Milli Aviasiya Akademiyasının tələbələri növbəti dəfə “CanSat” müsabiqəsində iştirak edib
Milli Aviasiya Akademiyasının nəzdində
yaradılan "NaaSAT” model peyk komandası Beynəlxalq "CanSat” (Model Peyk)
müsabiqəsində növbəti dəfə iştirak edib. Komandanın hazırladığı model peyk ABŞ,
Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Nepal və Türkiyənin qabaqcıl
universitetlərinin qatıldığı 87 komanda arasından seçilərək müsabiqənin son mərhələsinə
vəsiqə qazanıb. "NaaSAT” komandası peyk modellərinin ilkin (PDR-Preliminary
Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən
müvəffəqiyyətlə keçib. İlk ən yüksək nəticə göstərən 40 komanda sırasına düşən
"NaaSat” komandası finalda model peyki səmaya buraxmaq hüququ qazanıb.
Komanda 11 iyun 2017-cı il
tarixində ABŞ-ın Texas ştatında keçirilən
və müsabiqənin növbəti turu olan uçuş mərhələsində iştirak edib. Bu mərhələdə
peyk modeli səmaya buraxılıb və proqramda nəzərdə tutulduğu kimi uğurlu siqnal – telemetriya qəbul edilib. Ölkəmizin
ikinci dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, "NaaSAT” komandası, hətta
ABŞ, İtaliya, Nepal, Hindistan və Kanadanın bir sıra universitetlərinin təcrübəli
komandalarını, həmçinin Polşanın ötənilki qalib
komandasını geridə qoyaraq yarışmada 13-cü yerə layiq görülüb.
Beləliklə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi "Azərkosmos” ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin
reallaşdırdığı növbəti model peyk layihəsi uğurla sona çatıb.
Bu da öz növbəsində, "Azərkosmos” və Milli Aviasiya
Akademiyası timsalında elm-təhsil müəssisəsinin kommersiya müəssisəsi ilə
uğurlu əməkdaşlığının bariz nümunəsi olub. Qeyd edək ki, model peykin ölkəmizdə
istehsalı və yarışmaya qatılması son illərdə Azərbaycanda sürətlə formalaşan
qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kosmik sənayenin uğurlu layihələrindəndir. "CanSat” layihəsində iştirak etmək gələcəkdə
nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə
hazırlanması üçün əhəmiyyətli təcrübəni daha da təkmilləşdirmiş olub.
Xatırladaq ki,Milli Aviasiya Mərkəzi 15 iyun
1992-ci ildə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzdində
yaradılıb. Mərkəz Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli 81 saylı qərarı
ilə Milli Aviasiya Akademiyası (MAA) adlandırılıb. MAA-da Hava nəqliyyatı,
Aerokosmik, Nəqliyyat texnologiyaları, Fizika-texnologiya, İqtisadiyyat və
hüquq fakültələri fəaliyyət göstərir. Akademiyanın ən müasir avadanlıqlarla,
ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriyalarla, kitabxanalarla təchiz
olunmuş beş tədris korpusu, müasir trenajor mərkəzi, idman kompleksi, təcrübə-sınaq
istehsalat sahəsi, otel kompleksi, tələbə şəhərciyi vardır. İxtisaslaşdırılmış
siniflər və auditoriyalar multimedia avadanlığı, tədrisə və biliyə nəzarətin
texniki vasitələri ilə təchiz olunub.
Onu da əlavə edək ki,Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos” ASC
telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk
xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos”
tərəfindən idarə edilən "Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində
yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə
edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü
36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.
2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos” sayca ikinci, təyinatına görə
yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan
"Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri
də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə
başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər
spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos” 2018-ci ildə
ikinci telekommunikasiya peyki "Azerspace-2”-ni 45° şərq uzunluğu orbital
mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə
etməyi planlaşdırır. Daha ətraflı məlumatı "www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.
Qeyd edək ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş Beynəlxalq
"CanSat” müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu,
(AIAA) eləcə də, kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən
etibarən hər il keçirilir.