• şənbə, 27 Aprel, 05:38
  • Baku Bakı 14°C

MDB ölkələri koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər

23.04.20 09:30 530
MDB ölkələri koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər
Rusiya taun əleyhinə elmi-tədqiqat institutu "Mikrob”un bazasında Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ərazilərinin xüsusi təhlükəli xəstəliklərin gətirilməsindən və yayılmasından sanitariya mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib.
AZƏRTACMDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda Əlaqələndirmə Şurasının üzvləri, MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələri və diplomatlar, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, ÜST-nin Avropa Regional Bürosunun ekspertləri və MDB İcraiyyə Komitəsinin təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları yeni koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri sahəsində təcrübə və informasiya mübadiləsi aparıb, dünyada və MDB məkanında COVID-19-a dair vəziyyəti müzakirə ediblər.
Qeyd edilib ki, Əlaqələndirmə Şurasının əvvəlki iclasından ötən bir ay ərzində istər dünyada, istərsə də MDB ölkələrində COVID-19-la bağlı epidemik prosesin inkişafında mənfi dinamika müşahidə edilib. Dünyada yoluxma hallarının ümumi sayı artaraq 2,5 milyondan çox olub, 172 mindən artıq insan dünyasını dəyişib.
İclas iştirakçıları qeyd ediblər ki, MDB dövlətləri bir-biri ilə daim sıx əlaqə saxlayır, COVID-19-a qarşı mübarizədə öz ölkələrinin təcrübəsini bölüşürlər. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı mübarizədə birləşdirici rolunun, virusun qlobal və regional səviyyələrdə yayılmasının qarşısının alınması məsələlərində MDB ölkələri ilə ÜST-nin Avropa Regional Bürosu ekspertlərinin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Yaranmış vəziyyətdə MDB ölkələri arasında koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstələrlə bağlı distant konsultasiyalar vermək imkanından istifadə edilir, COVID-19-un diaqnostikası üçün test sistemlərinin işlənib hazırlanmasına, o cümlədən bu istiqamətdə hərtərəfli qarşılıqlı humanitar fəaliyyətə, səhiyyə mütəxəssisləri üçün milli tövsiyələrə, Birliyin tibb mütəxəssisləri üçün açıq istifadədə olan distant təhsil modullarına dair informasiya mübadiləsi aparılır.
ÜST-nin Avropa Bürosunun ekspertləri qeyd ediblər ki, MDB-nin iştirakçısı olan dövlətlər yeni koronavirus infeksiyasına qarşı mübarizəyə dair bütün tədbirləri görürlər. Bu, şübhəsiz ki, Birlik məkanında pandemiyanın yayılmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.
MDB ölkələrinin ekspertləri çoxillik əməkdaşlıq ənənələrinə əsaslanaraq, bundan sonra da yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərmək niyyətindədirlər.
MDB məkanında COVID-19-la bağlı vəziyyətin və görülən tədbirlərin nəticələrinin müzakirəsi məqsədilə Əlaqələndirmə Şurasının növbəti iclasını bu ilin mayında videokonfrans şəklində keçirmək qərara alınıb.
banner

Oxşar Xəbərlər