlərdən dərs almalıdırmı?” suallarına cavab
axtararkən təhsil ekspertlərinin fikirləri də haçalanır.
Yalnız zəruri məqamda
Təhsil eksperti
Etibar Əliyevin fikrincə, əgər
ibtidai sinif müəllimi hər hansı bir sinfin rəhbərliyini götürübsə, o sinifdə
1-ci sinifdən 4-cü sinfə qədər tədrisi aparmalıdır. Belə ki, müəllim məktəbdən
yalnız hansısa səbəblərdən ayrıla bilər: "Əgər
I-IV siniflərdə ciddi bir səbəb yoxdursa, müəllimin başqa bir müəllimlə əvəz
olunması yolverilməzdir. İbtidai sinif
müəllimi 1-ci sinifdən başlayaraq əlifbadan nisbətən çətin mətnlərə, rəqəmlərdən
riyazi əməliyyatlara doğru – sadədən mürəkkəbə sinif-sinif hərəkət edir. Ola
bilsin ki, yeni müəllim özü ilə yeni metod gətirsin. Bu, müəyyən dərəcədə inkişafa
da səbəb olar, eyni zamanda, sinifdəki mühiti bir qədər poza da bilər”. Hazırda
müəllimlərin işə qəbulu ilə bağlı prosesin
yekunlaşdığını, vakant yerlərə yeni müəllimlərin qəbul olunduğunu deyən ekspertin
fikrincə, əgər məktəbdə vakant yer varsa belə, bu, ibtidai sinif müəlliminin dərsinin
parçalanması ilə nəticələnməməlidir: "Konkret olaraq ibtidai sinif müəllimi müəyyənləşdirilmiş
tədris planına uyğun olaraq fənləri tədris edir. Ona görə də imtahan vermiş və
qəbul olmuş istər ibtidai sinif, istərsə də digər fənn müəllimləri başqasını əvəz
etməlidir. Çünki onlar hər hansı səbəbdən məktəbdə yaranmış vakant yerlər üçün
imtahan verirlər. Ancaq hesab edirəm ki, bu cür nüanslar məktəblərdə çox azdır.
Sadəcə, ibtidai sinif müəllimi hər 4 ildən bir yenilənməlidir. O, buraxılışı
olan sinfin – ibtidai sinif pilləsini bitirmiş şagirdlərin orta təhsil pillələrində
necə irəlilədiklərini, bu prosesdə boşluq və uğurların nədən ibarət olduğunu
izləməlidir”. Ekspertin fikrincə, müəllim yalnız zəruri məqamda – əgər hansısa
vacib bir səbəb üzündən məktəbdən ayrılıbsa, əvəzlənə bilər: «Kimsə tədris
ilinin ortasında məktəbi tərk edəcəksə, onun yerinə müəllim cəlb edə bilərlər».
Müxtəlif müəllimlərdən
dərs alma...
İbtidai sinif müəlliminin adi fənn müəllimlərindən
tam fərqli xüsusiyyətə malik olan şəxs olduğunu deyən Əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, ibtidai sinif müəllimi
ilk növbədə məktəbə yenicə addım atmış uşağın təhsilə, məktəbə, sinfə, sinif
yoldaşlarına, müəllimlərə olan münasibətlərinin formalaşmasına səbəb olandır:
"Bütün bu dərketmələri formalaşdırdıqdan sonra sosial mühit və məktəb mühitinə
yiyələnmiş olan uşaq artıq şagird kimi yuxarı sinif müəllimlərinin qarşısına
çıxır. Fənn müəllimləri ən əsası digər fənlərin öyrənilməsini artıq dinləməyi
bacaran, yazmağı, saymağı bacaran hazır şagirdə ötürür. Deməli, ən böyük əziyyət
məhz ibtidai sinif müəllimlərinin üzərinə düşür”. Araşdırmalara istinad edən
ekspert bildirir ki, əksər ibtidai sinif
müəllimləri heç də özləri tam məsuliyyəti dərk etmədən səthi olaraq uşaqlarla
çalışır: "Onlar ilk növbədə özləri tam vətənpərvər deyillər, həmin müəllimlər
öncə məktəbi, dövlətini, torpağını, flora və faunanı, ətraf aləmi dərindən özləri
sevməlidirlər ki, özlərində mövcud olan bu hissləri qarşısındakı şagirdlərinə də
ötürə bilsinlər. Bu hissləri öyrətməklə deyil, öz əməlləri ilə ötürməlidirlər. Ən
böyük uğur öz müsbət bilik və mükəmməl bacarıqlarını, xeyirli əməllərini gənc nəslə
ötürməkdir”.
İbtidai sinif müəllimlərinin dəyişməsinə gəlincə, ekspert hesab
edir ki, bu, tədris prosesinə heç bir mənfi təsir göstərə bilməz. Belə ki, nə qədər
çox müəllim fərqliliyi olsa, bir o qədər də şagirdlərin müxtəlif xarakterə və
öyrətmə metodikasına malik olan müəllimlərlə ünsiyyəti yaranar: "Çox köhnə
zamanlarda bir müəllim yalnız bir sinfə dərs deyərdi, bu da təbii ki, o dövrlərdə
müəllim qıtlğı ilə əlaqədar idi. Artıq
dövr dəyişib, bir–birindən savadına, bacarığına, metodiki fəaliyyətinə və mükəmməlliliyinə
görə fərqlənən müəllim ordusu var. Bu müəllim ordusu, xüsusilə də ibtidai
siniflərdə dərs deyənlərin uyğun fənlərə görə istisaslaşması, dərs deməsinin
heç bir ziyanı yoxdur. Əksinə, şagirdlərin daha dərin bilgilərə yiyələnməsi məhz
bilikləri müxtəlif müəllimlərdən almasından formalaşacaq”.
Ekspert valideynlərə
səslənərək öz dövrlərindəki təhsillə müasir dövrün təhsilini eyniləşdirməməyi,
hər il yeniliklər baş verdiyini və bundan sonra da olacağını bildirir: "Çünki
illər irəlilədikcə, təhsildə də müasirləşmə gedir. Bizlər də bu axının
qarşısını heç cür ala bilmərik, alsaq da özümüz ziyan çəkə bilərik. Ziyan ona
görə çəkərik ki, zəmanədən geri qala bilərik… Bizim şagirdlərimizin hərtərəfli
inkişafı və mükəmməlləşməsi üçün, uğura doğru getməsi üçün ibtidai sinifdə müxtəlif
müəllimlərdən dərs almasının böyük xeyri var. İdman dərsini idman müəlliminin
deməsinin, riyaziyyat, xarici dil, informatika, Azərbaycan dili, rəsm və digər
fənlərin daha da ixtisaslaşmış müəllimlər tərəfindən keçirilməsinin heç bir
ziyanı olmaz. Bu yanaşmanı valideynlər özləri dərindən dərk etməli, anlamalıdır”.
A.Həsrətin fikrincə, bu prosesin daha dərindən anlaşılması üçün məktəblərdə bu
məsələ ilə bağlı ciddi və düzgün maarifləndirmə işləri aparılmalıdır.
Ekspert hesab edir ki, şagirdin həmişə eyni müəllimdən
dərs alması daha dar çərçivənin yaranmasına səbəb ola bilər: "Əsas odur ki, şagirdlər
uşaq yaşlarından müxtəlif istiqamətli bilik əldə olunması üçün müxtəlif müəllimlərlə
üzləşsinlər. Bu zaman daha keyfiyyətli və daha dərin bilik qazana bilərlər”.
Yolverilməz vəziyyət
60 saylı Klassik
Gimnaziyanın ibtidai sinif müəllimi Ulduz Ocaqova isə ibtidai sinif müəlliminin dəyişdirilməsini
yolverilməz hesab edir. Yəni bu kimi dəyişiklik şagirdlərə ciddi təsir edə bilər:
"Belə vəziyyət uşaqların psixologiyasında iz qoyar. Çünki uşaq bir və ya iki il
ərzində bir müəllimə öyrəşdisə, həmin müəllim dəyişiləndə bu, uşağın
psixologiyasına mənfi təsir edər”. U.Ocaqova ibtidai sinif müəllimi kimi
çalışdığı 24 il ərzində əldə etdiyi təcrübəyə əsasən deyir ki, hətta sinifdə bir
uşaq yerini başqa məktəbə dəyişəndə bu ona psixoloji təsir edir: "Həmin şagirdə
digər müəllim nə qədər isti münasibət göstərsə də, o, əvvəlki sinif yoldaşlarını və müəllimlərini
daha əziz bilir. Düşdüyü mühitə hələm-hələm öyrəşə bilmir. Uşaq ikinci dəfə gələn
müəlliməyə alışmaqda çətinlik çəkir, depressiyaya düşür, aqressivləşir. Bəlkə gələn
müəllimə əvvəlki müəllimədən daha savadlıdır, metodikası güclüdür, ancaq bu, uşaqlar
üçün mənfi təsirdir”.
Psixoloqlar isə bu kimi halların uşağın şəxsi
keyfiyyətlərindən, psixoloji durumundan da asılı olduğunu bildirirlər. Yəni
uşaq var ki, duruma tez alışa bilər, uşaq da var ki, prosesi çətin yaşayar, ruh
düşkünlüyünə qapılar. Hərçənd sinif müəllimlərinin dəyişməsi tez-tez baş verən
proses deyil. Ən mühümü belə vəziyyətdə şagirdlərin digər müəllimin tədris
metodologiyasına həmişəlik yadlaşmaması, yeni müəllimə və onun yaratdığı mühitə
tezliklə alışmasıdır. Psixoloqların dediyi kimi: "Bu işdə valideynlərin də üzərinə
mühüm vəzifə düşür: özləri ilə bərabər övladlarını da ruh düşkünlüyündən xilas
etməli, dəyişikliyə alışmalı və qəbul etməli”.
Təranə Məhərrəmova