Monteneqronun xarici işlər naziri İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat naziri, Azərbaycan Respublikası
Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə
Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Monteneqro
Respublikasının xarici işlər naziri Srcan
Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin
Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və
keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Respublikası
Prezidentinin 2013-cü ildə Monteneqroya, Monteneqro Prezidentinin isə bir neçə
dəfə ölkəmizə səfər etdiyini vurğulayıb. Azərbaycan-Monteneqro arasında əlaqələrin
genişlənməsində Parlamentlərarası işçi qruplarının, Azərbaycan
Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə
Birgə Komissiyanın, Azərbaycan-Monteneqro İqtisadi və
Mədəni Əlaqələr üzrə Mərkəzin fəaliyyəti də önəmlidir. Bildirilib ki,
ölkələrimiz investisiya, ticarət, turizm, maliyyə sahələrində əməkdaşlıq edir.
Hökumətlərarası Komissiyanın 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti
iclasında bu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi
məsələləri müzakirə ediləcəkdir. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr barədə məlumat verib,
enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin
reallaşdırılması imkanlarını diqqətə çatdırıb.
Azərbaycan-Monteneqro əlaqələrindən danışan Monteneqro
Respublikasının xarici işlər naziri Srcan
Darmanoviç bu günlərdə açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun təkcə
region üçün deyil, beynəlxalq əhəmiyyətini vurğulayıb. Srcan Darmanoviç Azərbaycanın ölkəsinə ən çox investisiya yatıran
ölkələrdən olduğunu qeyd edib, enerji, kənd təsərrüfatı,
nəqliyyat və sənaye sahələrində əlaqələrin inkişafı üçün imkanların geniş
olduğunu bildirib.
Görüşdə həmçinin, Azərbaycan
Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə
Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə
dair fikir mübadiləsi aparılıb.