Milli Preventiv Qrup tərəfindən regionlarda başçəkmələr davam etdirilir

Milli Preventiv Qrup tərəfindən regionlarda başçəkmələr davam etdirilir

Təfsilat
08 Oktyabr 2019, 14:53 259
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Şəki Şəhər qarışıq tipli Uşaq evində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Başçəkmədə məqsəd müxtəlif yaş qurularından olan və bu müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
MPQ üzvlərinin, UNİCEF nümayəndəsinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti ilə bağlı müəssisənin yataq, dərs və asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxana və mətbəxinə, ərzaq anbarına, tibb otağına baxış keçirilmiş, ümumilikdə təminat vəziyyəti və müvafiq sənədləşmə araşdırılıb.
Müəssisədə rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında uşaqlarla, habelə müəssisə rəhbərliyi, psixoloq və müəllimlər, tibb işçiləri ilə fərdi söhbətlər və müsahibələr aparılıb, mövcud vəziyyət, sənədləşmə və uşaq hüquqlarının təmini vəziyyəti öyrənilib.
Yeni istifadəyə verilmiş və müvafiq avadanlıqlarla təchiz edilmiş müəssisənin saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilib.
Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi, təbliği və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.