Mərkəzi Bankın valyuta ehtiyatları artır
Mərkəzi Bank martın sonuna rəsmi valyuta
ehtiyatları artıb. Belə ki, aprelin 1-ə olan rəsmi məlumata görə, valyuta
ehtiyatlarının həcmi 4 432,7 milyon dollara çatıb.Martın 1-dək bu göstərici4
369,3 milyon dollar olub. Bu, aprelin 1-i ilə müqayisədə 63,4 milyon dollar
azdır.
İlin əvvəli ilə müqayisədə isə Mərkəzi Bankın
valyuta ehtiyatları 458,3 milyon dollar və yaxud 11,5% artıb.Bəs bu
artımı hansı iqtisadi proseslərə bağlaya bilərik? Bunun hansı təsirləri olacaq?
Ümumiyyətlə, bu, davamlı bir artım olacaqmı?
İqtisadçı
alim Vüqar Bayramov"Kaspi”yə açıqlamasında bildirdi ki, Mərkəzi Bankın bir ildən çox müddətdə
bazara dollar intervensiya etməməsi valyuta ehtiyatlarını artırmağa, qoruyub
saxlamağa imkan verir: "Əgər əvvəlki dövrlərdə Mərkəzi Bank dollara yüksək tələbi
ödəmək üçün daimi olaraq intervensiya edərək dolların bir hissəsini bazara
çıxarıb satmaqla manatın məzənnəsinin qorunub saxlanmağa və ya kəskin aşağı
düşməsinin qarşısını almağa çalışırdısa, indi intervensiyaya getmir. Hərraclara
Dövlət Neft Fondu çıxır. Fondun hərraclara çıxardığı valyuta Mərkəzi Bankın
valyuta ehtiyatlarını qoruyub saxlamasına imkan verir”.
V.Bayramov deyir ki, eyni zamanda Mərkəzi Banka
Dövlət Neft Fondundan 2017-ci ildə 7,5 milyard manat vəsait transfer olunacaq və
güman olunur ki, həmin vəsaitlər artıq hərraclara çıxarılmayacaq: "Mərkəzi Bank
həmin vəsaitləri öz öhdəliklərini yerinə yetirmək üçün istifadə etməyə
çalışacaq. Nəticədə 2017-ci ildə valyuta ehtiyatları baxımından Mərkəzi Bankın
kifayət qədər manevr imkanları var. Dollara tələb əvvəlki dövlərlə müqayisədə
yüksək deyil. Buna görə də Mərkəzi Bankın intervensiyasına ehtiyac yoxdur. Eyni
zamanda, Mərkəzi Bank bu kontekstdən öz valyuta ehtiyatlarını artıra bilir”.
İqtisadçının sözlərinə görə, Neft Fondundan transertlər
2017-ci ildə Mərkəzi Bank üçün bir növ sığorta yastığının formalaşmasına gətirib
çıxara bilər: "Çünki Neft Fondundan kifayət qədər böyük məbləğ transfer ediləcək.
Mərkəzi Bank bir çox öhdəliklər üçün həmin vəsaitləri yerinə yetirəcək. Təbii
ki ölkənin müxtəlif öhdəlikləri də var, Beynəlxalq Bankın sağlamlaşdırılması da
və s. Mərkəzi Bank öz valyuta ehtiyatlarından deyil, transfertdən istifadə etməklə
valyuta ehtiyatlarına qənaət edə biləcək. Bu da təbii ki, Mərkəzi Bank üçün
kifayət qədər vacibdir. Ona görə mövcud proseslər və hərraclarda Dövlət Neft
Fondunun satışları hesabına tələbin ödənilməsinin mümkünlüyü Mərkəzi Banka
valyuta ehtiyatlarını qoruyub saxlamağa, müəyyən mərhələdə artımlara nail
olmağa imkan verir”.
V.Bayramov hesab edir ki, Mərkəzi Bankın valyuta
ehtiyatlarının qorunub saxlanması ən azı valyuta bazarına psixoloji təsir göstərir:
"Bu o deməkdir ki, dollara tələb azalıb. Dollara tələbin azalması kifayət qədər
ciddi məqamdır. Deməli, Mərkəzi Bank Dövlət Neft Fondunun vəsaitləri hesabına
dollara tələbi ödəyə bilir və intervensiya etmir. İntervensiya etməməsi isə Mərkəzi
Bankın valyuta ehtiyatlarını manatın məzənnəsini qoruyub saxlamaq üçün istifadə
etməməsi anlamına gəlir. Ümumiyyətlə, valyuta bazarı, manat-dollar məzənnəsinin
optimallaşması və Mərkəzi Bankın intervensiyanı minimumlaşdırması baxımından
valyuta ehtiyatlarının artması müsbət məqamdır”.
Qarşıdakı dövrdə dollara tələbin artıb-artmamasına
gəlincə, iqtisadçı bildirdi ki, bu, birbaşa dövlətin investisiya xərclərindən
asılı olacaq: "Çünki Mərkəzi Bank valyuta hərracları vasitəsilə manatın bir
hissəsini dövriyyədən yığır. Milli valyuta ilə bağlı bir qıtlıq var. Mərkəzi
Bankın depozit hərracları dövriyyədə manatın həcminin azalmasına gətirib
çıxarır ki, bu da tələbin azalmasına səbəb olub. O baxımdan, investisiya xərcləmələri
artarsa, büdcədən bu istiqamətə daha çox vəsait ayrılarsa, dollara tələb də
arta bilər. Mərkəzi Bankın depozit hərraclarını davam etdirdiyini nəzərə alsaq,
növbəti dövrdə birmənalı şəkildə dollara olan tələb dövlət büdcəsindən
investisiya istiqamətdə ayrılan vəsaitlərin həcmindən asılı olacaq”.
V.Bayramov onu da bildirdi ki, Mərkəzi Bankın
valyuta ehtiyatlarının həcmində yenidən artımın olub-olmayacağı dollara olan tələbatdan
asılı olacaq: "Mərkəzi Bank mövcud resurslarla həm ehtiyatlarını qoruyub
saxlayarsa, həm də intervensiyanın həcmi azalarsa, bu zaman valyuta
ehtiyatlarının növbəti dövrdə də artması mümkündür. Dollara olan tələbin necə dəyişməsi
Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminin necə dəyişməsini müəyyənləşdirəcək”.
Maliyyə
bazarları üzrə ekspert Cəfər İbrahimli deyir ki, indiki vəziyyətdə manatın bir az dövriyyədən
çəkilməsi və büdcə xərcləmələrinin azaldılması dollara olan tələbi azaldıb. Mərkəzi
Bankın valyuta ehtiyatlarının bir az artmış kimi görünməsi isə bunun fonunda
ola bilər: "İlin əvvəlindən etibarən Mərkəzi Bank tərəfindən sərt pul siyasətinin
davam etdirilməsi, MB və Maliyyə Nazirliyinin manat istiqrazları üzrə yüksək
illik gəlirlilik təqdim edir. Dollara bağlı maliyyə alətlərinin cari ildə də illik gəlirlilik
dərəcəsinin aşağı olduğu müşahidə olunur. İndiki situasiyada manatın bir az
dövriyyədən çəkilməsi istər-istəməz dollara olan tələbi azaldır. Bankların
maliyyə vəziyyəti ilə bağlı ilin əvvəlindəki rəqəmlərə baxsaq görünür ki, ciddi
həcmdə dollarlaşma varıydı. İndiki vəziyyətdə banklar bu şəkildə bazarda manata
olan tələblərini qarşılamaq üçün bu və ya digər şəkildə artıq dollarlarını
satacaqları gözlənilirdi. İndilik birinci rübdə tendensiya belə gedirdi ki,
banklar manat ehtiyacını qarşılamaq üçün valyuta satışı edirlər. Ehtiyac
yarandıqca yəqin ki Mərkəzi Bank bu valyutaların az da olsa bir hissəsini geri
alır. İndiki proses belə görünür. Mərkəzi Bankın valyuta ehtiyatlarının bir az
artmış kimi görünməsi məncə, buradan qaynaqlana bilər”. C.İbrahimli hesab edir
ki, artımın digər səbəbi isə Dövlət Neft Fondundan transfert edilməsi
planlaşdırılan 4 milyard dolların müəyyən hissəsinin Mərkəzi Banka ötürülməsi ola
bilər. "Hesab edirəm ki, o vəsaitin bir hissəsini rüblər və yaxud dönəmlər üzrə
Neft Fondu Mərkəzi Banka ötürür. İndiki situasiyada bazardan daha çox vəsaitin
Mərkəzi Bankın ehtiyac olduqca alma ehtimalı hələ ki güclü görünür. Çünki
kursda ciddi dəyişiklik yoxdur, bankların manata ehtiyacı olduğu müşahidə
olunur”.
Aygün